Məhkəmə qərarları › İş №3(011)-1092/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1092/2020

28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1092/2020 28.07.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nailə Namiq qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin polis sahə inspektoru Soltanov Davud Rövşən oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası, Kalinino rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 mənzil 64 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Mirzə Davud küçəsində sanitariya-gigiyena və karantin rejimini pozmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin polis sahə inspektoru Soltanov Davud Rövşən oğlu tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Soltanov Davud Rövşən oğlu protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 211.1-ci maddəsi nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx xxxx 2020-ci il tarixli protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, barəsində tərtib edilmiş protokolla razı deyil. O, karantin rejimini pozmamışdır. Onu polis qanunsuz olaraq saxlayaraq polis bölməsinə gətirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyindən barəsində inzibati xəta törətməsi ilə bağlı protokol tərtib edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» xx xxxx 2020-ci il tarixli və «Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə» xx xxx 2020-ci il tarixli qərarlarının tələblərini pozaraq, yəni yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS və “E-Təbib” mobil tətbiqi vasitəsilə 2 saatadək müddətə verilən icazə almalı olduğu halda belə icazə almadan, həmçinin insanlar arasında sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməsinin mütləq olduğu halda, bu tələblərə riayət etməyərək xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Mirzə Davud küçəsində müəyyən olunmuş qaydaları pozub, sosial məsafəni gözləmədən piyada olaraq sərbəst hərəkət edib karantin rejimini pozmuşdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi inzibati xəta iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «27» iyul 2020-ci il tarixdən saat 18:30-da protokol tərtib etmək üçün Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni «27» iyul 2020-ci il tarixdən saat 18:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «27» iyul 2020-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar