Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1093/2023 06.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Oba” marketdən ümumi dəyəri 460 manat olan yağ məhsullarını gizli olaraq talamışdır. Bu barədə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi tərəfindən 06 mart 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmədiyi üçün pula ehtiyyacı yaranmışdır. Bu səbəblə xx.xx.2023-cü il tarixdə Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən “Oba” marketdən 3-4 ədəd yağ oğurlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə həmin mağazadan yenidən 4-5 ədəd yağı götürərək çıxıb getmişdir. Yenidən oğurluq etmək üçün mağazaya qayıtdıqda orada olan işçilər tərəfindən saxlanılaraq polisə xəbər verilmiş və o, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə aparılmışdır. Beləliklə o, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3 xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamuvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuş və onun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin aidiyyəti əməkdaşa verilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Oba” marketdən ümumi dəyəri 460 manat olan yağ məhsullarını gizli olaraq taladığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinə əsasən protokol tərtib edilmişdir; inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardaddan görünür ki, X1 müraciəti əsasında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və inzibati araşdırma aparılmışdır; 05 mart 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin tarixdə saat 23:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni «05» mart 2023-cü il tarixdən, saat 23:40-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «05» mart 2023-cü il tarixdən, saat 23:40-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1093/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1093/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver