Məhkəmə qərarları › İş №3(011)-1093/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1093/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1093/2024 02.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən, 20 dekabr 2023-cü il tarixində saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında yerləşən “Marin Group” şirkətinə məxsus “ünvan 2dan taxta parçasının düşərək vətəndaş X3 dəyməsi nəticəsində sonuncu baş-beyin silkələnməsi, başın sol alın-təpə nahiyəsinin azilmiş yarası, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları xəsarətləri almışdır. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən "Xəzər Evləri" lahiyəsinin icraçısı "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə fiziki şəxs kimi podrat müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən o, yenitikilən binada beton işləri, qəlib işləri və s. digər işləri ustalarla birgə görür. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həmin ərazidə güclü külək əsdiyindən heç bir təmir işinin aparılması mümkün olmamışdır. Təmir işləri dayanan zaman podrat müqaviləsi ilə öhdəliyinə düşən təhlükəsizlik tədbirlərini görərək kiminsə özbaşına təmirə davam etməsinə icazə vermədiyini bildirmişdir. Belə ki, həmin günlərdə də heç kim binada təmir işi görmürmüş. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin işçiləri xx.xx.2023-cü il tarixdə bir qadının başına taxta düşdüyünü və həmin qadının deməsinə görə taxtanın təmir işlərini gördükləri hündürmərtəbəli binadan düşdüyünü bildirmişlər. O, həmin qadının başına taxtanın haradan düşməsi ilə bağlı hər hansı məlumatının olmadığını, MMC ilə aralarında bağlanan podrat müqaviləsinə əsasən təhlükəsizlik tədbirlərinin təmin olunması və hər hansı üçüncü şəxsə dəymiş ziyana görə məsuliyyətin onun üzərində olduğunu bildirmişdir. Bununla belə zərərçəkmişin tibbi xərcləri üçün bəzi ödənişlər onların tərəfindən həyata keçirilmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, tikintidə beton işi ilə məşğul olur və işçilərə nəzarət edir. Qrup rəhbəri kimi müqavilə ilə işləyir. Təhlükəsizliyə o cavabdehdir. Hadisə günü orada olmamışdır, şirkət fəhlələri orada olub, lakin onların işçiləri orada olmayıblar. 18 dekabrda işləyiblər, lakin 19-20 dekabrda küləkli hava olduğu üçün işləməyiblər. Həmçinin bildirir ki, ekspertiza rəyi ilə razıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, o, 2023-cü ilin dekabr ayının 20-də saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 99 ünvanında yerləşən binanın yaxınlığından küçə ilə avtobus dayanacağına doğru gedərkən, həmin binanın yanında tikilməkdə olan adını bilmədiyi MTK-nın yuxarı mərtəbəsindən taxta parçası onun üstünə düşmüşdür. Nəticədə baş, boyun və bədəninin digər nahiyələrindən xəsarət almışdır. Hadisə baş verdikdən sonra ətrafdakı insanlar tərəfindən təcili tibbi yardım çağırılmışdır. Təcili tibbi yardım gəldikdən sonra hadisə yerində vəziyyətinin ağır olduğunu gördükdən sonra başında yaranmış xəsarətin təsirindən qanaxma kəsmədiyindən təcili olaraq Bakı şəhəri 3 saylı Şəhər klinik xəstəxanasına çatdırılmışdır. Həmin xəstəxanada sol alın-təpə nahiyəsinə tikiş vurulduqdan sonra vəziyyətinin ağır olması səbəbindən təcili tibbi yardım avtomobili ilə müayinələrdən keçmək üçün Bakı şəhəri 1 saylı şəhər klinik xəstəxanasına və Bakı Sağlamlıq mərkəzinə aparılmışdır. Xəsarət aldığı yerdə ətrafda olan insanlar tərəfindən binada işləyən və yuxarıdan hadisə yerinə baxan fəhlələrə öz müdüriyyətlərinə xəbər verilməsi tələb edilsə də, həmin fəhlələr onun qan içində olduğunu gördükdən sonra qaçıb gizlənmişlər və heç kimə məlumat verməmişlər. Ətrafda olan tanımadığı insanlar sonradan MTK-nın ofisinə yaxınlaşaraq bu barədə məlumat vermişlər, bundan sonra bir nəfər özünü ofisin işçisi kimi təqdim edərək ona yaxınlaşmış və şirkət tərəfindən ona köməklik ediləcəyini bildirmişdir. Lakin şirkət tərəfindən nə onun müalicəsi, nə də sağlamlığı barədə maraqlanan olmamışdır. Yıxılarkən əynində olan şalvarın diz nahiyyəsi də cırılmışdır. O, iki binanın arasında olan ümumi küçə ilə hərəkət etdiyi zaman hadisə baş vermişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, həmin gün dayısı qızıgilə qonaq gedirdi. Yol ilə getdiyi yerdə başına taxta düşmüşdür. Beyni silkələnib, paltarları cırılıb, sırğası itib. Yıxılanda zərbədən dizi də zədələnmişdir. 3 aydır ki, hələ də tam sağala bilmir. Fəhlələr ona kömək etməyib. Sonradan ofisdən bir adam çağırdılar. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərardan görünür ki, fiziki şəxs Şəxs (FİN: xxxxxxx) xx.xx.1985-ci ildə Qazax rayonu, Orta Salahlı kəndində anadan olmuş, AR vətəndaşı, azərbaycanlı, evli, Bakı şəhəri, ünvan 4 ünvanında yaşayan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X6 şəxsin 97 nömrəli ekspert rəyində göstərilmişdir ki, "vət. X1 məhkəmə-tibbi ekspertizasına və adına tərtib edilmiş tibbi sənədlərə əsasən hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun aşağıdakı nəticəyə gəlinmişdir: 1.Vət. X2 baş-beyin silkələnməsi, başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. 2. Vət. X2 müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özüözünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/1475 nömrəli ekspert rəyində göstərilmişdir ki, "Xətai rayonu, Gəncə prospekti 99 ünvanında tikilməkdə olan 11 mərtəbəli binada konstruksiyaların dayanıqlı vəziyyətdə bərkidilməsinin təmin olunmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Qərarın birinci, ikinci və dördüncü sualları üzrə: Baş vermiş hadisə ilə əlaqədar "Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları"nın 12.12 bəndinin tələbləri pozulmuşdur. Xətai rayonu, Gəncə prospekti 99 ünvanında yerləşən tikilməkdə olan 11 mərtəbəli binada konstruksiyaların dayanıqlı vəziyyətdə bərkidilməsi təmin edilmədiyinə görə, "Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarının 12.12 bəndinin tələbləri iş materiallarında olan xx.xx.2023-cü il tarixli 14 07/23 nömrəli müqaviləyə əsasən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə lazımi tədbirlərin cavabdehliyi üzərinə götürmüş (podratçı) fiziki şəxs Şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəbi nəzərə aldıqda, zərərçəkmiş şəxs tərəfindən texniki təhlükəsizlik qaydalarının və ya əməyin mühafizəsinə dair təlimatların tələblərinin pozulması halı müəyyən edilmir." Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən pozulması nəticəsində 20 dekabr 2023-cü il tarixində saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında yerləşən “Marin Group” şirkətinə məxsus “ünvan 2dan taxta parçasının düşərək vətəndaş X3 dəyməsi nəticəsində sonuncu baş-beyin silkələnməsi, başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları xəsarətləri almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar