Məhkəmə qərarları › İş №3(011)-1093/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1093/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1093/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, X1 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati qərarın qanunsuzluğunu təsdiq edərək ləğv edilməsi, avtomobilimin əsassız olaraq cərimə meydançasında saxlanılmasının qanunsuzluğunun təsdiq edilməsi, avtomobilin dərhal ona təhvil verilməsinin təmin edilməsi, şikayətçinin hüquqlarının pozulması ilə bağlı ona vurulan maddi və mənəvi ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 14 yanvar 2025-ci il tarixində Yol Patrul Xidməti tərəfindən X3 idarə etdiyi “Chevrolet Camaro” minik markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlanılmış, cərimə meydançasına yerləşdirilmiş və şikayətçi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə əsassız inzibati qərar çıxarılmışdır. Həmin qərarda avtomobildə konstruksiyanın dəyişdirilməsi iddia edilmiş və bu səbəbdən ona 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Hesab edir ki, bu qərar hüquqi baxımdan əsassızdır, çünki avtomobildə hər hansı konstruksiya dəyişdirilməsi və ya texniki nasazlıq haqqında ekspert rəyi mövcud deyil. Avtomobilin saxlanılmasının və cərimə meydançasında saxlanılaraq ona təhvil verilməməsinin hüquqi əsası yoxdur. Məhkəmə iclasında izahat verən X2 bildirmişdir ki, onun avtomobili yol polisi əməkdaşları tərəfindən saxlanılarkən ona avtomobilin üzərində yazı olması bildirilmişdir. O, yazının avtomobilin üzərindən çıxarıla biləcəyini bildirmiş və dərhal sonra yazını avtomobilin üzərindən çıxarmışdır. Daha sonra DYP əməkdaşları ona avtomobilin baqajının üzərində yerləşən qurğunun konstruksiya pozuntusu olduğu bildirilərək ona cərimə yazılmışdır. Şikayətçi məhkəməyə izahat verərkən avtomobili ilə bağlı internet resurslarından əldə edilmiş fotoşəkil və məlumatları təqdim edərək göstərmişdir ki, 2016- 2024-cü illər aralığında istehsal olunan eyni modelli avtomobillərin baqaj hissəsinin üzərində eyni qurğu mövcud olmuş və o, avtomobilin üzərində sonradan hər hansı konstruksiya dəyişikliyi icra etməmişdir. Eyni zamanda şikayətçi bildirmişdir ki, avtomobili cərimə meydançasındadır, lakin buna dəlalət edən aktı aidiyyəti qurumdan ala bilmədiyi üçün təqdim edə bilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X4 DİN Baş Dövlət Yol Polis İdarəsinin 14 yanvar 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ilə 12 yanvar 2025-ci il tarixində 16:15-də “Chevrolet Camaro” minik markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, DİN Baş Dövlət Yol Polis İdarəsinin 14 yanvar 2025-ci il tarixli TP ******* saylı qərarın qəbuluna əsas olan hal şikayətçinin avtomobilində quraşdırılmış konstruksiyanın nasaz vəziyyətdə olması və bu nasazlığın aradan qaldırılmasının mümkün olmaması olmuşdur. Araşdırma zamanı nasazlığın nədən ibarət olması, qərarın qəbuluna əsas olmuş halların nədən ibarət olması aşkar edilməmişdir. Məhkəmə iclasında şikayətçi qərarın verilməsinə əsas avtomobilin baqaj hissəsində yerləşən qurğunun olmasını göstərsə də bu halı da təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nə qədər ki, konstruksiyanın nasaz vəziyyətdə olması və bu nasazlığın aradan qaldırılmasının mümkün olmaması qərarda əsaslandırılmamışdır, məhkəmə hesab edir ki, qərar ləğv edilməli və icraata xitam verilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, avtomobilin baqaj hissəsinin üzərində yerləşən qurğu konstruksiyanın dəyişikliyi kimi qiymətləndirilə bilməz. Belə ki, internet resurslarından əldə edilmiş məlumatlardan görünür ki, istinad edilən avtomobil sport model avtomobillər sırasına aid olmaqla, istehsalçının ilkin buraxılış modellərinin hamısından əksini tapır. Məhkəmə şikayətin avtomobilimin əsassız olaraq cərimə meydançasında saxlanılmasının qanunsuzluğunun təsdiq edilməsi, avtomobilin dərhal ona təhvil verilməsinin təmin edilməsi, şikayətçinin hüquqlarının pozulması ilə bağlı ona vurulan maddi və mənəvi ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi hissələrinə münasibətdə qeyd edir ki, şikayət bu hissədə təmin edilə bilməz. Belə ki, şikayətçi avtomobilinin cərimə meydançasına yerləşdirilməsi, ona ziyan vurulmasına dair hər hansı sübut təqdim etməmiş, bu hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, DİN Baş Dövlət Yol Polis İdarəsinin 14 yanvar 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X3 verdiyi şikayəti təmin edilməli, barəsində DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. DİN Baş Dövlət Yol Polis İdarəsinin 14 yanvar 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar