Məhkəmə qərarları › İş №3(011)-11000/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11000/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11000/2025 22.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 25 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən hüquqi şəxs Şəxs MMC-dən 3-17-5/2-93073/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlər xx.xx.2025-ci il tarixinədək təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndələri gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Ramil Soltanov “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, Şəxs MMC şirkəti olaraq uzun müddətdir fəaliyyət göstərir. Şirkət fəaliyyət göstərdiyi dövrdə bütün vergiləri və digər icbari ödənişləri nümunəvi sahibkarlıq subyekti kimi vaxtı vaxtında ödəyir. Bu günədək hər hansı bir dövlət orqanları ilə problem yaşanmamışdır. Fəaliyyətləri dövründə xeyli sayda işçiləri olmuşdur və onlarında qanunvericiliyin tələblərinə müvafiq olaraq bütün sosial ödənişləri təmin olunmuşdur və hər biri ilə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışdır. 2025-ci ilin dekabr ayında şirkətin mail ünvanına elektron məhkəmə alt sistemindən məhkəməyə çağırış bildirişi gəlmişdir və onlara məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən 25 noyabr 2025-ci il tarixli İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə MN ******* saylı protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qanunsuz tərtib etdiyi protokol onunla əsaslandırılmışdır ki, guya onlara 3-17-5/2-93073/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir və sənədlər tələb olunmuşdur. Tərəflərindən bu məsələ ilə bağlı ətraflı araşdırma aparılmışdır və müəyyən olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsi qeyd olunan məktubu onların Xətaidə yerləşən qeydiyyat ünvanlarına göndərmişdir. Halbuki, onlarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti arasından dəfələrlə çoxsaylı yazışmalar aparılmışdır ki, onlar orda yazışmaların aparıldığı faktiki ünvanlarını qeyd etmişlər və onlar bundan xəbərdardırlar. Yəni sənədlərin bilərək tələb olunması ilə bağlı məktubun onların faktiki olaraq olmadıqları ünvana göndərilməsi nəticəsində lazımi sənədləri təqdim etməli olduqlarından xəbərdar olmamışlar. Onu da qeyd etmək lazımdır ki, X2 Şəxsnə qarşı əmək mübahisəsinə dair iddiasına Xətai Rayon Məhkəməsində hakim Əminə Abbasovanın icraatında baxılmış, bununla bağlı yekun məhkəmə aktı qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə yekun məhkəmə aktı məlumat üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə göndərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən hər hansı araşdırma aparmadan qanunsuz olaraq barələrində 25 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Qeyd olunanlardan açıq-aydın görünür ki, tərəflərindən hər-hansı inzibati hüquq pozuntusuna yol verilməmişdir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qeyri-obyektiv araşdırma aparılaraq əsassız olaraq protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsinə əsaslanaraq tərtib edilən 25 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokolla başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X4 tərəfindən tərtib edilmiş 25 noyabr 2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən hüquqi şəxs Şəxs MMC-dən 3-17-5/2-93073/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlər xx.xx.2025-ci il tarixinədək təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 3-17-5/2- 93073/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 müraciətinə əsasən əmək müqaviləsinin surətinin (elektron əmək müqaviləsi olmadığı təqdirdə), kollektiv müqavilənin (olduğu təqdirdə), əmək müqaviləsinə xitam verildiyi təqdirdə, xitam verilməsinə verilməsinə dair müvafiq sənədlərin (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, X1 müraciət və HİT-nın razılığı), son haqq hesabın hesablanması və ödənilməsinə dair müvafiq sənədlərin surətinin, əmək haqqının hesablanması və ödənilməsinə dair müvafiq sənədlərin surətinin (son on iki ay), məzuniyyət haqqının hesablanması və ödənilməsini təsdiqləyən müvafiq sənədlərin surətinin, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubun təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Аzərbаycаn Respublikasının İnzibati Xətаlаr Məcəlləsinin 539.3-cü maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs bu inzibati xətaya görə ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğundan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquqpozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində şərti olaraq 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozmalar aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar