Məhkəmə qərarları › İş №3(011)-111/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-111/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-111/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, X3 iştirakı ilə, X1 Bakı Şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər BPİ-nin X7 İdarəsinin 21.12.24-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, barəmdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 09 oktyabr 2024-cü il tarixində mobil telefonuna Xətai rayon Polis idarəsinin bir əməkdaşı tərəfindən zəng gəldi. Zəng edən əməkdaş onun 16 sentyabr 2024-cü il tarixində yol hərəkəti qaydasını pozduğunu, bu halın foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alındığını və bununla əlaqədar Xətai Rayon Polis İdarəsinə dəvət olunduğunu bildirdi. 18 oktyabr 2024-cü il tarixində isə, bu dəfə Bakı Şəhər BPİ DYPİ YNHŞ-nin inspektoru, polis kapitanı Azadi Hüseynzadə tərəfindən ünvanına S-27 C nömrəli bildiriş daxil oldu. Bildirişdə polis kapitanı Azadi Hüseynzadə, tərəfindən 16 sentyabr 2024-cü il tarixində yol hərəkəti qaydasını pozduğuna dair icraatına videogörüntü daxil olduğunu və bununla əlaqədar olaraq Bakı Şəhəri Baş Polis idarəsi X7 İdarəsinin 103 nömrəli otağına gəlməyini xahiş etdi. Daha sonra isə 22 oktyabr 2024-cü il tarixində barəsində İXP6614261 saylı protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb olundu. Bununla bağlı olaraq Xətai rayon Məhkəməsinə etdiyi şikayətə məhkəmədə baxılaraq xx.xx.2024-cii il tarixli, № 3(011)-5 880/2024 saylı qərarla Bakı şəhər BPİ-nin X7 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olundu və iş yenidən baxılması üçün aidiyyəti üzrə göndərildi. Bakı şəhər BPİ-nin X7 İdarəsində işə yenidən baxılaraq 21.12.24-cü İl tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla inzibati cərimə qüvvədə saxlanılmışdır. Bu qərar qanunsuz və əsassızdır. İş üzrə icraat zamanı qanunvericiliyin bütün tələbləri kobud şəkildə pozulmuşdur. TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda faktlar saxtalaşdırılmışdır. Belə ki, qeyd olunan qərarda polis kapitanı Azadi Hüseynzadə tərəfindən xx.xx.2024-cü il tarixində İXP6614261 saylı inzibati xəta haqqında protokol tərtib olunduğu qeyd edilir. Halbuki, 18 oktyabr 2024-cü il tarixində Bakı Şəhər BPİ DYPİ YNHŞ-nin inspektoru, polis kapitanı Azadi Hüseynzadə tərəfindən ünvana göndərilən S-27 C nömrəli bildirişdə, polis kapitanı aydın şəkildə çağırışa getməyəcəyi təqdirdə barəsində inzibati tənbeh etmə haqqında protokol tərtib olunacağını qeyd edir. Yəni bildirişdən aydın şəkildə görsənir ki, 18.10.24-cü il tarixinə qədər polis kapitanı tərəfindən barəsində hər hansı protokol tərtib olunmamışdır. TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda isə inzibati xəta haqqında protokolun 16.09.24-cü il tarixində tərtib edildiyi göstərilir. Bu isə aşkar şəkildə işin faktiki hallarının saxtalaşdırılması deməkdir. Polis kapitanının onu bildirişlə Bakı Şəhəri Baş Polis idarəsi X7 İdarəsinin 103 nömrəli otağına çağırması bir başqa kobud qanun pozuntusudur. Polis əməkdaşının bildirişdə, foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alındığını iddia etdiyi pozunutuya görə barəsində inzibati tənbeh tətbiq etmə haqqında protokol tərtib ediləcəyi ilə bağlı xəbərdarlığı isə bu əməkdaşın savadsızlığının və ümumiyyətlə qanunvericilikdən anlayışının olmamasının göstəricisidir. Mövcud vəziyyətdə isə, polis kapitanı özü də göndərdiyi bildirişdə açıq aşkar şəkildə inzibati xətanın foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alındığını qeyd edir. Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan inzibati xətalara görə şəxsin inzibati məsuliyyətə cəlb edilmə qaydası, İXM- nin 122-ci maddəsində öz əksini tapmşdır. İXM-nin 122-ci maddəsinə əsasən, Bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5. 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiva sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Tərtib olunan və elektron kabinetimə yüklənən elektron qərarda polis əməkdaşının tərəfindən törədildiyini iddia etdiyi inzibati xətaya dair heç bir foto və ya videomaterial yerləşdirilməmişdir. Ümumiyyətlə qeyd olunan inzibati xəta haqqında iş üzrə icraat aparıla bilməz və başlanılmış iş üzrə icraata isə xitam verilməlidir. Mövcud vəziyyətdə 16 sentyabr 2024-cü il tarixində foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan inzibati xətaya görə polis əməkdaşı tərəfindən 22 oktyabr 2024-cü il tarixində inzibati tənbeh tətbiq etmə haqqında qərar tərtib edilmişdir. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bu səbəbdən də həmin qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X4 Bakı Şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 16 sentyabr 2024-cü il tarixində 09:23 radələrində ünvan 2 ünvanında “Hyundai Santafe minik” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərardan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli 3(011)-5880/2024 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, qərar ləğv edilmiş və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Daha sonra Bakı Şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 16 sentyabr 2024-cü il tarixində 09:23 radələrində ünvan 2 ünvanında “Hyundai Santafe minik” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* inzibati xəta haqqında iş üzrə qərarından X3 verdiyi şikayəti təmin edilməli, barəsində Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı Şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar