Məhkəmə qərarları › İş №3(011)-1118/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1118/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1118/2020 03.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X2 iştirakı ilə, X2 Xətai rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə X2 Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(103)-1387/2020 nömrəli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(011)-1118/2020 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumatı göndərmiş, elektron hökumət informasiya sistemindən gələn SMS cavab - məlumatda 3 (üç) saat, yəni 13:30-dan 16:30-dək icazə verildiyindən yaşayış yerini tərk etmişdir. “Mercedes Benz C220 CDİ” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə M.Hadi küçəsində hərəkətdə olduğu zaman həmin küçədə post qurulduğundan tıxac yarandığını görmüş və post yoxlanışından keçməsi üçün avtomaşınını digər avtomaşınların arxasında saxlayaraq növbəsini gözləmişdir. Onun almış olduğu SMS icazənin bitmə müddətinə 15 dəqiqə vaxt qalmış, tıxacın çoxluğu səbəbindən yoxlanış məntəqəsinə çatdıqda isə artıq icazə vaxtının bitdiyini aşkar etmişdir. Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşına icazənin vaxtının onun təqsiri deyil, yaranmış olan tıxacın olması və uzun vaxt həmin tıxacda qalması səbəbindən bitdiyini desə də, polis əməkdaşları tərəfindən buna məhəl qoyulmamış və barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla 200 manat cərimə edilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək Xətai rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Xətai rayon Dövlət Yol Polisi Şöbəsi YPX inspektoru polis serjantı Pərviz Daşdiyev tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə M.Hadi küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru polis serjantı Pərviz Daşdiyev tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xüsusi karantin rejimini pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında x xxxxx 2020-ci il tarixli 124 nömrəli qərarının 1.4-cü bəndinə əsasən bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir; Həmin qərarın 1.5.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir). Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarı ilə “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişikliklər edilmiş, qərarın 1.2. 1-ci hissədə “20 iyul” sözləri “5 avqust” sözləri ilə əvəz edilmiş, 1.5. 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərdə “2 (iki) saat” sözləri “3 (üç) saat” sözləri ilə əvəz edilmişdir. X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Eləcə də inzibati tənbeh tətbiq etmə barədə qərarda və protokolda X2 xüsusi karantin rejiminin hansı qaydasını pozması da öz əksini tapmamışdır. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Bu da ona əsas verir ki, səlahiyyətli orqanın formal mülahizələri əsasında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Xətai rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Xətai rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar