Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1122/2023 04.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Hüquqi şəxs «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 27 yanvar 2023-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialı 430000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 18 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 430000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialının direktoru Akan Kozhbanov məhkəməyə ünvanladığı ərizəsində qeyd etmişdir ki, hal-hazırda "İntegra Construction KZ" MMY-in Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli EP№0036158 saylı protokoluna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair iş icraatdadır. AR MB tərəfindən protokolun tərtib edilməsinə səbəb ondan ibarət olmuşdur ki, Filial müəyyən olunmuş məbləğdə xarici valyutanı Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və digər təsdiqedici sənədləri banka təqdim etməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Filialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata aşağıda göstərilən səbəblərdən xitam verilməlidir. Belə ki, öncə qeyd edilməlidir ki, Filial hal-hazırda sifarişçisi "xxxx" QSC olan mühüm dövlət əhəmiyyətli “Yalama-Rusiya Federasiyası sərhədi, Sumqayıt Dəmir Yol xətti LOT1 və LOT2” layihəsinin baş podratçısıdır və hal-hazırda da podrat işləri sürətlə yerinə yetirilir. Dəfələrlə sifarişçi və müvafiq dövlət orqanları işlərin belə sürətlə yerinə yetirilməsini təqdir etmişlər. 2020-ci ilin əvvəlindən bütün dünyada başlamış pandemiya ( COVİD-19) bütün kommersiya subyektlərinin fəaliyyətində ağır çətinliklər yaratmışdır, ağır maliyyə vəziyyəti yaratmışdır. İş materiallarından da göründüyü kimi, pul vəsaiti alqı-satqı müqaviləsi üzrə icraçının (satıcının) xaricdə olan bank hesabına pandemiyanın əvvəllərində köçürülmüşdür. Lakin, dünyada yaranmış pandemiya vəziyyəti icraçının müqavilə üzrə öhdəliklərini obyektiv səbəbdən icra etməməsi ilə nəticələnmişdir və icraçı (satıcı) öhdəliklərini vaxtında icra edə bilməməsi barədə Filialı qabaqcadan rəsmi qaydada məlumatlandırmışdır. Dolayısı ilə Filial da sifariş etdiyi malları müqavilə üzrə müəyyən edilmiş vaxtda əldə edə bilməmişdir. Sonradan, Filial və icraçı (satıcı) qarşılıqlı razılaşma əsasında icraçının (satıcının) müqavilə üzrə öhdəliklərini üçüncü şəxsə ötürülməsi barədə müqavilə bağlamışlar. Buna səbəb, qarşı tərəfin iradəsindən kənar baş vermiş hallardan (COVİD-19 pandemiyası) öhdəliklərini icra edə bilməməsidir. Göründüyü kimi Filial yaranmış vəziyyətin qanunvericiliyə uyğun formada həll olunması üçün bütün mümkün vasitələrdən istifadə etmişdir. Lakin Filialın iradəsindən kənar qaydada baş vermiş hallara görə mallar Azərbaycan Respublikasının ərazisinə müəyyən edilmiş vaxtda gətirilə bilməmişdir. Məktuba əlavə edilmiş və tədarükçüyə ünvanlanmış məktublardan da göründüyü kimi, onlar malların vaxtında çatdırılması üçün dəfələrlə tədarükçünü xəbərdar etmişlər. Tədarükçünün də, cavab məktubundan göründüyü kimi, xx.xx.2023-cü ilə kimi malların Azərbaycan Respublikası ərazisinə gətirilməsinə zamanət verilmişdir. Qeyd edilməlidir ki, müqavilə üzrə malların bir qismi artıq Azərbaycan Respublikasının ərazisinə idxal edilmiş və İD 40 tipli xx.xx.2023-cü il tarixli invoys dəyəri 1612050.00 ABŞ dolları dəyərində idxal bəyannaməsi alınmışdır. Həmçinin, İD 61 tipli xx.xx.2023-cü il tarixli invoys dəyəri 633837.54 ABŞ dolları dəyərində idxal bəyannaməsi alınmışdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının təsdiqedici məktubundan da görünür ki, həqiqətən də dəmiryolu relsləri halhazırda Azərbaycan Respublikası ərazisindədir. Hal-hazırda ailə və sağlıq vəziyyəti ilə əlaqədar Qazaxıstan Respublikası ərazisindədir və məhkəmə proseslərində iştirak etməsi mümkün deyil. odur ki o, inzibati işə onun iştirakı olmadan baxılmasını və Filialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 yanvar 2021-ci il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialı tərəfindən 430000.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 18 yanvar 2021-ci il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; "xxxx" ASC-nin 19 yanvar 2023-cü il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialı tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyrirezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin direktoru X1 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 27 yanvar 2023-cü il tarixli EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialı 430000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 18 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 430000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; məhkəməyə ünvanlanmış «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialı tərəfindən “NRZ X2 DİŞ. Ticaret LTD”-nin ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, elan edilmiş 7430.33 ton yeni R65 relsdən təhvil verilməyən həcmin qalığı 3343,571 tondur. xx.xx.2021-ci il tarixli 004 saylı nömrəli təchizat müqaviləsinin şərtlərinə uyğun olaraq, relslərin gec çatdırılmasına görə təchizatçı tam məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixli 004 saylı təchizat müqaviləsinin şərtlərinə uyğun olaraq təchizatçı kimi malların çatdırılma müddətinin pozulmasına və ya qısa çatdırılmasına görə tam maliyyə məsuliyyəti təchizatçı və subpodratçı daşıyır. Gələcək tərəfdaşlığı davam etdirmək üçün 1 mart 2023-cü il tarixinədək 3343,571 ton yeni relslərin qalan həcmi üçün konkret çatdırılma tarixləri göstərilməklə məlumat verilməsi xahiş olunmuşdur; məhkəməyə ünvanlanmış “NRZ X2 DİŞ. Ticaret LTD” tərəfindən «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli 004 saylı Təchizat Müqaviləsinə əsasən yeni R65 relslərinin çatdırılmasını obyektiv səbəblərdən gecikdirirlər və müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirə bilmirlər. Əsas səbəb bundan ibarətdir ki, Bəndər-Abbas limanından Əmirabad limanına relslərin daşınması üçün dəmir yolu tərəfindən vaqonların (platformaların) vaxtında verilməməsidir. Bundan əlavə, İran İslam Respublikasında 2022-ci ildə başlayan qeyri-sabit vəziyyəti nəzərə alaraq, İran tərəfinin logistika şirkətləri də daşıma prosesini ləngidirlər. Ona görə də yeni relslərin Azərbaycana gətirilməsi müvafiq gecikmələrlə həyata keçirilir. Mövcud çətinliklərə baxmayaraq, təchizatçı “NRZ X2 DİŞ. Ticaret LTD” artıq 4086,759 ton yeni R65 relsləri tədarük etmişdir. Yeni R65 relslərin qalan həcmi olan 3343,571 ton çəkidə və 3266668,80 ABŞ dolları məbləğində mallar “NRZ X2 DİŞ. Ticaret LTD” tərəfindən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikasına çatdırılacaqdır; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli xx/xx/000802 saylı sorğuya cavab məktubundan görünür ki, qeyd olunan mallar xx.xx.2023-cü il tarixində **********3940 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək “Hövsan” gömrük postu ərazisində saxlancda yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X3 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialı barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialı tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 27 yanvar 2023-cü il tarixli EP seriyalı ******* nömrəli protokolda hüquqi şəxs «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialının 430000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 18 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 430000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitin xaricdən geri qaytarılmaması qeyd edilmişdir. Bank tərəfindən verilmiş 18 yanvar 2021-ci il tarixli köçürmə ərizəsində hüquqi şəxs «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialının 430000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialının barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru tərəfindən elektron informasiya sistemi vasitəsilə məhkəməyə ünvanlanmış və iş materiallarına əlavə edilmiş “NRZ X2 DİŞ. Ticaret LTD”-nin hüquqi şəxs «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialına göndərdiyi xx.xx.2023-cü il tarixli məktubunda xx.xx.2021-ci il tarixli 004 saylı Təchizat Müqaviləsinə əsasən yeni R65 relslərinin çatdırılmasını obyektiv səbəblərdən gecikdirdikləri və müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirə bilmədikləri, buna əsas səbəbin isə Bəndər-Abbas limanından Əmirabad limanına relslərin daşınması üçün dəmir yolu tərəfindən vaqonların (platformaların) vaxtında verilməməsi olmaması və bundan əlavə, İran İslam Respublikasında 2022-ci ildə başlayan qeyri-sabit vəziyyəti nəzərə alaraq, İran tərəfinin logistika şirkətlərinin də daşıma prosesini ləngitdikləri, ona görə də yeni relslərin Azərbaycana gətirilməsinin müvafiq gecikmələrlə həyata keçirilməsi qeyd edilmişdir. Bundan başqa, «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda **********3932 nömrəli bəyannamə ilə gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş 1650 ton həcmində yükün hal-hazırda X4 mövcud olmasını təsdiq edən arayışın təqdim edilməsi xahiş olunmuş və sonuncu tərəfindən qeyd olunan malların xx.xx.2023-cü il tarixində **********3940 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək “Hövsan” gömrük postu ərazisində saxlancda yerləşdirilmələri faktı təsdiqlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli Qərarından görünür ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialının 430000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 18 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara köçürdüyünü, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq ondan asılı olmayan səbəblərdən, yəni ixracatçı şirkətin təqsiri ucbatından 430000.00 ABŞ dolları dəyərindəki malların ölkəyə tam olaraq idxal edilmədiyini, bu halın iş materiallarında olan məktublarla da öz təsdiqini tapmasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «İntegra Construction KZ Məhdud Məsuliyyətli Yoldaşlığı»nın Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1122/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1122/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver