Məhkəmə qərarları › İş №3(011)-1128/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1128/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1128/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Söbəsinin icra məmuru Tural Rəhimovun, tələbkar Babayev Adil Göyçə oğlunun iştirakı ilə Hüquqi şəxs «X3» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən «X3» ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-144/16 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən X2 tərəfindən Babayev Adil Göyçə oğlunun X3 ASC-dəki hesabına qoyulmuş 62000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) X3 ASC-dən alınaraq Babayev Adil Göyçə oğluna ödənilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X3» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X3» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, sözügedən icra sənədi üzrə xx.xx.2016-cı il tarixdə Səbail rayon İcra şöbəsinin icra məmuru Ayaz Nuqaylı tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir Bundan sonra xx.xx.2017-ci il tarixdə Səbail rayon İcra şöbəsinin icra məmuru Ayaz Nuqaylı tərəfindən tərtib olunmuş aktdan görünür ki, qətnamənin X2 tərəfindən Babayev Adil Göyçə oğluna ödənilməli olan 45248 manat məbləğində pul tələbkara ödənilmişdir. Bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1494 saylı xx.xx.2017-ci il tarixli qərardadına əsasən lisenziyası ləğv olunmuş və müflis elan edilmiş X3 ASC-nin ləğvedici qismində təyin olunmuş X1 Company MMC-nin fəaliyyətinə xitam verilmiş və X3 ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin olunmuşdur. xx.xx.2019-cu il tarixdə sözügedən icra sənədi 80000 ABŞ dollarının ödənilməsinə dair hissədə icra olunması üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və başlanmış icra icraat davam etdirilmişdir. İlk öncə tərəfindən Babayev Adil Göyçə oğlu ilə telefon əlaqəsi saxlanılmış, sözügedən icra sənədi üzrə zəruri məlumatlar öyrənilmiş və 80000 ödənilməli olan ABŞ dolları borcdan qismən ödəniş olunduğu, lakin halhazırda 62000 ABŞ dolları borcun olduğu bildirilmiş və bu barədə ərizə alınmışdır. xx.xx.2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fonduna tərəfindən xəbərdarlıq məktubu göndərilmiş və qeyd olunan 62000 ABŞ dolları borcun ödənilməsi tələb olunmuşdur. Qeyd olunmuş icra sənədləri üzrə borclu götürdüyü öhdəliyin icrasından yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, ona müəyyən hərəkətləri etməli olduğunu məcbur edən icra sənədini verilmiş müddət ərzində icra etməmiş və icrasından yayınmışdır. Ona görə də «X3» ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu barəsində inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Babayev Adil Göyçə oğlu 62000 ABŞ dolları borcun ödənilmədiyini, yaşını, səhhətini, çox ağır duruma düşdüyünü nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu barəsində inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə icra məmurunun, tələbkarın izahatını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, «X3» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Güründüyü kimi hüquqi şəxs «X3» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı «X3» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə «X3» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs «X3» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar