Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1128/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər X10 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, X1 iştirakı ilə, X3 Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə səhər saat təqribən 09:40 radələrində Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı yol polisi maşını ona saxla əmri vermiş və o da əmrə tabe olaraq idarə etdiyi **-FV-*** DQN “BMW 528i” markalı nəqliyyat vasitəsini (bundan sonra NV) saxlamışdır. Qeyd olunan nəqliyyat vasitəsində YPX əməkdaşı tək olmasına baxmayaraq öz NV-sini tərk edərək ona yaxınlaşmışdır. Polis haqqında təlimatın 7.7 bəndini pozaraq özünü təqdim etmədən və saxlama səbəbi bildirmədən ondan sənədləri tələb etmişdir. O da öz növbəsində, tələsdiyi üçün YPX əməkdaşı ilə mübahisə etmədən sənədləri təqdim etmişdir. O, onun sənədlərini götürərək xidməti maşına qayıtmış və bir müddət sonra geri dönərək idarə etdiyi NV-nin duracağa aparılacağını bildirmişdir. Səbəb soruşduqda isə guya səs gücünün çox olduğunu bildirmişdir. O, ona protokol tərtib etmədən NV-nin duracağa qoyulmasının qanunsuz olduğunu bildirsə də, cavabında YP-402-nin əmri olduğunu və onun maşınına "zaderjaniye" verdiyini və mütləq şəkildə maşının duracağa qoyulacağını bildirmişdir. YPX əməkdaşı onun nəqliyyat vasitəsini Ağ Şəhərdəki duracağa aparmışdır. Həmin duracaqda öz şəxsi telefonunu götürərək maşınını videoya çəkməyə başlamışdır və ondan qaz verməyini tələb etmişdir. Qeyd olunan ərazinin səs gücünün ölçülməsi üçün dövlət standartına uyğun olmadığına görə və səs gücünün ölçülməsi üçün müvafiq avadanlığın olmaması səbəbindən o, YPX əməkdaşının qanunsuz tələbinə tabe olmamış və ona öz iradını bildirmişdir. O, dəfələrlə YPX əməkdaşından özünü təqdim etməsini tələb etsə də o, heç cürə öz ad və soyadını bildirməmiş və ona cavabında sərt şəkildə "Sən mən qaz ver deyəndə vermədin, mən sənə niyə adımı deyim?!" söyləmişdir. O da tələsdiyi üçün NV-ni duracaqda saxlayıb sənədlərini götürərək işlərinin dalınca getmişdir. Səhərisi gün, yəni xx.xx.2023-cü il tarixdə DİN BŞBPİ DYPİ-yə getmişdir. Ona 30-cu otağa yaxınlaşmağını bildirmişlər. 30-cu otaqda onu mülki geyimdə bir nəfər qarşılamışdır. O, həmin şəxsə ona məxsus NV-nin protokol tərtib olunmadan duracağa qoyulduğunu bildirdikdə o, telefonla onu səxlayan YPX əməkdaşına zəng vuraraq söhbət etmişdir. Söhbət əsnasında qeyd edilən şəxs onun maşınını görməyərək və səsini eşitməyərək maşının səsinin çox olduğunu bildirmişdir. O, bu barədə ona iradını bildirdikdə və NV-nin protokolsuz duracağa qoyulmasını və bu əməlin qanunsuz olduğunu bildirdikdə, eyni otaqda oturan digər YPX əməkdaşı Arzuman Arzumanlı ona gülümsəyərək ələ salacaq formada "İstəsək, maşını 1 ay protokolsuz duracaqda saxlayarıq" bildirmişdir. 30-cu otaqdan çıxıb, şikayət etmək üçün rəis Azad Əliyevin (Ad soyadı digər YPX əməkdaşlarının sözlərinə istinad edir) qəbuluna girmişdir. Məsələni ona bildirdikdə və o, onu dinlədikdən sonra ona kobud şəkildə "Sənin burada nə işin var? “Voobşe" bura niyə gəlmisən?" söyləmişdir. Cavabında o, ona Azərbaycan Respublikasının Prezidentinin, özü də daxil olmaqla bütün məmurların xalqın qulluqçusu olduğu sitatını bildirsə də ona kobud şəkildə "Mən heç kimin qulluqçusu deyiləm" bildirmişdir. O, yenidən Arzuman bəyin yanına qayıtdıqda o, ona onun işinə 103cü otaqda əyləşən mayor Talib Qasımovun baxdığını və ona yaxınlaşmağını məsləhət görmüşdür. O, 103-cü otağa yaxınlaşdıqda Taleh Qasımov onu qarşılamış, onun məsələsini dinləmiş və YPX əməkdaşını çağıraraq onunla getməsini, maşını götürərək DİN BŞBPİ DYPİ yaxınlığında yerləşən səsboğucu ustasının yanında yoxlatdırmasını və sonra DİN BŞBPİ DYPİ həyətinə səsi ölçmək məqsədi ilə gətirilməsini bildirmişdir. NV idarə həyətinə gətirildikdən sonra, səs gücünün ölçülməsi həyata keçirilmişdir. Ölçmə aparılan ərazidə güclü küləyin olması və yolun hərəkət hissəsinə yaxın olması barədə və həmçinin ölçmə üçün istifadə olunan mikrofonda mühərrik işə salınmadan 65db səs göstəricisi olması barədə iradını bildirdikdə T.Qasımov ona illərdir bu işlə məşğul olduğunu və həmişə belə etdiyini bildirmişdir. Nəticədə NV-dən 3m aralıda 1.20m hündürlükdə mikrofon tutularaq mühərrik işə salınmışdır. Ölçü 4000 rpm-də 2 dəfə aparılmış və səs gücü 82-84 db arası təyin edilmiş və T.Qasımov ona ölkə ərazisində səs gücünün maksimum 80 db limit olmasını bildirərək ona İXM 342.3-cü bəndinə əsasən qərarsız protokol yazılmışdır. Əlavə olaraq onu da qeyd etmək istərdi ki, mikrofonun saz vəziyyətdə olması və qanuna əsasən QOST 17187-81 standartına əsasən sertifikatlaşdırılması barədə heç bir sənəd ona təqdim edilməmişdir. Növbəti gün, yəni xx.xx.2023 tarixdə qeyd olunan protokolla bağlı şikayət etmək üçün Xətai Rayon Məhkəməsinə getmiş və ona ordan protokol qərarsız olduğu üçün hal-hazırda şikayət edə bilməyəcəyini və protokolun qüvvəyə minməsini gözləməyini bildirmişlər. Növbəti gün, yəni xx.xx.2023 tarixdə yenidən T.Qasımovun yanına gələrək ona yazılan protokolu qərarlı olmasını tələb etdikdə, T.Qasımov bir müddət protokolu qərarlı etməkdən boyun qaçırsa da (qanuna əsasən İXM 342.3 maddəsi ilə protokol tərtib edildikdə nəqliyyat vasitəsi sürücüyə geri qaytarılmalıdır), o, ona bu barədə iradını bildirdikdən sonra ondan ərizə yazmağını xahiş etmişdir. O, ərizə yazan zaman T.Qasımov kiməsə telefonla zəng edərək maşını ona qaytarmamaq məqsədi ilə həmçinin İXM 342.2.2-ci maddəsinin də protokola əlavə edilməsi barədə göstəriş vermişdir. Qanuna əsasən hər hansı şübhə və ya yoxlanma məqsədilə saxlanılan NV barədə 48 saat ərzində protokol tərtib edilməlidir, əks təqdirdə NV duracaqdan buraxılmalıdır. Maşının duracağa qoyulmasından 72 saatdan çox keçməsinə baxmayaraq və 2 gündən çox müddətdə T.Qasımov NV görmədən qeyri-qanuni şəkildə 342.2.2-ci maddəsini xx.xx.2023-cü il tarixi ilə qərarlı şəkildə sistemə vurmuşdur. O, bu barədə ona iradını bildirdikdə o, buna heç bir məhəl qoymamışdır. Qeyd etmək istəyir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşma institutu PHŞ-dən əldə olunmuş rəsmi məlumata əsasən, NV-lərin ekvivalent səs səviyyəsi (nəzarət göstəricisi) AZS ECE 51-2012 "səs səviyyəsi baxımından ən azı 4 təkərə malik mexaniki NV-lərinin rəsmi təsdiqinə dair vahid göstərişlər" standartı ilə tənzimlənir. Eyni zamanda, avtomobillərin səs səviyyəsi hədlərinə dair ГОСТ 31333-2006 "Шум машин. Измерение шума легковых пассажирских автомобилей в условиях соответсвующих городскому движению" standartı Azərbaycan Respublikası ərazisində qüvvədədir. Qeyd olunan hər iki standartla tanış olmuşdur. Qeyd etmək istərdi ki, AZS ECE 51-2012 standartı səs gücünün limitini təyin edir (80 db), ГОСТ 31333-2006 standartı isə NV-nin səs gücünün ölçülməsi prosesini təsnif edir və hansı şəraitdə, hansı məkanda, nə vaxt, necə və s. amilləri təyin edir. Bu standarta əsasən NV-nin səs gücü yalnız NV hərəkətdə olarkən ölçülməlidir. T.Qasımovun isə dayanan NV-nin səs gücünün ölçülməsi üçün ona göstərdiyi və istinad etdiyi ГОСТ 27436-87 standarı SSRİ vaxtından qalma standartdır və nəinki Azərbaycan Respublikası, hətta Rusiya Federasiyası ərazisində qüvvədən düşmüşdür və etibarsız sayılır. Qeyd etmək istəyir ki, Rusiya Federasiyası ərazisində dayanan NV-nin səs gücünün ölçülməsi üçün hal-hazırda qüvvədə olan standart ГОСТ P 52231-2004 və ГОСТ 33997-2016 standartlarıdır və bu standartlara əsasən isə yuxarıda qeyd olunan üsul ilə (3m aralı, 1m hündürlükdə mikrofon quraşdırılması vasitəsilə) aparılan səs ölçməsi prosesi üçün limit 96 db-dir. T.Qasımov səs limitinin ölçülməsi üçün ölkədə qüvvədə olmayan standarta istinad edir, lakin ölçmə üsulu ilə qeyd olunan səs limiti əvəzinə AZS ECE 51-2012 standartına istinad edir və bu hal qanun pozuntusudur. O, onun vətəndaş və konstitusiya hüquqlarının qorunmasını, ona qeyri-qanuni şəkildə tərtib olunmuş protokolların ləğv olunmasını, müvafiq DİN BŞBPİ DYPİ əməkdaşlarının vəzifələrindən sui-istifadə etdikləri üçün onların təyin olunaraq onlar barədə müvafiq nizam-intizam tədbirlərinin görülməsini, maşınının ona qaytarılmasını və ya ГОСТ 31333-2006 standartına və qanuna uyğun şəkildə müvafiq səs ölçülməsi prosesinin aparılmasını (hal hazırda ölkə ərazisində elə bir poliqon şəraiti yoxdur) təmin edilməsini xahiş edir. Məhkəmə iclasında X6 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək əlavə olaraq barəsində Bakı şəhər X10 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər X10 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, barəsində qərar çıxarılmış fiziki şəxs X6 xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin mühərrikinin səs gücünün artırılması məqsədilə işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırdığına görə Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Tərəflərindən **-FV-*** dövlət qeydiyyat nişanlı “BMW 528i” markalı nəqliyyat vasitəsinə baxış keçirilən zaman mühərrikdən çıxan səsin normadan artıq olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, işin faktiki halları araşdırılarkən düzgün olaraq X3 Azərbaycan Respublikası DİNnin Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə o, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin, inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X10 İdarəsinin YPX baş inspektoru, polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 342.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Bakı şəhər X10 İdarəsinin polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixində, saat 09:45-də ünvan 1 ünvanında “BMW 528İ minik” markalı, **- FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə mühərrikin səs gücünün artırılması məqsədi ilə işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubdan görünür ki, nəqliyyat vasitələrinin yaratdığı səsin yol verilən hədlərini tənzimləyən Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) qaydası əsasında hazırlanmış və Komitənin 21 fevral 2012-ci il 014 nömrəli Əmri ilə təsdiq edilmiş AZS ECE 51-2012 “Səs səviyyəsi baxımından ən azı 4 təkərə malik mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər” dövlət standartı Azərbaycan Respublikasında qüvvədədir. AZS ECE 51-2012 standartının 6.2.2.1-ci bəndindən səs səviyyəsinin hədlərini təyin edən çıxarışdan məlum olur ki, sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş, sürücünün oturacağı daxil olmaqla oturacaqların sayı 9-dan çox olmayan nəqliyyat vasitələri üçün səs səviyyəsinin maksimum həddi 74 db, sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş, sürücünün oturacağı daxil olmaqla oturacaqların sayı 9-dan çox olan və çəkisi 3.5 t-dan çox olan, 150 kVt və çox gücə malik mühərrikli nəqliyyat vasitələri üçün 80 db-dir. Bakı şəhər X10 İdarəsinin YPX baş inspektoru, polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında aktdan görünür ki, avtomobilin mühərrikin səs gücünün işlənmiş qazları xaric etmə sisteminin səsküy ölçən “PCE-322A” cihaz vasitəsilə ölçən zaman sol tərəf səs gücünün işlənmiş qazları xaric etmə sisteminin 83.7 db və 82.5 db, sağ tərəf səs gücünün işlənmiş qazları xaric etmə sisteminin 82.2 db və 83.3 db olması müəyyən edilmiş və şikayətçi tərəfindən həmin akt imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir; 342.3-cü maddəsinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2023-cü il tarixində, saat 09:45-də ünvan 1 ünvanında “BMW 528İ minik” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə mühərrikin səs gücünün artırılması məqsədi ilə işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəməyə ünvanladığı şikayət ərizəsində X5 Akif oğlu “BMW 528İ minik” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərrikinin səs gücünün ölçülməsi qaydalarının pozulmasını, səsin müəyyən edilmiş normadan artıq olmamasını bildirərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda və qərarda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X3 barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Bundan başqa, məhkəməyə təqdim olunmuş Bakı şəhər X10 İdarəsinin YPX baş inspektoru, polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında aktdan görünür ki, avtomobilin mühərrikin səs gücünün işlənmiş qazları xaric etmə sisteminin səs-küy ölçən “PCE- 322A” cihaz vasitəsilə ölçən zaman sol tərəf səs gücünün işlənmiş qazları xaric etmə sisteminin 83.7 db və 82.5 db, sağ tərəf səs gücünün işlənmiş qazları xaric etmə sisteminin 82.2 db və 83.3 db olması müəyyən edilmiş və şikayətçi həmin aktda qeyd göstərici ilə razılaşaraq heç bir etiraz edilmədən qeyd olunanları öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanuni olduğundan və şikayət ərizəsində qeyd olunan xüsusatlar öz təsdiqini tapmadığından şikayət ərizəsi təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1128/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1128/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver