Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11296/2025 22.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhər BPİ-nin X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ-nin X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025 tarixli eyni hadisə üzrə DYP ardıcıl üç dəfə qərar çıxarmışdır: TP ******* (xx.xx.2025), TP ******* (xx.xx.2025), TP ******* (xx.xx.2025). Hər üç qərar Xətai Rayon Məhkəməsi tərəfindən ləğv edilmişdir: xx.xx.2025 tarixli, 3(011)-5607/2025 nömrəli qərar (hakim Rafail Sadıxov), xx.xx.2025 tarixli, 3(011)- 8144/2025 qərar (hakim Fuad Axundov), xx.xx.2025 tarixli, 3(011)-9260/2025 qərar (hakim Fuad Axundov). Məhkəmələrin əsaslandırmaları eynidir: inzibati xatanın konkret nədən ibarət olduğu göstərilməmiş, sübutlar təqdim edilməmiş, yalnız vizual mülahizəyə əsaslanmış, texniki yoxlama və ekspertiza aparılmamışdır. Buna baxmayaraq, DYP məhkəmə qərarlarını nəzərə almadan eyni məzmunda yeni TP ******* saylı qərar çıxarmışdır. Odur ki, barəsində qəbul edilmiş Bakı şəhər BPİ-nin X7 İdarəsinin xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh qərarının ləğv edilməsi ilə bağlı şikayətini aşağıdakılarla əsaslandırmışdır: 1. Əvvəlki məhkəmə qərarları: eyni hadisə üzrə X6 artıq üç dəfə eyni məzmunda qərar çıxarmışdır: TP 7401957, TP ******* və TP 7610653. Xətai Rayon Məhkəməsi bu qərarların hamısını ləğv etmişdir. Hər üç qərarda açıq şəkildə göstərilmişdir ki: inzibati xata konkretləşdirilməmişdir; sübut təqdim olunmamışdır; yalnız vizual mülahizəyə əsaslanmışdır; texniki yoxlama və ekspertiza aparılmamışdır. Bu faktlar göstərir ki, inzibati xata hadisəsi və tərkibi ümumiyyətlə mövcud deyil. 2. İcraat prinsiplərinin pozulması: İİHQ-in 11, 12 və 24-cü maddələrinə görə inzibati icraat qanunçuluq, obyektivlik və hərtərəflilik prinsiplərinə əsaslanmalıdır. DYP bu prinsipləri pozaraq sübut təqdim etmədən, yalnız mülahizəyə əsaslanaraq qərar qəbul etmişdir. 3. Duracaq aktının olmaması: İXM 97.5 maddəsinə görə nəqliyyat vasitəsinin saxlanması yalnız iki nüsxəli aktla rəsmiləşdirilməlidir. Ona belə akt təqdim edilməmişdir. Bu, müdafiə hüququnun və mülkiyyət hüququnun (Konstitusiya, maddə 29) pozulmasıdır. Bu barədə ayrıca vəsatət təqdim etmişdir və həmin vəsatətdə duracaq aktının mövcudluğunun araşdırılmasını tələb etmişdir. 4. Texniki ekspertiza aparılmaması: İXM 75, 82 və 93-cü maddələrinə görə sübutların tam araşdırılması, ekspertiza və baxış aktı vacibdir. Lakin polis əməkdaşları yalnız vizual baxışla protokol tərtib etmiş, texniki yoxlama aparılmamışdır. Bu barədə də vəsatətində texniki yoxlama və ekspertiza aparılmadan qərarın hüquqi qüvvədə sayılmamasını tələb etmişdir. 5. Təqsirsizlik prezumpsiyası: İXM 8.2 və 8.3 maddələrinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, bütün şübhələr onun xeyrinə həll olunmalıdır. Sübut təqdim olunmadığı üçün o təqsirsiz hesab edilməlidir. 6. Məhkəmə qərarlarının icra olunmaması: Konstitusiyanın 129-ci maddəsinə görə məhkəmə qərarları məcburidir. DYP ardıcıl olaraq eyni məzmunlu yeni qərarlar çıxarmaqla məhkəmə aktlarının əsaslandırıcı hissəsini görməzlikdən gəlmişdir. Bu, hüquqi dövlət prinsipinə ziddir. Ədalətli məhkəmə hüququnun pozulması: Konstitusiyanın 60-cı maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 6cı maddəsinə görə hər kəsin ədalətli məhkəmə hüququ var. Sübutların təqdim edilməməsi və məhkəmə göstərişlərinin icra olunmaması bu hüququ pozur. 8. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar: İXM 53-cü maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda. Sözügedən icraat üzrə inzibati xəta hadisəsi və tərkibi sübut olunmamışdır. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, məhkəmənin xüsusi qərardadı ilə Bakı şəhər DYP-yə göstəriş verilib avtomobilim əsassız saxlanmadan 24 saat ərzində duracaqdan buraxılmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər BPİ-nin X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhər BPİ-nin X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarının surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 15:21-də Bakı şəhəri, Xətai rayonu ərazisində “X4” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat cərimə tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-5607/2025 nömrəli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 31 iyul 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-8144/2025 nömrəli qərarından görünür ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025- ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-9260/2025 nömrəli qərarından görünür ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025- ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır AR DİN Bakı şəhər BPİ-nin X6 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı müraciətə Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsində baxılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi "Nissan" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İX hissəsinin tələblərinə riayət etməyərək, "nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsi" və "mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsi" inzibati xətalara yol verdiyinə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü və 342.2.2-ci maddələri ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərarın ləğv edilərək icraata xitam verilməsi ilə bağlı məhkəməyə etdiyi şikayət üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 3(011)-8144/2025 nömrəli qərarına əsasən, inzibati xəta haqqında işə yenidən baxılaraq qeyd edilən əməli törətməsi təsdiqini tapdığından barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. AR DİN Bakı şəhər BPİ-nin X6 İdarəsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, X2 bildirilmişdir ki, nəqliyyat vasitəsi istismar zamanı "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsində göstərilən tələblərə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı isə həmin Qanunun 29-cu maddəsində göstərilən tələblərə uyğun olmalıdır. İş materiallarına əlavə edilmiş 15790 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X4” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil 2010-cu ildə buraxılmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərin surətlərindən görünür ki, “X4” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə normativ tələb pozulmaqla avadanlıq quraşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər BPİ-nin X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər BPİ-nin X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-11296/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11296/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver