Məhkəmə qərarları › İş №3(011)-113/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-113/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-113/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Bakı Şəhər X7 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayətin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X2 şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona özbaşına cərimə yazan Bakı şəhər DYPİ-si əməkdaşı tərəfindən verilmiş qərar məhkəməyə təqdim edilməklə qanunsuz olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5121/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsi Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 07 avqust 2023-cü il tarixli, TP ******* nömrəli qərardan şikayətinin və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati qərardan verilmiş şikayətə baxılması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin səlahiyyətinə aid deyildir və bununla əlaqədar aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər X7 İdarəsi Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 xx.xx.2023-cü il tarixdə, saat 16:52-də Bakı şəhəri, Xətai prospekti 51 ünvanında “X6 minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozması göstərilmiş və barəsində 40 (qırx) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərardan məlum olduğu kimi inzibati xəta hadisəsi Xətai rayonu ərazisində deyil, məhz Nərimanov rayonu ərazisində baş vermişdir. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi həmin qərardadını onunla əsaslandırmışdır ki, şikayət ərizəsindən göründüyü kimi qərarından şikayət verilmiş inzibati xəta Xətai rayonunun ərazisində törədildiyindən inzibati qərardan verilmiş şikayətə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər” haqqında qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Qanununun: 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinı əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Beləliklə, məhkəmə, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verildiyini və ehtimal olunan inzibati xətanın Bakı şəhəri, Xətai prospekti 51 ünvanında baş verdiyini, həmin ünvanın Nərimanov rayonu ərazisində yerləşməsini, barəsində qərar çıxarılmış şəxs tərəfindən şikayətə qeydiyyatda olduğu yerin məhkəməsində baxılmasına dair vəsatət daxil olmamasını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılması mümkünsüzdür. İnzibati Xətalar Məcəlləsində Mülki və Cinayət Prossesual Məcəllərindən fərqli olaraq məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, yaranmış hüquqi anlaşılmazlığın və məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Şəhər X7 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən daxil olmuş şikayətlə əlaqədar məhkəmələr arasında aidiyyət ilə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün inzibati xəta haqqında material Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar