Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-113/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X10 İdarəsinin polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini, onun Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 14:04 radələrində idarə etdiyi “İsuzu NMR85E” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Azərbaycan prospekti ilə hərəkət edib Mirzəağa Əliyev küçəsinə çıxarkən onun sol tərəfində arxada hərəkət edən “Changan” markalı taksi fəaliyyəti ilə məşğul olan avtomobil sol tərəfdən onu ötüb keçərək onun avtomobilinin arxa sol tərəfini sürtmüş və nəticədə qəza baş vermişdir. Hadisədən sonra müəyyən etmişdir ki, onun avtomobilinə heç bir ziyan dəyməyib, lakin taksi fəaliyyəti ilə məşğul olan avtomobilin ön sağ tərəfinə cüzi zədə dəymişdir. Qarşılıqlı razılaşmadan sonra onlar ayrılmışlar. Dekabr ayının 17-də onun barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edildiyini SMS radar vasitəsilə bildiriş almışdır. Həmin bildirişi aldıqdan sonra Bakı şəhər BDYPİ-nə getmişdir. Orda videoya baxış keçirilmiş və qarşı tərəfin inzibati xəta törətməsi görsənsə də inzibati xəta haqqında protokol və TP ******* saylı inzibati xəta haqqında qərar onun barəsində tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokoldan və qərardan şikayət etsə də heç bir nəticə olmamışdır. Mirzəağa Əliyev küçəsi ilə hərəkət edən “Changan” markalı taksi fəaliyyəti ilə məşğul olan avtomobilin qarşısında 2.4 nişanı (yol ver) olmasına baxmayaraq həmin nişanın tələbi “Changan” markalı avtomobilin sürücüsü tərəfindən pozulmuşdur. Lakin işin araşdırılması zamanı bu hal nəzərə alınmamışdır. Həmin vaxt o, hadisənin onun təqsiri ucbatından baş vermədiyini bildirərək hadisənin obyektiv araşdırılmasını tələb etmiş və ona bildirilmişdir ki, hadisə ətraflı araşdırılaraq qərar qəbul ediləcəkdir. Buna baxmayaraq Bakı şəhər X10 İdarəsinin polis kapitanı X6 tərəfindən onu yol-hərəkət qaydalarını pozması barədə protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. Belə ki, Bakı şəhər X10 İdarəsinin polis kapitanı X6 tərəfindən xx.xx.2024-cıi il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və TP seriyalı ******* saylı inzibati xəta haqqında qərar tərtib edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə və yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) təqsirli bilinmişdir. Həmin protokol əsasında Bakı şəhər X10 İdarəsinin polis kapitanı X6 tərəfindən xx.xx.2024-cü il tarixli, TP haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 327.1ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd etmək istəyir ki, Bakı şəhər X10 İdarəsinin polis kapitanı X6 tərəfindən onun barəsində protokol tərtib və qərar qəbul edilməsinin səbəbi kimi onun xx.xx.2024-cü il tarixdə saat 14:04 radələrində guya dönmə edərkən qarşı tərəfin hərəkət istiqamətinə hərəkət zolağına çıxaraq yol-hərəkəti qaydalarını pozduğu göstərilmişdir. Qəbul edilmiş qərarda göstərilmiş hadisənin guya onun yol hərəkəti qaydalarını pozması nəlicəsində baş verməsi göstərilsə də, hadisənin onun təqsiri nəticəsində baş verməsini təsdiq edən hər hansı bir sübut yoxdur. Belə ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 14:04 radələrində idarə etdiyi “İsuzu NMR85E” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Changan” markalı taksi fəaliyyəti ilə məşğul olan avtomobil 2.4 nişanın tələbini pozaraq onun arxa sol tərəfini sürtmüş və nəticədə həmin qəza baş vermişdir. Həmin vaxt hadisə yerini qeydə alar, kamera görüntülərinin götürülməsini tələb etsə də, Bakı şəhər X10 İdarəsinin polis kapitanı X6 xx.xx.2024-cü il tarixdə qeydə alınmış video görüntülərə obyektiv araşdırma aparılmadan hüquqi qiymət verilmişdir. Həmçinin hadisənin baş verməsi barədə sxem də tərtib edilərək ona təqdim edilməmişdir. Buna baxmayaraq Bakı şəhər X10 İdarəsinin polis kapitanı X6 onun guya həmin yolda yol-hərəkəti qaydalarını pozduğunu qeyd etmiş, lakin onun yol hərəkəti qaydalarını pozduğunu təsdiq edən hər hansı bir sübutu ona təqdim etməmiş və ya qəbul edilmiş qərara əlavə etməmişdir. Qeyd edir ki, Bakı şəhər X10 İdarəsinin polis kapitanı X6 tərəfindən onun Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli olması barədə gəlinmiş qənaət yanlışdır və o, yol hərəkəti qaydasını pozmamışdır. Bakı şəhər X10 İdarəsinin polis kapitanı X6 tərəfindən heç bir araşdırma aparılmamış və heç bir əsaslı səbəb olmadan onu təqsirli bilmişdir. Belə olan halda onun Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinməsi qanunsuzdur. Bakı şəhər X10 İdarəsinin polis kapitanı X6 tərəfindən ətraflı araşdırma aparılmamış və formal olaraq onun təqsirli olması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz təsdiqini tapmamışdır. Belə olan halda, onun barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilərək qərar qəbul edilmiş və o, cərimə edilmişdir. Buna görə də hazırda o, məhkəməyə müraciət edir. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Bakı şəhər X10 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, inzibati xəta hadisəsi onun təqsiri ucbatından baş verməmiş, “Changan” markalı taksi fəaliyyəti ilə məşğul olan avtomobilin sürücüsü tərəfindən yol hərəkəti qaydaları pozulmuş, lakin buna baxmayaraq onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X10 İdarəsinin polis polkovniki X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixində, saat 14:04-də Mirzağa Əliyev küçəsində “İsuzu NMR85E Yük” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi və yol hərəkəti qaydalarını pozduqdan sonra yol nəqliyyat hadisəsi yerindən yayınması əsas gətirilərək Azərbaycan Respublikası İXMnin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir; 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixində, saat 14:04-də Mirzağa Əliyev küçəsində “İsuzu NMR85E Yük” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi və yol hərəkəti qaydalarını pozduqdan sonra yol nəqliyyat hadisəsi yerindən yayınması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında inzibati xəta hadisəsinin onun təqsiri ucbatından baş verməməsini, “Changan” markalı taksi fəaliyyəti ilə məşğul olan avtomobilin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının pozulmasını, barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Həmçinin, məhkəmə iclasında videogörüntüyə baxış zamanı müəyyən olmuşdur ki, “İsuzu NMR85E Yük” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək digər avtomobil ilə toqquşur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-113/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-113/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver