Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1137/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Füzuli rayonu, Ələsgərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu, Ələsgərli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 10 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-988/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 1715 manat borc məbləği tutularaq X1 xeyrinə ödənilməlidir. Lakin borclu üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmişdir. Lakin borclunun təxminən 10 gün olar ki, icra sənədindən xəbəri olmuşdur. Odur ki, borclu Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir və hal-hazırda ödənilməli olan borc məbləği 1715 manat təşkil edir. Beləliklə, göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-988/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan ümumilikdə 1685 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun qiyməti olan 30 manat pul vəsaitinin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Lakin onun bu vaxtadək sözügedən icra sənədindən xəbəri olmamışdır, təxminən 10 gün əvvəl icra məmuru ona barəsində qəbul edilmiş icra sənədi üzrə icraata başlandığını bildirmişdir. Füzuli Rayon Məhkəməsində işə baxılarkən qiyabı qətnamə qəbul edilmişdir. Həmin qətnamədən o şikayət vermişdir, şikayətin qəbul edilməsi barədə sənədi məhkəməyə təqdim edir. Odur ki, o, qeyd olunanların nəzərə alınaraq barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-988/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 1685 manat məbləğində əsas borcun və ödənilmiş dövlət rüsumunun qiyməti olan 30 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən bugünədək ödənilməmişdir. Artıq uzun müddətdir Şəxs tərəfindən icra sənədi üzrə olan borc tələbi icra edilmir. Beləliklə o, göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Füzuli Rayon Məhkəməsinin 2(064)-988/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 27 mart 2019-cu il tarixli ərizəyə əsasən borc aldığı 200 manat, 13 aprel 2019-cu il tarixli ərizə ilə borc aldığı 1485 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1715 manat pulun alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir; icraata başlama haqqında 19 noyabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-988/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Füzuli Rayon Məhkəməsinin 2(064)-988/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində qeyd olunan tələbi icra etmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur; borclunun axtarışı haqqında 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Bakı şəhəri, Xətai rayonu, 2347/2348 saylı məhəllə, Telnov küçəsində yerləşən yüksəkmərtəbəli yaşayış binasının 5 bloku, 1 otaqlı, 638 saylı mənzildə qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Lakin hazırki vəziyyətdə borclunun icra sənədi üzrə olan borcunu ödəməkdən boyun qaçırması, icra məmurunun qanuni tələblərinə tabe olmaması və məhkəmə qətnaməsinin icrasına maneə törətməsi və yaxud səthi yanaşması hallarının mövcud olmasından söz gedə bilməz. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-988/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarın 19 noyabr 2020-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, Şəxs icra sənədindən bu vaxtadək xəbəri olmamış, onun məhkəmə iclasında verdiyi izahatından və icra məmurunun çıxışında göstərdiyi xüsusatlardan məlum olmuşdur ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-988/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarı inzibati xəta haqqında protokolun tərtib olunmasından yalnız 10 gün əvvəl Şəxs təqdim edilmiş və ona icra sənədində göstərilən tələbin icra edilməsi bildirilmiş, lakin ona tələbin könüllü icra edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət verilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Füzuli Rayon Məhkəməsi tərəfindən işə qiyabi icraat qaydasında baxılmış, Şəxs iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Həmin qiyabı qətnamədən Şəxs tərəfindən şikayət verilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsini üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1137/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1137/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver