Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1150/2020 09.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edə-rək Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Xətai rayon Polis İdarəsinin 36-cı PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 211.1-ci maddəsində nəzəfrdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Protokol və qərarda onun karantin rejimi qaydaları pozmağı və “Dost Qapısı” kafesini işlətdiyi qeyd olunsa da, bunu təsdiq edən hər-hansı bir fakt, hal şahidləri qeyd olunmamışdır. O, “Dost Qapısı” kafesində karantin rejimi ilə əlaqədar onlayn xidmət göstərmək üçün “icaze.e-gov.az” saytında fiziki şəxs kimi qeydiyyatdan keçməklə xx.xx.2020-ci il tarixə kimi icazə almış və icazə təsdiqlənmişdir. Pandemiyanın vayılmasının qarşısının alınması ilə əlaqədar kafe bağlanmış heç bir müştəriyə xidmət göstərməmişdir. Kafenin həyətində yalnız müştərilərin onlayn sifarişi ilə qablaşdırılmış, yəni plastmas putulkalara doldurulub yerində və ya ünvanlarda müştərilərə çatdırmaq yolu ilə xidmət edilmişdir. xx xxxx 2020-ci il tarixdə bir neçə müştəri kafenin həyətində pivə sifariş verib gözlədikləri zaman polis əməkdaşları gəlib karantin rejiminin pozulması ilə əlaqədar protokol tərtib edərək 2000 manat məbləğində cərimə edilməyi barədə qərar qəbul etmiş, lakin protokol tərtib edilərkən o, onlayn xidmət göstərdiyini, bunun üçün müvafiq icazəsinin olduğunu, müştərilərin həyətdə, sifarişlərini gözlədiklərini bildirsə də, polis əməkdaşları buna heç bir məhəl qoymamış, onun qanunla qorunan hüquq və vəzifələrini pozaraq qanunsuz və əsassız olaraq protokol tərtib edərək qərar qəbul etmişlər. Polis əməkdaşları heç bir araşdırma aparmadan, sübutları araşdırmadan protokol tərtib etmiş və qərar qəbul etmişlər. Onun karantin rejimini hansı qaydada pozduğunu tərtib etdikləri protokolda qeyd etməyərək, həmin protokol əsasında qəbul edilmiş qərarda “Dost Qapısı” kafesini işlətdiyi qeyd edilmişdir. Polis əməkdaşları onlara verilən səlahiyyətlərdən sui-istifadə edərək heç bir araşdırma aparmadan öz istədikləri kimi qanunsuz hərəkətlər etmişlər. Ona görə də hesab edir ki, xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməlidir. Bundan başqa, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən onun 2000 (iki min) manat cərimə olunduğu maddə də anlaşılmaz olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd olunana maddənin sanksiyasından görünür ki, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə və hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Lakin onu necə, hansı maddə ilə, hansı qanunun tətbiqi ilə iki min manat cərimə etmələri qərarda öz əksini tapmamışdır. Bu hal bir daha polis əməkdaşlarının kor-təbii yolla protokol yazmaqlarını sübut etmişdir. Şikayətçi X4 şikayətinin hüquqi əsası kimi İXM-nin 12.1, 77.2, 53.0.1, 53.0.2, 105.1-ci maddələrinə istinad etmişdir. Qeyd olunanların nəzərə alınaraq şikayətin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə onlayn qaydada pivə sifarişi vermiş, həmin sifarişin qəbul edilməsi üçün “Dost Qapısı” kafesinin kənarına gəlmişdir. xx xxxx 2020-ci il tarixdə kafenin çölündə verdiyi onlayn sifarişi gözlədiyi zaman polis əməkdaşları gəlmiş, karantin rejiminin pozulduğunu bildirərək protokol tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X5 oxşar izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş material-larını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru, polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən X2 xx xxxx 2020-ci il tarixdə“Dost Qapısı” kafesində onun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozması əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X4xx xxxx 2020-ci il tarixdə“Dost Qapısı” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla əlaqədar İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir; “icaze.e-gov.az” portalından çıxarışdan görünür ki, X4 işəgötürən-direktor çalışmaqla, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri, Abşeron rayonu ərazisində xitmət göstərməsi ilə əlaqədar hərəkət etməyə müvafiq icazəsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli Qərarına əlavədən görünür ki, 5. Pərakəndə və topdan satış üzrə: 5.1. ərzaq məhsullarının satış məntəqələri; 5.2. apteklər; 5.3. yanacaqdoldurma məntəqələri; 5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; 5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 5.6. onlayn satışlar fəaliyyətinə icazə verilən sahələrdən biridir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərar ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğdə cərimə edilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərar qəbul olunarkən, ətraflı araşdırma aparılmadan, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına qiymət verilmədən qərar qəbul edilmişdir. Belə ki, X4 “Dost Qapısı” kafesində karantin rejimi ilə əlaqədar onlayn xidmət göstərmək üçün “icaze.e-gov.az” saytında fiziki şəxs kimi qeydiyyatdan keçməklə xx.xx.2020-ci il tarixə kimi icazə aldığını və icazənin təsdiqləndiyini, pandemiyanın yayılmasının qarşısının alınması ilə əlaqədar kafenin bağlandığından heç bir müştəriyə xidmət göstərmədyini, müştərilərə onlayn xidmət göstərdiyini bildirmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının tələbləri nəzərə alınmadan tərtib edilərək qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, həmçinin X2 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1150/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1150/2020
09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver