Məhkəmə qərarları › İş №3(011)-1154/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1154/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1154/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, aptekə getmək üçün təcili evdən çıxmışdır. Evdən çıxmazdan əvvəl SMS icazə üçün mesaj göndərmişdir. Aptekə gedən zaman onu postda yoxlanış üçün saxlamışlar. 1 dəqiqə sonra SMS icazə mesajı gəlmişdir. SMS icazəni polis əməkdaşına göstərsə də o, ona protokol tərtib etmişdir. SMS icazənin protokol yazılandan sonra 1 dəqiqə gecikməsini, hal-hazırda işsiz olduğunu nəzərə alaraq barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 məhkəmə iclasında etiraf etmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 13:05-də olduğu yeri və ya yaşayış yerini tərk etmək üçün icazəsi olmamışdır, lakin ailəsinin böyük olmasını və maddi vəziyyətinin pis olduğunu nəzərə alaraq onun barəsində çıxarılmış qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə səlahiyyətli orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Dövlət X5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə, saat 13:05-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyindən 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxxx 2020-ci il tarixli qərarının 1.4-cü bəndinə əsasən bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir; Həmin qərarın 1.5.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Müəyyən edilmişdir ki, X2 xx.xx.2021-ci il tarixdə yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumatı göndərmiş, lakin saat 13:05-də Bakı şəhəri, Zığ yolu küçəsində Bakı şəhəri Dövlət X3 əməkdaşı tərəfindən saxlanıldığı zaman epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə riayət edilmədiyi müəyyən olunaraq İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələbini pozduğu qeyd olunmaqla barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla şikayətçiyə 200 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Şikayətçi polis əməkdaşı tərəfindən saxlanıldıqdan 1 dəqiqə sonra SMS icazənin gəldiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, T.R.Qasımov yaşayış yerini və olduğu yeri tərk etmək üçün 3 (üç) saatlıq icazə mesajı göndərmiş, özünün də etiraf etdiyi kimi xx.xx.2021-ci il tarixdə saat 13:05-də saxlanıldıqdan sonra icazə mesajını almış, inzibati xətanın törədildiyi zaman, yəni xx.xx.2021-ci il tarixdə saat 13:05-də müvafiq icazəsi olmamış, bununla da, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmuşdur. Məhkəmə, mesajın 1 dəqiqə gecikməsi ilə razılaşmır və qeyd edir ki, şikayətçiyə icazənin qüvvədə olduğu müddətdə yaşayış yerini və olduğu yeri tərk etməyə icazə verilmiş, şikayətçi isə icazə mesajı təsdiqlənmədən hərəkət etmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallarda belə bir əsas nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə, X1 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhəri Dövlət X5 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 Bakı şəhəri Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Dövlət X5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar