Məhkəmə qərarları › İş №3(011)-1165/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1165/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1165/2025 18.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Qanuni nümayəndə və Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən X1 və X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqavilələri Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən əmək müqavilələri hüquqi qüvvəyə minmədən vətəndaşlar X1 və X4 müvafiq işlərin yerinə yetirilməsi üçün işə cəlb edildiklərindən hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Qanuni nümayəndə hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, barələrində tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Belə ki, protokolda göstərilir ki, X1 və X4 əmək müqavilələri hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb edilmişlər, lakin həmin şəxslər hüquqi şəxs tərəfindən heç bir işin görülməsinə cəlb edilməmişlər və onların Qarabağ zonasına daxil olmaları üçün icazə "xxxx" MMC tərəfindən alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, protokolda qeyd olunan X1 və X4 heç vaxt hüquqi şəxsdə çalışmamışlar və onların Qarabağ rayonunun ərazisinə keçmələri üçün icazə başqa şirkət tərəfindən alınmışdır. Beləliklə, göstərilənlərə əsasən o, hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X1 izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. Belə ki o, həmin şirkətdə çalışmaq istəsə də hava şəraiti əlverişli olmadığından həmçinin nəqliyyatla bağlı problem olduğundan orada çalışmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X4 izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. Həmin şirkətdə çalışmaq istəsə də həm hava şəraitinə görə, həm də nəqliyyatla bağlı olan problemlərə görə orada işləməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin baş əmək müfəttişi Bayramova Xalidə Vəkil qızı tərəfindən tərtib edilmiş 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatlara əsasən Şəxs MMC tərəfindən X1 və X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqavilələri Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişləri faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 20 iyun 2024-cü il tarixli, 3-17-5/2-38978/2024 saylı məktubdan görünür ki, hüquqi şəxsdən “Qarabağ və X7 rayonlarına giriş” üçün icazə alınmış işçilərlə 7 təqvim günü ərzində əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin təmin edilməsi tələb edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 31 iyul 2024-cü il tarixli, 3-17-5/2-50744/2024 saylı məktubdan görünür ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilmələri barədə işə baxılması 14 avqust 2024-cü il tarixə, saat 12:00-a təyin edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən X1 və X4 üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvafiq icazə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş hüquqi şəxs Şəxs barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını və şahidlərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən hüquqi şəxs Şəxs tərəfindən X1 və X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Lakin məhkəmə iclasında şahid qismində izahatı alınmış X1 izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. Belə ki o, həmin şirkətdə çalışmaq istəsə də hava şəraiti əlverişli olmadığından, həmçinin nəqliyyatla bağlı problem olduğundan orada çalışmaqdan imtina etmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində izahatı alınmış X4 izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. Həmin şirkətdə çalışmaq istəsə də həm hava şəraitinə görə, həm də nəqliyyatla bağlı olan problemlərə görə orada işləməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirilməklə kifayətlənilmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni Şəxs MMC tərəfindən icazəsi istənilən məlumatda adı qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamaları araşdırılmamışdır. Belə ki, həmin şəxslər üçün icazənin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilmələri anlamına gəlmir. Bununla da, yuxarıda götərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadan hüquqi şəxs Şəxs barəsində əsassız olaraq 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar