Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11716/2025 23.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Vəkil Haqverdi oğlunun iştirakı ilə Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 19 dekabr 2025-ci il tarixli EP seriyalı ******* saylı protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.6-cı maddəsinə əsasən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən 75000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 06 dekabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 24447.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 07 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Vəkil Haqverdi oğlu protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2025-ci il tarixdə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2023- cü il tarixdə 75.000 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə avans olaraq ölkə xaricinə köçürülmüş, ödənişin köçürüldüyü tarixdən iki il keçməsinə baxmayaraq 24.447 ABŞ dolları məbləğində vəsait hesabına ölkəyə hər hansı mal idxal edilməmiş və ya həmin məbləğdə valyuta geri qaytarılmamışdır. Bu əsasla cəmiyyətin AR İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi irəli sürülmüşdür. Məhkəmənin nəzərinə çatdırırıq ki, göstərilən nəticə əsassızdır və işin faktiki halları ilə təsdiq olunmur. Belə ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə UNİ GLOBAL İÇ VE DİŞ TİCARET LTD arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə 01 saylı xx.xx.2023-cü il tarixli əlavə razılaşma imzalanmışdır. Sözügedən əlavə razılaşmaya əsasən 24.447 ABŞ dolları məbləği daşınma (logistika) xərcləri kimi müəyyən edilmiş və tərəflər arasında əvəzləşdirilmişdir. Beləliklə, sözügedən 24.447 ABŞ dolları məbləği qarşılıqlı əvəzləşdirildiyindən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 430.4-cü maddəsi ilə cərimə edilməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun heç bir hüquqi əsası yoxdur, olmamışdır. Şərh olunanlar əsasında hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunan xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğundan, başqa sözlə, Şəxs MMC-nin əməlində protokolda qeyd olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından və ümumiyyətlə, inzibati xəta hadisəsi olmadığından xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş etmiş və bildirmişdir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdə UNİ GLOBAL İÇ VE DİŞ TİCARET LTD arasında alqı-satqı müqaviləsinə qeyd etdiyi 01 saylı xx.xx.2023-cü il tarixli əlavə avans köçürməsi zamanı banka təqdim edilməmiş və sənəd köçürmə sənədlərində əks olunmamışdır. Bu səbəbdən də həmin sənəd nəzərə alına bilməz. Odur ki, "xxxx" MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol əsasında bəyan edilməyən 24447.00 USD avans köçürməsinə münasibətdə inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, tərəflərin münasibətini öyrənərək hesab edir ki, hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixində 75000.00 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən qabaqcadan ödəniş aparılmış, lakin 02 il müddətin keçməsinə baxmayaraq 75000.00 ABŞ dolları məbləğində vəsaitdən qalıq qalmış 24.447 ABŞ dolları vəsait hesabına alınan malların idxal edilməsini, xidmətin göstərilməsini təsdiq edən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs Şəxs barəsində, törətdiyi inzibati xətanın obyekti olmuş 75000.00 ABŞ dolları məbləğində valyuta vəsaitinin qalıq qalmış 24.447 ABŞ dolları miqdarının qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən faizi miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməli, cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş və qalıq qalmış 75.000 ABŞ dolları məbləğində valyuta vəsaitinin qalıq qalmış 24.447 ABŞ dollarının iyirmi faizi miqdarında, yəni 4.489,40 ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-11716/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11716/2025
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver