Məhkəmə qərarları › İş №3(011)-11760/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11760/2025

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11760/2025 05.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əhədzadə Firdovsi Hüseyn oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 10 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 tərəfindən İXM-in 469-1-ci maddəsi ilə yazılmış inzibati tənbehin tətbiq edilməsi barədə MN ******* nömrəli elektron qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsi, həmçinin qanunsuzluqlara yol vermiş X5 (özü və ya vəzifəli şəxsinin) barəsində tədbir görülməsi üçün xüsusi qərar çıxarılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 27 mart 2023-cü ildə təsis edilmiş "xxxx" MMC-nin direktoru vəzifəsinə 08 may 2023-cü ildə təyin olunmuşdur. 10 yanvar 2024-cü ildə "xxxx" MMC-nin fəaliyyəti dayandırılmış və onun əmək müqaviləsinə xitam verilmişdir. Həmin müddət ərzində cəmiyyət nə de yure nə də ki, de fakto hər hansı bir fəaliyyətlə (istehsalatla) məşğul olmamış, hər hansı bir şəxslə əmək müqaviləsi bağlanmamışdır. Buna baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 tərəfindən şikayətçinin barəsində İXM-in 469-1-ci maddəsi ilə protokol tərtib edilmiş və 10 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli elektron qərarla qanunsuz və əsassız olaraq 1500 manat cərimə edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 469- 1-ci maddəsində göstərilmişdir ki, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi, yəni "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd etdiyi kimi onun direktor olduğu müddət ərzində cəmiyyət heç bir fiziki şəxslə əmək müqaviləsi bağlamamışdır. İkinci tərəfdən cəmiyyət özü heç bir istehasalatla məşğul olmamış, faktiki olaraq fəaliyyət göstərməmişdir. Bu barədə Vergilər Nazirliyinə müvafiq bəyannamələr vaxtlı vaxtında verilmişdir. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən istehsalat fiziki şəxsin işləri, xidmətləri (əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri hesab olunur. Qeyd etdiyi kimi cəmiyyət heç bir fəaliyyətlə məşğul olmayıb və heç kəslə əmək müqaviləsi bağlamayıb, şikayətçi də direktor kimi hər hansı bir fəaliyyətlə məşğul olmamışdır. Bu baxımdan X5 inzibati xəta hadisəsi olmadığı halda bu barədə protokol tərtib etmiş və qanunsuz olaraq cərimə tətbiq etmişdir. Həmçinin İXM-nin 38.1-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Buna baxmayaraq X5 10 yanvar 2024-cü ildə fəaliyyəti dayandırılmış və əmək müqaviləsinə xitam verilmiş MMC-nin direktoruna (faktiki olaraq direktor olmayan şəxsə) 10 sentyabr 2025-ci ildə yəni, inzibati xəta törədilmiş olsaydı belə törədilmə vaxtından 21 ay (bir il doqquz ay) sonra qanunsuz və əsassız olaraq inzibati tənbeh tətbiq etməklə 1500 manat cərimə edilməsi barədə qərar qəbul etməklə qanunun tələblərini kobud surətdə pozmuşdur. Qərar 10 sentyabr 2025-ci ildə qəbul edilməsinə baxmayaraq, 12 dekabr 2025-ci il tarixli məktubla şikayətçiyə göndərilmiş və 19 dekabr 2025-ci ildə poçtdan təqdim edilmişdir. Qanunla nəzərdə tutulmuş 20 gün şikayət müddəti keçməmişdir. Hesab edir ki, əməlində heç bir qanun pozuntusunun tərkib əlamətləri olmadığından, həmçinin İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmədiyindən, hər hansı bir əsasla törətdiyi hesab edilərsə belə müddətin keçməsi səbəbi ilə X5 tərəfindən İXM-in 469-1-ci maddəsi ilə yazılmış MN1001611 nömrəli elektron qərar ləğv edilməli və icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X3 şikayəti müdafiə edərək onun təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib edilmiş 10 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X3 işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması əsası ilə Azərbaycan Respublikası İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 469-1-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X2 inzibati tənbeh vermə haqqında qərarda nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində cərimə cəzası tətbiq edilməsi qanunauyğun deyildir. Belə ki, şikayətçinin təqdim etdiyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin verdiyi arayışdan görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixdən xx.xx.2049cu il tarixədək fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qərar qəbul edilərkən hüquqi şəxsin vergi ödəyicisi olaraq öz fəaliyyətini dayandırması və hüquqi şəxs tərəfindən hər hansı əməliyyatların aparılmaması faktı araşdırılmamış, qeyd edilən hallar müəyyən edilmədən hazırkı qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş 10 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli elektron qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Məhkəmə şikayətin qanunsuzluqlara yol vermiş X5 (özü və ya vəzifəli şəxsinin) barəsində tədbir görülməsi üçün xüsusi qərar çıxarılmasının təmin edilməsi hissəsinə münasibətdə hesab edir ki, şikayət bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş 10 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar