Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1182/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X4, X1 iştirakları ilə, X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarın ləğv olunması və bu qərar əsasında ona yazılmış 5000 (beş min) manat cərimənin silinməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildə Azərbaycan Respublikası Tibb Universitetini bitirmiş, Dövlət imtahan komissiyasının 19 iyun 2006-cı il tarixli qərarı ilə ona həkim ixtisası verilmişdir. "xxxx" MMC ilə aralarında yaranmış hüquq-münasibətlərinə uyğun olaraq ünvan 1 ünvanında tibb fəaliyyəti ilə məşğul olmuşdur. Yuxarıda qeyd olunan təşkilatın rəhbərliyi ilə aralarında yaranmış müəyyən narazılıqlar səbəbindən o, fəaliyyətini Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi 2B ünvanında davam etdirmək qərarına gəlmişdir. Bu ünvanda yerləşən sahənin fəaliyyət növünə uyğunlaşdırılması üçün təmir-bərpa işləri tərəfindən görüldükdən sonra ünvanın lisenziya alınması üçün tam hazır olduğunun göstərilməsi məqsədi ilə həmin ünvana lazım olan avadanlıqları yığıb, xüsusi icazənin (lisenziyanın) alınması üçün müvafiq orqanlara müraciət etmişdir. Qanunvericilikdə təsbit olunmuş normaların tələblərinə görə sözügedən fəaliyyət ilə bağlı xüsusi razılıq (lisenziya) alınmadan əvvəl hər bir həkim sertifıkasiya imtahanından keçməlidir. Bu hal hər beş ildən bir təkrarlanmalıdır. Bunun üçün altı həftəlik kurs keçirilməli və imtahan komissiyasının qərarı ilə imtihanın vaxtı məlum olmalıdır. Bütün bunlar 6-12 ay müddət tələb edir. xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları həmin ünvana gəlmiş, guya onun xüsusi icazə (lisenziya) almadan tibb fəaliyyəti ilə məşğul olduğunu müəyyən etmiş, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məlumat verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli hesab olunmuş, barəsində 5000 (beş min) manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə hesab edir ki, qərar ləğv olunmalı, ona tətbiq edilmiş 5000 (beş min) manat inzibati cərimə silinməlidir. Qərar əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır: 1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 385.0.3-cü maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübut olunmalıdır. İşin yuxarıda qeyd olunan həqiqi halları ilə məlum olur ki, o, Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi 2B ünvanında tibb fəaliyyəti ilə məşğul olmamışdır. Həmin ünvanda tibbi avadanlıqların mövcud olması oranın xüsusi icazə (lisenziya) alınması üçün hazır vəziyyətə gətirilməsi vəziyyəti daşıyırdı. Bununla da məlum olur ki, o, özündə inzibati xətanın tərkibini ehtiva edən hər hansı bir hərəkətə yol verməmişdir. Ona görə də hesab edir ki, əməlində inzibati xətanın tərkibi yoxdur. 2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli hesab olunmuş və barəsində 5000 (beş min) manat məbləğincə inzibati cərimə tətbiq edilmişdir. Həmin maddənin sanksiyasına görə “Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fıziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.” O, sözügedən ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı halda ona həmin maddənin fiziki şəxsləri üçün deyil, vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş tənbeh tətbiq edilmişdir. Bu isə heç bir halda qanuni və ədalətli ola bilməz. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar tərəfindən xx.xx.2023-cü il tarixində alınmışdır. Beləliklə, işin yuxarıda qeyd olunan həqiqi halları ilə məlum olur ki, əməlində inzibati xətanın tərkibi olmadığı halda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları protokol tərtib etmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən isə bu protokol əsasında barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. Bu azmış kimi hüquqi statusu fiziki şəxs olduğu halda ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin vəzifəli şəxslər üçün nəzərdə tutulmuş hissəni tətbiq etmişdirlər. Göründüyü kimi protokol tərtib olunarkən və bu protokol əsasında qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən barəsində verilmiş cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2023cü il tarixli MN ******* nömrəli qərar ləğv edilməli, bu qərar əsasında ona yazılmış 5000 (beş min) manat cərimə silinməlidir. Məhkəmə iclasında X9 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarla sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı halda əsassız olaraq vəzifəli şəxs kimi cərimələnmişdir. Bundan başqa, məhkəməyə səlahiyyətli orqan tərəfindən təqdim edilmiş operativ vergi nəzarətinin nəticələri haqqında aktda, sənədlərin və nümünə kimi əşyaların götürülməsi haqqında protokolda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış, guya xüsusi lisenziya olmadan fəaliyyət göstərməsi barədə ərizəsində və sair sənədlərdə olan imzaların heç biri ona məxsus deyil. Beləliklə o, göstərilənlərə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X6 26 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən X5 xx.xx.2022-ci il tarixində Bakı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən stomatoloji kabinetdə lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji) ilə məşğul olması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən 5000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X9 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X8 şöbəsinin baş mütəxəssisi X7 tərəfindən 23 yanvar 2023-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi ünvanında yerləşən stomatoloji kabinetdə xx.xx.2022-ci il tarixində DVX-nin Bakı şəhər LGBİ-nin nümayəndələri tərəfindən keçirilmiş yoxlama zamanı X5 lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji) ilə məşğul olması aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nazir müavini Rasim İsmayılov tərəfindən 26 yanvar 2023-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən X5 xx.xx.2022-ci il tarixində Bakı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən stomatoloji kabinetdə lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji) ilə məşğul olması faktının aşkar edilməsi əsas gətirilərək X5 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X3 surətdə təsərrüfat subyektinin texniki pasportunu, kommunal ödənişləri təsdiq edən sənədləri, mədaxil qəbzlərini və sahibkarlıq uçotu haqqında şəhadətnaməni öz imzası ilə təsdiqləyərək təqdim etmişdir. Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, fərdi sahibkar X5 Bakı şəhəri, Xətai rayonu, X14 küçəsində yerləşən stomatoloji kabinetində lisenziya tələb olunduğu halda belə lisenziya olmadan stomatoloji fəaliyyət ilə məşğul olaraq 29430.75 manat təşkil edən gəlir əldə etməsi faktı aşkar edilmiş və o, öz imzası ilə qeyd olunan aktı təsdiqləmişdir. Fərdi sahibkar X9 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış ərizədən görünür ki, Ç.İsayeva fəaliyyətini "xxxx" MMC tərkibində xüsusi razılıq (lisenziya) əsasında həyata keçirdiyini, hal-hazırda fəaliyyət ünvanının dəyişdiyini, yeni ünvanda xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərdiyinə görə Səhiyyə Nazirliyinə müraciət etdiyini qeyd etmiş və ərizəsində göstərilən xüsusatları öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Fiziki şəxslərin dövlət reyestrindən çıxarışdan məlum olur ki, X9 fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2022-ci il tarixində Bakı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən stomatoloji kabinetdə lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji) ilə məşğul olması əsas gətirilərək onun Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xüsusatlarla razılaşmayaraq həmin qərarla sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı halda əsassız olaraq vəzifəli şəxs kimi cərimələndiyini, məhkəməyə səlahiyyətli orqan tərəfindən təqdim edilmiş operativ vergi nəzarətinin nəticələri haqqında aktda, sənədlərin və nümünə kimi əşyaların götürülməsi haqqında protokolda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış, guya xüsusi lisenziya olmadan fəaliyyət göstərməsi barədə ərizəsində və sair sənədlərdə olan imzaların heç birinin ona məxsus olmadığını bildirərək barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə, X5 özünü vəzifəli şəxs hesab etməməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, o, xx.xx.2014-cü il tarixdə VÖEN alaraq fiziki şəxs kimi qeydiyyata alındığından və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan onun vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarına əsasən “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: - hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; - dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyrikommersiya təşkilatlarının rəhbərləri və işçiləri; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyrikommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; - xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; - beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar. Bundan başqa, məhkəmə, X5 məhkəməyə səlahiyyətli orqan tərəfindən təqdim edilmiş materiallarda olan imzaların ona məxsus olmaması ilə bağlı qeyd edir ki, şikayətçinin göstərdiyi xüsusatla bağlı operativ vergi nəzarətinin nəticələri haqqında aktda, sənədlərin və nümünə kimi əşyaların götürülməsi haqqında protokolda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xüsusi lisenziya olmadan fəaliyyət göstərməsi barədə ərizəsində çəkilmiş imzalarla, məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş şikayət ərizəsində çəkilmiş imzanın vizual formada müqayisəli analizini apararaq müəyyən etmişdir ki, sözügedən imzalar oxşardır və bu xüsusatla bağlı X9 tərəfindən verilmiş izahat özünü müdafiə xarakteri daşıyır və inzibati məsuliyyətdən yayınmaq üçün verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 26 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1182/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1182/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver