Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1193/2023 05.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis baş leytenantı X3 xx.xx.2022-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 15 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, N.İsmayılov küçəsində Şəxs idarə etdiyi “Toyota Prius minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Renault Megane minik” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində X4 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilib izahatında bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, “Toyota Prius” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və onun avtomobili idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi vardır. Həmin avtomobil ona məxsus deyil, çünki avtomobili 2022-ci ilin may-iyun aylarında “Buzdağ” adlı şirkətdən icarəyə götürmüşdür. O, avtomobilə görə 1.500 manat ilkin ödəniş etmiş və gündəlik 25 manat pul ödəmişdir. Avtomobil sahibi tərəfindən avtomobili idarə etməsi üçün ona həftəlik etibarnamə verilmişdir. O, avtomobillə “Bolt” taksi şirkətində qeydiyyatdan keçmiş və həmin şirkətdən mobil telefonuna daxil olan sifarişləri qəbul etdikdən sonra ünvanlarına çatdırır. 15 oktyabr 2022-ci il tarixdə saat təxminən 17:30 dəqiqə olar ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ şəhər” deyilən yerdən bir nəfər müştərini götürüb sifariş verilən yerə aparmağa başlamışdır. Müştəri bir nəfər qadın və bir nəfər cavan oğlan idi. Qadın arxa oturacaqda, oğlan isə qabaq oturacaqda əyləşmişdir. O, saat təxminən 18 radələri olardı ki, avtomobillə Xətai rayonu, İ.İsmayılov küçəsi ilə öz hərəkət zolağı ilə saatda 70-80 km sürətlə hərəkətdə idi. Yol ayrıcına, yəni Zığ şossesində olan C.Naxçıvanski adına hərbi məktəbə getmək üçün olan döngəyə çatmağa az qalmış ani bir anda oradan “Reno Megan” kimi tanıdığı avtomobil gələrək sürətlə onun hərəkət zolağına çıxmışdır. Həmin vaxt onun avtomobilinin qabaq hissəsi həmin avtomobilin qabaq sağ hissəsindən dəymişdir. Zərbənin təsirindən onun idarə etdiyi avtomobil hərəkət isitqamətini dəyişərək əks yola çıxmış və yolun kənarına dəyərək dayanmışdır. Xatırladığı qədər onu avtomobildən təcili tibbi yardım əməkdaşları çıxararaq 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmişdir. Həmin günü öyrənmişdir ki, avtomobilində arxa oturacaqda əyləşən qadın daha ciddi xəsarət almışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsə və səlahiyyətli orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 16 dekabr 2022-ci il tarixli 89/2022 saylı ekspert rəyindən görünür ki, X2 burun sümüyünün xətti sınığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 25 oktyabr 2022-ci il tarixli 1219 saylı ekspert rəyindən görünür ki, Şəxs bədənində müəyyən edilmiş xəsarətlər – sol bud və sol baldır nahiyələrində qançırlar və sol diz oynağı nahiyəsində sıyrıq küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə yəni, sürücü qismində idarə etdiyi minik avtomobilin, digər minik avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. D.Ş.X5 Mərkəzində müəyyən edilmiş “Döş qəfəsinin, qarnın küt travması” diaqnozu xəsarətlərin obyektiv əlamətlər ilə əsaslandırılmadığına və məhkəmətibbi müayinəsi zamanı öz obyektiv əlamətlərini tapmadığına görə onların xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis baş leytenantı X3 xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məlum olur ki, “Toyota Prius minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1193/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1193/2023
05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver