Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1208/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X2 iştirakı ilə, X5 Bakı şəhəri Dövlət X11 Yol Patrul Xidmətinin inspektoru, polis sıravisi X3 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Dövlət X11 Yol Patrul Xidmətinin inspektoru, polis sıravisi X3 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini xahiş etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci ildə idarə etdiyi **-MX-*** nömrəli Mersedes markalı maşını ilə Əhməd Rəcəbli küçəsinin Cəfər Xəndan küçəsi ilə kəsişməsində olan geriyə dönmə yerindən geriyə dönüb qayıdarkən Yol Polisi tərəfindən saxlanılmışdır və ona bildirilmişdir ki, geriyə dönmə qadağandır. O, ondan sübut tələb etdikdə ona yolun sol tərəfində böyük bir lövhənin arxasındakı “geriyə dönmə qadağandır” nişanını göstərmişdir. Amma o, bildirmişdir ki, yolun sağında yerləşən “ölüxana” adlanan ehtiyat hissələri bazarından çıxıb yolun sağ tərəfilə hərəkət etmişdir və soldakı nişanı görməmişdir. Aralarında mübahisə olmuş və o, 102-yə zəng edib şikayət etmişdir. Onu Şəhər Yol Polisinə çağırmışlar və demişlər ki, xəbər verəcəklər. Üstündən iki aydan çox vaxt keçdikdən sonra ona ordan məktub gəlmişdir ki, protokol düz yazılmışdır, qərarda verilmişdir. Lakin qərar ona təqdim edilməmişdir, qərarı o, özü əldə etmişdir. Yolun sağına isə bu yaxınlarda “geriyə dönmə qadağandır” nişanını qoyulmuşdur. Hazırda maşınına həbs qoyulmuşdur. Göstərilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 ərizə təqdim edərək, ərizəsində qeyd etmişdir ki, işin gedişatı zamanı mövcud pandemiya səbəbindən gecikmələr yaranmışdır. O, ilk öncə İnzibati məhkəməyə müraciət etmişdir, lakin pandemiya səbəbindən ordan ona gec xəbər verilmişdir. Beləliklə o, qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X9 səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X9 səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X5 qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətini nəzərdən keçirib hesab edir ki, müddət üzrlü səbəbdən buraxıldığına görə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Bakı şəhəri Dövlət X11 Yol Patrul Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada X6 rəsmi qaydada verilməsi iş materialları ilə təsdiq olunmamışdır. Həmçinin iş materiallarına əlavə olunmuş xəbərnamədən və Bakı İnzibati Məhkəməsinin məktubundan müvafiq olaraq məlum olur ki, X5 xx.xx.2020-ci il tarixli müraciəti xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş və onun müraciətinə cavab olaraq xx xxxxxx 2020-ci il tarixli məktubla aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Buna görə də qərardan şikayət vermə müddəti bərpa edilməlidir. Məhkəmə şikayət ərizəsini, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Dövlət X11 Yol Patrul Xidmətinin inspektoru, polis sıravisi X3 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, X7 yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Azərbaycan Respublikasının qoşulduğu və ratifikasiya etdiyi 1968-ci il tarixli «Vyana Konvensiyası»nın ; 6-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən nişanların beynəlxalq səviyyədə asanlıqla başa düşülməsi məqsədilə, bu Konvensiya ilə müəyyən olunmuş yol nişan və siqnalları sistemi hər bir növ nişanlar üçün xarakterik forma və rənglərə, habelə bütün mümkün hallarda yazıların deyil, qrafik işarələrin tətbiqinə əsaslanır. Razılığa gələn tərəflər nəzərdə tutulmuş işarələrə dəyişiklərin edilməsini zəruri hesab etdikdə, bu dəyişikliklər nişanların əsas xarakteristikasını dəyişməməməlidir. 13-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağanedici, məhdudlaşdırıcı və əmredici nişanlar, onların qüvvəyə mindiyi yerin bilavasitə yaxınlığında quraşdırılır və səlahiyyətli orqanın zəruri hesab etdiyi hallarda təkrarlana bilər. Lakin, pis görünüş səbəbindən və ya yol istifadəçilərinin əvvəlcədən xəbərdar edilməsi məqsədilə, səlahiyyətli orqanlar məqsədəmüvafiq saydıqları halda, nişanlar əmr, qadağa və ya məhdudiyyətin qüvvəyə mindiyi yerdən müəyyən məsafə qabaq quraşdırıla bilər. Əmr, qadağa və məhdudiyyətin qüvvəyə mindiyi yerdən qabaq quraşdırılan nişanların altında əlavə 1-in H bölməsinin H,1 əlavə lövhəciyi yerləşdirilir. 3-cü maddəsinə əsasən qadağanedici və məhdudlaşdırıcı nişanların qüvvəsi quraşdırıldığı yerdən, əks nişanın quraşdırıldığı yerədək və ya növbəti yolayrıcınadək şamil edilir. Qadağa və ya məhdudiyyətin yolayrıcından sonra da qüvvədə olmasını göstərmək tələb olduğu hallarda bu nişan milli qanunvericiliyə uyğun olaraq təkrarlana bilər. Yol nişanları hissəsinin C bölməsinin 3-cü bəndinin a) yarımbəndinə əsasən geriyə dönmənin qadağan...olunmasının...göstərilməsi məqsədilə C.12.. “GERİYƏ..DÖNMƏK QADA ĞANDİR” nişanından istifadə edilir. “Yol hərəkəti haqqında” Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Həmin Qanununun 64-cü maddəsinin İİİ hissəsinə əsasən qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı qərarda X5 yol nişanlarına və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədiyi göstərilmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin qeyd edilməlidir ki, yuxarıda qeyd olunan nişanın sürücülər onu asanlıqla və vaxtında qavraya bilmələri üçün uyğun yerdə quraşdırılması araşdırılmamış, X5 hərəkət istiqamətinə uyğun tərəfdə quraşdırlması məsələsi aydınlaşdırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti təmin edilməli, Bakı şəhəri Dövlət X11 Yol Patrul Xidmətinin inspektoru, polis sıravisi X1 xx xxxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Dövlət X11 Yol Patrul Xidmətinin inspektoru, polis sıravisi X1 xx xxxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1208/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1208/2021
03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver