Məhkəmə qərarları › İş №3(011)-1212/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1212/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1212/2024 15.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati xəta hqqında icraat aparılan şəxs - Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai rayon X10 Şöbəsindən daxil olmuş 29 fevral 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən idarə olunan moped ilə Xətai rayonu, Sarayevo küçəsi ilə üzü M.Hadi küçəsi istiqamətində təxminən saatda 20 km sürətlə hərəkətdə olan zaman sağ tərəfdən sol tərəfə doğru piyada qadın və yanında azyaşlı uşaq keçməyə başlamışlar, o onlara siqnal vermiş, lakin onlar əhəmiyyət vermədiyi üçün o saxlama əyləcini sıxmış, lakin Moped sürüşərək qadına toxunmuş, qadın da uşağın üzərinə yıxılmış, 2020-ci il təvəllüdlü X6 alın nahiyəsinin əziyi xəsarəti alaraq yol-nəqliyyat hadisəsi törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqında icraat aparılan şəxs - Şəxs izahat verərək bildirmişdir ki, MOON markalı 49 kub metr həcmi olan dövlət qeydiyyat nişanı təhkim olunmayan Mopedi idarə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 16:30radələrində idarə etdiyi MOON markalı Moped ilə Xətai rayonu, Sarayevə küçəsi ilə üzü M.Hadi küçəsi istiqamətində təxminən saatda 20 km sürətlə hərəkətdə olan zaman sağ tərəfdən sol tərəfə doğru piyada qadın və yanında azyaşlı uşaq keçməyə başlamışlar, o onlara siqnal vermiş, lakin onlar əhəmiyyət vermədiyi üçün o saxlama əyləcini sıxmış, lakin Moped sürüşərək qadına toxunmuş, qadında uşağın üzərinə yıxılmış, bundan sonra o onları xəstəxanaya aparmışdır. O, hadisə zamanı xəsarət almadığını, Məhkəmə Tibbi Ekspertizasından keçməkdən imtina etdiyini, YNH zamanı idarə etdiyi MOON markalı Mopeddə özündən başqa heç kim olmadığını, hadisə baş verən anda hava şəraitinin aydın, yol örtüyünün asfalt, asfalt örtüyünün sulu, idarə etdiyi MOON markalı Mopedinin texniki cəhətdən saz olduğunu, Mopedində yük yerində yük olmadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, “Socar”da yancaq doldurma məntəqəsində operator işləyir. Yol nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxslə əlaqə saxlamış, lakin zərərçəkmiş şəxs onunla kobud danışmış və üç min manat pul istəmişdir. Qeyd edilənlərə əsasən onun barəsində yüngül inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər Xətai rayon X10 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən Bakı şəhər Xətai rayon X10 Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Vlazim Musayev tərəfindən qəbul edilmiş 10 yanvar 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, MOON markalı mopedin sürücüsü xx.xx.2002-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 15, mənzil 55-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhər Xətai rayon X10 İdarəsinə göndərilmişdir. 13 dekabr 2023-cü il tarixli 2/51955 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. 27 dekabr 2023-cü il tarixli “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin 1412 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, azyaşlı X4 dilin əzilmiş-cırılmış yarası, alt çənədə sol İİİ dişin uc hissədən sınması, sol aşıq-baldır oynağı nahiyəsinin qançırı, alt çənənin şişkinli fasiləli sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdilər ve dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. 27 dekabr 2023-cü il tarixli “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin 1413 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, vətəndaş X1 budçanaq oynağı nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2023- cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Bakı şəhər Xətai rayon X10 Şöbəsi tərəfindən tərtib edilmiş 29 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs mopedlə yol nəqliyyat hadisəsi törətmişdir. X2 alın nahiyəsinin əziyi kimi yüngül dərəcəli bədən xəsarəti yetirmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 338.7-ci maddəsinə əsasən bu Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 120 (yüz iyirmi) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar