Məhkəmə qərarları › İş №3(011)-1213/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1213/2021

05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1213/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 28 may və Səfərəliyev küçələrinin kəsişməsində ona İXM-nin 327.1-ci maddəsinə əsasən protokol yazılmış və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin protokol və qərarla razı deyildir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 5 saylı Əlavəsinə əsasən 1.18 nişanlanması yolda hərəkət intensivliyindən aslı olaraq 20-30 metrdən bir təkrarlanmaqla 2 dəfə tətbiq olunmuşdur. Bu yolda isə 5-10 metrdən bir tətbiq edilməklə 2 dəfə tətbiq edilmişdir. Nişanlanma “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə uyğun olmadığından sürücü olaraq 1.18 nişanlanmasını gördükdə 1.18 nişanını yəni 1.15 yəni (qırıq-qırıq) nişanlanmasının təsir zonasında olmadığından hərəkətdə olduğu zolağı dəyişə bilməzdi. Zolağı dəyişə bilmədiyinin səbəbi 1.18 nişanlanmasının təsir zonasında olması və arxadan sol zolaqda gələn nəqliyyat vasitəsinə mane olmamaqdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 1.1 nişanlanmasının tələblərini pozmamaq və arxadan gələn nəqliyyat vasitəsinin hərəkətinə yaratmamaq üçün hərəkətini düz davam etdirmişdir. Nişanlanmanı düzgün aparmadığından və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun normativ tələblərinə uyğun olmamasına görə inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 28 may və Səfərəliyev küçələrinin kəsişməsində yol nişanlarının tələblərinə riayət edilməməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur;76.1ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğdə cərimə edilmişdir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Azərbaycan Respublikasının qoşulduğu və ratifikasiya etdiyi 1968-ci il tarixli «Vyana Konvensiyası»nın ; 6-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən nişanların beynəlxalq səviyyədə asanlıqla başa düşülməsi məqsədilə, bu Konvensiya ilə müəyyən olunmuş yol nişan və siqnalları sistemi hər bir növ nişanlar üçün xarakterik forma və rənglərə, habelə bütün mümkün hallarda yazıların deyil, qrafik işarələrin tətbiqinə əsaslanır. Razılığa gələn tərəflər nəzərdə tutulmuş işarələrə dəyişiklərin edilməsini zəruri hesab etdikdə, bu dəyişikliklər nişanların əsas xarakteristikasını dəyişməməməlidir. 13-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağanedici, məhdudlaşdırıcı və əmredici nişanlar, onların qüvvəyə mindiyi yerin bilavasitə yaxınlığında quraşdırılır və səlahiyyətli orqanın zəruri hesab etdiyi hallarda təkrarlana bilər. Lakin, pis görünüş səbəbindən və ya yol istifadəçilərinin əvvəlcədən xəbərdar edilməsi məqsədilə, səlahiyyətli orqanlar məqsədəmüvafiq saydıqları halda, nişanlar əmr, qadağa və ya məhdudiyyətin qüvvəyə mindiyi yerdən müəyyən məsafə qabaq quraşdırıla bilər. Əmr, qadağa və məhdudiyyətin qüvvəyə mindiyi yerdən qabaq quraşdırılan nişanların altında əlavə 1-in H bölməsinin H,1 əlavə lövhəciyi yerləşdirilir. X2 yol nişanlarının tələblərinə riayət edilməməsinin səbəbinin nişanın “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun normativ tələblərinə uyğun olmaması olduğunu bildirmişdir. Elektron qərardan görünür ki, qərarda xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli qərarla X1 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli qərar ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar