Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1222/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, şikayətçi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 mənzil 184 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır. xx.xx.2021 -ci il tarixdə dayısı oğlu X4 ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində birlikdə açıq havada hərəkət edərkən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları onlara yaxınlaşaraq yaşayış yerini tərk etdikləri üçün icazələrinin olub-olmamadığını soruşmuş və onlar elektron informasiya sistemində aparılan yoxlama nəticəsində hər ikisinin “icaze.egov.az” elektron portalında qeydiyyatdan keçmiş elektron icazələrinin olduğu müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları omların fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə edib-etməməsini yoxlamış və bu zaman onlar tam qanunsuz, əsassız və nümayişkaranə formada qərəzli şəkildə guya onun tibbi maskadan düzgün istifadə etmədiyini bildirmişlər. Halbuki, o, həmin an fərdi qoruyucu vasitədən təyinatına uyğun olaraq tam düzgün istifadə etmiş və tibbi maska burnunun üzərinə kimi çəkilmiş vəziyyətdə olmuşdur. Daha sonra polis əməkdaşları ona fərdi qoruyucu vasitədən düzgün istifadə etmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu dedikdə, o, haqlı olaraq buna və polis əməkdaşlarının digər qərəzli və qanunsuz hərəkətlərinə qarşı öz etirazını bildirsə də, polis əməkdaşları onun haqlı etirazmlarına məhəl qoymamış, əksinə onun guya onlara qarşı fiziki zor tətbiq etmək istədiyini göstərən isterik hərəkətlər etməyə başlamış və ifadələr işlətmişlər. Təbii ki, polis əməkdaşlarının bu cür gülünc vəziyyətə düşməyində əsas səbəb onun guya həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211,2-ci maddəsinin, həm də həmin Məcəllənin 535.1-ci maddəsinin tərkibinin yaranmasına səbəb ola bilən hərəkətlər etdiyini nümayiş etdirmək idi. Polis əməkdaşları qanunsuz hərəkətlər icra etməyi davam etdirməklərinə baxmayaraq, o, yenə də onlara fərdi qoruyucu vasitədən düzgün istifadə etdiyini və hərəkətləri ilə hər hansı inzibati hüquq pozuntusu törətmədiyini bildirmişdir. Lakin polis əməkdaşları bütün bunlara baxmayaraq barəsində iznibati xəta haqqında protokol tərtib etsə də, həmin protokol tərəfindən imzalanmamışdır. Eyni zamanda xüsusilə qeyd etmək istəyir ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 117.2-ci maddəsinə əsasən iki gün müddətində ona rəsmi şəkildə təqdim edilməli olsa da, həmin qərar 38-ci Polis Bölməsinə tərəfindən iki dəfə rəsmi şəkildə müraciət edildikdən sonra yalnız xx.xx.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Əlavə olaraq bildirir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar bunu təsdiq edən hər hansı bir mötəbər sübut olmadan qəbul edilmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən X1 tibbi maskadan düzgün istifadə etməməsi əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-si tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, səlahiyətli orqanın vəzifəli şəxsi tərəfindən X1 tibbi maskadan istifadə etməməsi əsas gətirilməklə İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmişdir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Müəyyən edilmişdir ki, X2 tibbi maskadan istifadə etməməsi əsası ilə İXM-nin 211.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. X2 həmin vaxt tibbi maskadan düzgün şəkildə istifadə etməsini bildirmişdir. İnzibati xəta haqqında protokolda X1 tibbi maskadan istifadə etməsi müəyyən olunmuş, lakin düzgün istifadə etməməsi qeyd edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda isə ümumiyyətlə X1 tibbi maskadan istifadə etməməsi göstərilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokolla inzibati tənbeh vermə haqqında qərar arasında müəyyən ziddiyət mövcuddur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət qismən əsaslıdır. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələbləri nəzərə alınmadan tərtib edilərək qəbul edilmişdir. Bundan əlavə, qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-si tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X1 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissədə şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-si tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1222/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1222/2021
05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver