Məhkəmə qərarları › İş №3(011)-1228/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1228/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1228/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 05 dekabr 2023-cü il tarixli, 01400-09628/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC 2023-cü il tarixdə 1 gömrük bəyannaməsi üzrə 10360 ABŞ dolları (17612 manat) məbləğində vəsaitin bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC ixrac etdiyi malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 10360 ABŞ dolları (17612 manat) valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 təmsil etdiyi hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, hüquqlarını təmsil etdiyi hüquqi şəxs Şəxs MMC ilə "xxxx" Səhmdar Şirkəti arasında bağlanmış müqavilənin 8.7-ci bəndinə əsasən tərəflərindən göndərilmiş mallar az miqdarda olduqda və ya keyfiyyətləri aşağı olduqda onlar həmin əksik çatdırılmış malların 5%-nə bərabər olan əvvəlcədən razılaşdırılmış zərəri alıcıya ödəməlidirlər. Lakin tərəflərindən təqdim edilən məhsulun keyfiyyəti və kəmiyyəti razılaşdırılmış səviyyədə olmadığı üçün alıcı tərəfindən aralarında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq dəymiş ziyanın qarşılığında onlardan 4797.84 ABŞ dolları məbləğində kompensasiya tutulmuş, həmçinin müqaviləyə 5 nömrəli əlavəyə əsasən əlavə olaraq da onların ödəməli olduqları bonus məbləği 5562.16 ABŞ dolları kimi hesablanmışdır. Qeyd olunan hallar isə onların təqsirini istisna edir. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 05 dekabr 2023-cü il tarixli, 01400-09628/23 nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 2023-cü il tarixdə 1 gömrük bəyannaməsi üzrə ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 10360 ABŞ dolları (17612 manat) məbləğində vəsait onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir; “Grand-Trade” SC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2023-cü il tarixli, GT-23-004159 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli, QT/38262/22 saylı müqaviləyə əsasən keyfiyyət və kəmiyyət standartlarına uyğun olmayan malın göndərilməsi nəticəsində dəymiş zərərin və cərimənin ümumi məbləği 246.21 ABŞ Dolları müəyyən edilmişdir; “Grand-Trade” SC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2023-cü il tarixli, GT-23-005784 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli, QT/38262/22 saylı müqaviləyə əsasən keyfiyyət və kəmiyyət standartlarına uyğun olmayan malın göndərilməsi nəticəsində dəymiş zərərin və cərimənin ümumi məbləği 134.66 ABŞ Dolları müəyyən edilmişdir; “Grand-Trade” SC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2023-cü il tarixli, GT-23-006054 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli, QT/38262/22 saylı müqaviləyə əsasən keyfiyyət və kəmiyyət standartlarına uyğun olmayan malın göndərilməsi nəticəsində dəymiş zərərin və cərimənin ümumi məbləği 1160.25 ABŞ Dolları müəyyən edilmişdir; “Grand-Trade” SC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2023-cü il tarixli, GT-23-006429 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli, QT/38262/22 saylı müqaviləyə əsasən keyfiyyət və kəmiyyət standartlarına uyğun olmayan malın göndərilməsi nəticəsində dəymiş zərərin və cərimənin ümumi məbləği 560.67 ABŞ Dolları müəyyən edilmişdir; “Grand-Trade” SC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2023-cü il tarixli, GT-23-006431 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli, QT/38262/22 saylı müqaviləyə əsasən keyfiyyət və kəmiyyət standartlarına uyğun olmayan malın göndərilməsi nəticəsində dəymiş zərərin və cərimənin ümumi məbləği 690.08 ABŞ Dolları müəyyən edilmişdir; “Grand-Trade” SC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2023-cü il tarixli, GT-23-006469 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli, QT/38262/22 saylı müqaviləyə əsasən keyfiyyət və kəmiyyət standartlarına uyğun olmayan malın göndərilməsi nəticəsində dəymiş zərərin və cərimənin ümumi məbləği 1345.13 ABŞ Dolları müəyyən edilmişdir; “Grand-Trade” SC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2023-cü il tarixli, GT-23-006473 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli, QT/38262/22 saylı müqaviləyə əsasən keyfiyyət və kəmiyyət standartlarına uyğun olmayan malın göndərilməsi nəticəsində dəymiş zərərin və cərimənin ümumi məbləği 929.08 ABŞ Dolları müəyyən edilmişdir; “Grand-Trade” Səhmdar Cəmiyyəti ilə Şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli, QT/38262/22 saylı müqavilənin 8.7-ci bəndindən görünür ki, çatdırılmama, malların satınalma sifarişində göstərilən az miqdarda çatdırılması, pis keyfiyyətli malların çatdırılması, icra olunması üçün satıcı tərəfindən qəbul edilmiş satınalma sifarişinin şərtlərinə uyğun olmayan malların çatdırılması halında (Malların çeşidi və xarakteristikalarının uyğunsuzluğu daxil olmaqla lakin bununla məhdudlaşmayaraq), Satıcı artıq ödənilmiş gömrük ödənişlərinin məbləği və ya sığorta ödənişi, faktiki olaraq çatdırılmamış mallar üçün ödəniş daxil olmaqla qarşıya çıxan zərərləri Alıcıya kompensasiya edəcək. Satınalma sifarişində daha böyük əvvəlcədən razılaşdırılmış zərərlər müəyyən edilmədiyi halda, zərərlərin kompensasiyası ilə birlikdə Satıcı əksik çatdırılmış malların dəyərinin 5%-nə bərabər olan əvvəlcədən razılaşdırılmış zərərləri Alıcıya ödəyəcək (pis keyfiyyətli mallar, Satınalma sifarişinin şərtlərinə uyğun olmayan mallar). Zərərlərin məbləği Alıcının iddia etdiyi məbləği hesablayan zaman nəzərə alınmalıdır; “Grand-Trade” SC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2023-cü il tarixli, GDUT-025579 nömrəli bonus ödənişi aktından görünür ki, GT/38262/22 saylı müqaviləyə 5 №li əlavəyə əsasən, alıcıya satıcı tərəfindən hər ay müəyyən alış həcminə görə bonus ödənilməsi hüququ verilir. Bonus məbləği hesabat dövrü üçün təhvil verilmiş malların məbləğinin 5%-i kimi hesablanmalıdır. xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində alış həcmi 111243.19 ABŞ dolları təşkil edir. Bonusun məbləği ƏDV daxil olmaqla 5562.16 ABŞ dollarıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat hüquqi şəxsin nümayəndəsinin çıxışını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş 05 dekabr 2023-cü il tarixli, 01400-09628/23 nömrəli protokola əsasən Şəxs MMC tərəfindən 2023-cü il tarixdə 1 gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 10360 ABŞ dolları (17612 manat) məbləğində vəsaitin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməməsi əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi hüquqi şəxs Şəxs MMC ilə "xxxx" Səhmdar Şirkəti arasında bağlanmış müqavilənin 8.7-ci bəndinə əsasən tərəflərindən göndərilmiş mallar az miqdarda oduqda və ya keyfiyyətlər aşağı olduqda onlar həmin əksik çatdırılmış malların 5%nə bərabər olan əvvəlcədən razılaşdırılmış zərəri alıcıya ödəməlidirlər. Lakin tərəflərindən təqdim edilən məhsulun keyfiyyəti və kəmiyyəti razılaşdırılmış səviyyədə olmadığı üçün alıcı tərəfindən aralarında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq dəymiş ziyanın qarşılığında onlardan 4797.84 ABŞ dolları məbləğində kompensasiya tutulmuş, həmçinin müqaviləyə 5 nömrəli əlavəyə əsasən əlavə olaraq da onların ödəməli olduqları bonus məbləği 5562.16 ABŞ dolları kimi hesablanmışdır. Qeyd olunan hal isə özlüyündə Şəxs təqsirini istisna edir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda hüquqi şəxs Şəxs tərəfindən xarici iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 17612 manat təşkil edən 10360 ABŞ dolları xarici valyuta vəsaitinin xaricdən qaytarılmamasına istinad edilsə də, hüquqi şəxs tərəfindən ixrac olunmuş mallar keyfiyyət və kəmiyyət baxımından "xxxx" Səhmdar Şirkəti ilə razılaşdırılmış şərtlərə uyğun gəlmədiklərindən həmin şirkət tərəfindən Şəxs MMC-dən müxtəlif tarixlərdə 246.21 ABŞ Dolları, 134.66 ABŞ Dolları, 1160.25 ABŞ Dolları, 560.67 ABŞ Dolları, 690.08 ABŞ Dolları, 1345.13 ABŞ Dolları və 929.08 ABŞ Dolları məbləğində kompensasiya tələb edilmiş, habelə alıcı şirkət xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan dövr üzrə alış həcmi 111243.19 ABŞ dolları təşkil edən mallar üçün 5562.16 ABŞ dolları məbləğində bonus ödənişi hesablamışdır. Məhkəmənin qənaətinə əsasən səlahiyyətli orqan tərəfindən qeyd olunan xüsusatlar araşdırılmadan Xaçmaz Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli, **********8328 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 10360 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi qənaətinə gəlinərək barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunması əsassız olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar