Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1237/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi Baxşı zadə Elnur Aydın oğlunun iştirakı ilə, Baxşı zadə Elnur Aydın oğlunun xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Baxşı zadə Elnur Aydın oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 21.15 radələrində özünə məxsus olan 99UM682 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı nəqliyyat vasitəsi ilə Z.Bünyadov prospekti ilə hərəkət edərkən Dövlət Yol Polisi İdarəsinin əməkdaşı onu saxlamış, sağ arxa qabarit işığın yanmaması əsası ilə barəsində protokol tərtib edəcəyini bildirmişdir. O, lampanın dəyişdirilməsinin aradan qaldırılması mümkün olan nasazlığa daxil olması əsası ilə protokol yazılmasına etirazını bildirsə də, polis əməkdaşı onun izahatına məhəl qoymadan sürücülük vəsiqəsini ona qaytarmış və öz yoluna davam etmiş, bir neçə dəqiqə sonra isə cərimə olunmağı barədə telefonuna sms daxil olmuşdur. Bundan dərhal sonra saat 21.19-da AsanPay ünvanından aşağıdakı məzmunda sms almışdır: “Hormetli ELNUR BAXShl ZADE. Sizin İXP ******* protokol uzre xx.xx.2021 tarixinden etibaren icra qerari quvveye minib, www.asanpay.az, Tel : 108”. Elektron kabinetimə daxil olmuş və qərarın qüvvəyə minməsi tarixi kimi xx xxxxxx 2021-ci il tarixin qeyd edildiyini görmüşdür. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, inzibati xəta haqqında qərar qanunsuz olduğu üçün ləğv edilməlidir: 1. İXM-nin 342.5-ci maddəsi “nasazlığın aradan qaldırılması mümkün olan nəqliyyat vasitəsinin istismarını” inzibati xəta kimi müəyyən etmir: İXM-nin 342.5-ci maddəsi müəyyən edir ki, “Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir”. Göründüyü kimi, xarici işıq cihazları nasazdırda və bu nasazlığı aradan qaldırmaq mümkündürsə, bu hal inzibati xəta kimi qiymətləndirilməmlidir. Nəqliyyat vasitəsinin bütün konstruksiyasında sıradan çıxmış və aradan qaldırılması mümkün olan ən asan nasazlıq isə işıq lampasının yenisi ilə əvəz edilməsidir. Əlavə olaraq, onu da bildirmək istəyir ki, vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə və fərqlənmə nişanı almaqla taksi fəaliyyəti ilə məşğul olur və həmin nəqliyyat vasitəsinin texniki sazlığı onun üçün mühüm əhəmiyyət kəsb edir. Sağ arxa qabarit işığın lampasının sıradan çıxması məhz həmin ərəfədə hərəkət vaxtı baş vermişdir və onun bu barədə xəbər tutmaq imkanı olmamışdır. Hərəkət vaxtı hər hansı bir işıq lampasının sıradan çıxması sürücünün iqtidarında olan məsələ deyildir və bunu inzibati xəta kimi qiymətləndirmək olmaz. 2. Protokol İXM-nin bir sıra tələblərinin pozulması ilə tərtib edilmişdir: İXP ******* nömrəli protokol İXM-nin 100-cü maddəsinin aşağıda sadalanan bir neçə tələbinin kobud surətdə pozulması ilə tərtib edilmişdir: a. İnzibati xətanın mahiyyətinin qeyd edilməməsi: İXM-nin 100.1.4-cü maddəsinə əsasən, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməli olsa da, inzibati xətanın mahiyyəti protokolda yoxdur. İXM-nin 342.5-ci maddəsinə ilə müəyyən edilmiş məhz hansı halın pozulması və pozuntunun konkret nədən ibarət olması protokolda qeyd edilməmişdir; b. İzahatların protokola daxil edilməməsi: İXM-nin 100.1.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməli olsa da, onun izahatları protokola daxil edilməmişdir. O, protokolu tərtib edən polis əməkdaşına iddia edilən xəta ilə bağlı öz mülahizələrini və etirazlarını bildirmiş, lampanın sıradan çıxmasının inzibati xəta olmasını qəbul etməməyini polis əməkdaşı protokola daxil etməmişdir; c. Hüquq və vəzifələrin izah edilməsi barədə qeyd edilməməsi: İXM-nin 100.2-ci maddəsinin tələblərinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Polis əməkdaşı tərəfindən hüquq və vəzifələr izah edilməmiş və bu barədə heç bir qeyd protokola daxil edilməmişdir; d.Fərdi identifıkasiya nömrəsinin protokola daxil edilməməsi: İXM-nin 100.1.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifıkasiya nömrəsi protokola daxil edilməli olsa da, polis əməkdaşı fərdi identifıkasiya nömrəsini də protokolda əks etdirməmişdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli qərarla bağlı bildirir ki, inzibati xəta törətməmiş, aradan qaldırıla bilən nasazlığın (lampanın sıradan çıxmasının) inzibati xəta kimi qiymətləndirilməsi isə İXM-nin tələbləri ilə ziddiyyət təşkil edir. Məhkəmə iclasında iştirak edən şikayətçi Baxşı zadə Elnur Aydın oğlu şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Baxşı zadə Elnur Aydın oğlu xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur;76.1ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Baxşı zadə Elnur Aydın oğlu inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli qərarla xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin dispozisyası sadalanmış, şikayətçinin konkret olaraq hansı xətanı törətməsi göstərilməmişdir. Baxşı zadə Elnur Aydın oğlu polis əməkdaşının sağ arxa qabarit işığın yanmaması əsası ilə barəsində protokol tərtib edəcəyini bildirmişdir. Məhkəmə nəzərə alır ki, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində dispozisyası sadalanmış nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə tənbeh nəzərdə tutulmuşdur. Bu səbəbdən yoil patrul xidməti inspektoru nasazlığın aradan qaldırılmasının mümkün olub-olmamasını müəyyən etməli, nasazlığın aradan qaldırılması mümkün olmadığı halda inzibati xəta haqqında protokol tərtib etməli idi. Baxşı zadə Elnur Aydın oğlu nasazlığın aradan qaldırılmasının mümkün olduğunu bildirmişdir. Digər tərəfdən, inzibati xəta haqqında protokol xx.xx.2021-ci il tarixdə tərtib edilmiş, Baxşı zadə Elnur Aydın oğlu inzibati xətanın mövcudluğu ilə razılaşmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İş materiallarından göründüyü kimi, inzibati xəta haqqında protokol xx.xx.2021-ci il tarixdə tərtib edilmiş, eyni zamanda inzibati tənbeh tətbiq etmə haqqında qərar da həmin tarixdə çıxarılmışdır. İnzibati orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmasına dair hər hansı sübut təqdim etməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli qərarla Baxşı zadə Elnur Aydın oğlunun İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Baxşı zadə Elnur Aydın oğlunun şikayəti qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, Baxşı zadə Elnur Aydın oğlunun inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissədə şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Baxşı zadə Elnur Aydın oğlunun şikayəti qismən təmin edilsin. Baxşı zadə Elnur Aydın oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin Dövlət Yol Polis İdarəsinə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1237/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1237/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver