Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-124/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun 25 noyabr 2024-cü il tarixli qərardan və həmin qərara əsasən tərtib edilmiş 10 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 09:00 radələrində Şəxs idarə etdiyi «Kia» markalı 77-BK- 983 dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu, Zığ şossesi ilə düzünə hərəkətdə olan zaman qarşısında yolun soldan 2-ci hərəkət zolağında işıqforun qırmızı işığında dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi «Mersedes» markalı **-MQ-*** dövlət qeydiyyat nömrəli avtomobilin sol yan hissəsi ilə toqquşmuş, nəticədə sonuncu yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, idarə etdiyi avtomobilin əyləcində problem yarandığından avtomobili saxlaya bilməyərək işıqforun qırmızı işığında dayanmış «Mersedes» markalı **-MQ-*** dövlət qeydiyyat nömrəli avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Etdiyi əməlindən peşmançılıq hissi keçirdiyini bildirdi. Sürücülük hüququnun məhdudlaşdırılması tək onun deyil bütün ailəsinin vəziyyətini çox çətinləşdirəcək. Qeyd edilənlərə əsasən onun barəsində yüngül inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, Tibb Universitetinin müəllimidir. 05 noyabr 2024-cü il tarixdə saat təxminən 07.50 radələrində idarə etdiyi «Mersedes» markalı 77- MQ-447 dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu, Zığ şossesi ilə hərəkətdə olarkən Zığ magistral yoluna daxil olaraq yolun soldan 2ci hərəkət zolağı ilə hərəkətdə olaraq birinci işıqforda qırmızı işıqda avtomobilini saxlamışdır. Bu vaxt arxasında eyni istiqamətdə hərəkətdə olan «Kia Pride» markalı **-BK- *** dövlət qeydiyyat nömrəli avtomobil onun avtomobilinin sol yan hissəsi ilə toqquşmuşdur. Həmin vaxt DYP şöbəsinin əməkdaşları onlara yaxınlaşaraq hzadisəni rəsmiləşdirib çıxıb getmişlər. 26 oktyabr 2024-cü il tarixdə əməliyyat olunmuş və böyrəyinə stend qoyulmuşdur. Hadisədən sonra onun bədənində ağrılar əmələ gəlmiş və o yenidən həkimə müraciət etmişdir. Məlum olmuşdur ki, böyrəyində olan stend yerindən tərpənib. Ona görə də o, 06 noyabr 2024-cü il tarixdə məcburiyyət qarşısında qalıb yenidən əməliyyat etdirmişdir. Hadisəni törətmiş avtomobilin sürücüsü ona heç bir maddi və mənəvi dəstək göstərməmişdir. Əməliyyatını nəzərə almaqla yol nəqliyyat hadisəsi zamanı ona 2100 manat maddi ziyan dəymiş, həmin pulun bir hissəsi əməliyyat xərclərinə digər hissəsi diaqnostika, analizlər və dəirmanlara xəclənmişdir. Şəxsla telefonla danışdılar, o avtomobilini təmir etdirəcəyini dedi, lakin sonradan dəfələrlə onu yığsa da Şəxs onun telefonlarına cavab verməmişdir. Onun avtomobilinə dəymiş ziyanın xərci kasko tərəfindən ödənilmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də şikayətçidir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri Xətai Rayon Polis İdarəsi nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis leytenantı Teymur Ağamirovun qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Xətai DYPŞ-nə göndərilmişdir. 11 noyabr 2024-cü il tarixli “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin 1204 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının küt travması (silkələnməsi) nəticəsində sağ böyrəkdə yerləşən uretral stendin dislokasiyası və daha sonra həmin stendin planlaşdırılan müddətdən əvvəl çıxarılması müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə YNH zamanı törənə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Xətai RPİ-nin DYPŞ-nin 10 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 07:50 radələrində idarə etdiyi «KİA PRİDE» markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-124/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-124/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver