Məhkəmə qərarları › İş №3(011)-1252/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1252/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1252/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Şamilli Nicat Kamran oğlunun Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin 23 mart 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Şamilli Nicat Kamran oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 23 mart 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şamilli Nicat Kamran oğlu şikayətini onunla əsaslandırmışdır ki, 23 mart 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 30098 nömrəli parklanma məntəqəsində Şamilli Nicat Kamran oğluna məxsus Kia Forte markalı **-HT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini saat 15:22-dən 15:39-dək parklamış, bunu AzParking mobil tətbiqi vasitəsilə bəyan etmiş və parklanma müqabilində 30 qəpik məbləğində ödənişi etmişdir. xx.xx.2024-cü il tarixdə Şamilli Nicat Kamran oğluna məxsus mobil nömrəyə AsanPay sistemi vasitəsilə inzibati tənbeh tətbiq edilmə barədə bildiriş almışdır. AsanPay portalında daxil olarkən məlum oldu ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra AYNA) tərəfindən Şamilli Nicat Kamran oğlunun barəsində İXMnin 346-1.1-ci maddəsinə əsasən 10 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. AsanPay portalında birbaşa inzibati tənbeh tətbiq edən orqana (AYNA) şikayət etsə də, heç bir tədbir görülməmişdir. Şamilli Nicat Kamran oğlu tətbiq edilmiş inzibati tənbeh tədbirini aşağıdakılara görə qəbul etmir:

1. Azərbaycan Respublikası Prezidentinin İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı haqqında 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanının 17.0-cıbəndinə əsasən Bakı Nəqliyyat Agentliyi adından Məcəllənin 319.1-ci, 320.1-ci və 322.0.3-322.0.6-cı maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə), 346-1.1-сі, 346-1.5-ci və 350.2-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində), habelə iş üzrə icraat Agentliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1-ci və 322.0.7-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə), 346-cı, 346-1.2 346-1.4-cü, 352.0.2-ci, 354.0.1-ci, 354.0.4-cü, 354.0.5-ci və 354.0.8-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - İdarə Heyətinin sədri, onun müavinləri, Aparat rəhbəri və şöbə müdirləri.

2. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.33-2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır.

3. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir.

4. Həmin Fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir.

5. Həmin Fərmanın 4-cü bəndi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılmışdır.

6. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 7.4-cü maddəsinə əsasən dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqan adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişikliklər edilməlidir. X1 7.5-ci maddəsinə görə dövlət orqanı bölündükdə və ya ayrıldıqda onun yenidən təşkili haqqında qərarda səlahiyyətlərin aydın bölgüsü nəzərdə tutulmalıdır və həmin qərar hansı normativ hüquqi aktların yeni yaradılmış hansı dövlət orqanlarına hansı həcmdə şamil edilməsini müəyyənləşdirməyə imkan verməlidir. Bu zaman bölünmə və ya ayrılma haqqında qərarı qəbul etmiş dövlət orqanı üç ay müddətində müvafiq normativ hüquqi aktlarda bütün zəruri dəyişikliklər edilməsini təmin etməlidir.

7. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə - on manat məbləğində cərimə edilir.

8. İXM-in 127-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar parklanma yerlərində quraşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında həmin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.

9. İXM-in 127-2.2-ci maddəsinə əsasən parklanma yerlərində quraşdırılmış parkomat və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına, parklanma müddətinə (parklanma yerinə daxil olması və oranı tərk etməsinə) və parklanmaya görə edilmiş və ya edilməmiş ödənişlərə, habelə 24 saatdan artıq müddətdə parklanma yerində saxlanılan nəqliyyat vasitələrinə dair məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür.

10. Bundan əlavə İXM-nin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi

1. AYNA tərəfindən inzibati xəta tətbiqi prosesi ümumiyyətlə İnzibati Xətalar Məcəlləsinə uyğun həyata keçirilmir. AYNA Azərbaycan Respublikasının normativ aktlarının dövlət reyestrində adına rast gəlinməsi mümkün olmayan AzParking MMC adlı qurumun əməkdaşları vasitəsilə inzibati xəta hadisəsini aşkar edir. Halbuki, həmin qurumun əməkdaşları inzibati xəta cəlb etmək səlahiyyəti olan vəzifəli şəxs hesab edilmirlər.

2. İXM-yə görə parklanmağa görə inzibati xətanın aşkar edilməsinin 2 üsulu vardır: a) vəzifəli şəxs inzibati xətanı özü bilavasitə aşkar edir b) xüsusi texniki vasitə vasitəsilə inzibati xəta aşkar edilir. AYNA tərəfindən isə bu qaydaların heç biri tətbiq edilmir. Belə ki, əvvəla fotoşəkillər inzibati xətanı aşkar etmək səlahiyyəti olmayan qurumun səlahiyyəti olmayan əməkdaşları tərəfindən çəkilir. İkincisi inzibati xəta hər hansı xüsusi texniki vasitə (müşahidə kameraları, parklanma zonasının girişi çıxışına nəzarət aparatlar və s.) vasitəsilə aşkar edilməmişdir.

3. Beləliklə, əvvəla AYNA-nın inzibati tənbeh vermək səlahiyyəti olan vəzifəli şəxslərin dairəsi hələlik müəyyən edilməmişdir, həmçinin hazırda bu barədə qərar verən şəxs AzParking adlı qurumun çəkdiyi fotoşəklə əsaslanır.

4. Hətta əgər AzParking adlı qurumun çəkdiyi fotoşəkilləri xüsusi texniki vasitə vasitəsilə aşkar edilmə kimi qəbul etsək belə, bu halda da İXM-nin 38.6-cı maddəsində nəzərdə tutulan müddətə (1 gün ərzində) inzibati tənbeh qərarı elektron kabinetə yerləşdirilmədiyi üçün şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, elektron qərardan görünür ki, qərar xx.xx.2024-cü il tarixdə qəbul edilsə də, xx.xx.2024-cü il tarixdə elektron kabinetdə yerləşdirilmişdir.

5. Beləliklə, AYNA və digər aidiyyəti qurumlar tərəfindən normativ hüquqi baza yaradılmadan şəxslərə kimliyi bəlli olmayan şəxslərin düzgün olmayan vaxtda çəkdikləri fotoşəkillər əsasında səlahiyyəti olmayan şəxslər tərəfindən cərimə tətbiq edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən İXM-nin 53-cü maddəsinə əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş AYN ******* tarixli xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş şikayətçi Şamilli Nicat Kamran oğlu və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 23 mart 2023-cü il tarixli inzibati xəta haqqında AYN ******* nömrəli protokola əsasən qəbul edilmiş 23 mart 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şamilli Nicat Kamran oğlu 23 mart 2023-cü il tarixdə “KİA FORTE” minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 10 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş foto görüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, “KİA FORTE” minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 23 mart 2023-cü il tarixdə saat 14:49-dan 15:16-dək Bakı şəhəri, Xudu Məmmədov küçəsində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerini tərk etmişdir. Şikayətçinin təqdim etdiyi ödəniş qəbzində ödəmə xx.xx.2024-cü il tarixdə saat 15:22-dən 15:39-a kimi olan dövrü əhatə edir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə - on manat məbləğində cərimə edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin 3.1.2-ci bəndinə əsasən müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək vəzifəsi Agentliyin üzərinə qoyulmuşdur. Bununla da şikayətçi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, Şamilli Nicat Kamran oğlu tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 23 mart 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

Şamilli Nicat Kamran oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 23 mart 2024-cü il tarixli AYN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar