Məhkəmə qərarları › İş №3(011)-1256/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1256/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1256/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2, Şəxs MMC-nin nümayəndəsi X6, X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş MN ******* saylı, 09 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC məxsus Xətai rayonu, R.Quliyev 4 ünvanında yerləşən “Bravo” marketdə xx.xx.2023-cü il tarixdə “Prima” adlı kolbasanın qiymıt kağızında 1 kq-nın qiyməti 12.89 manat göstərildiyi halda kassada 13.39 manata satılmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X10 izahat verərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şirkət barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə) göstərilən əməlin törədilməsinə görə xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tartib edilmişdir. Protokolda istinad edilən inzibati xətanın mahiyyəti olaraq Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 4 ünvanında yerləşən "Bravo" marketdə xx.xx.2023-cü il tarixdə "Prima" adlı kolbasanın qiymət kağızında 1 kq-nın qiyməti 12,89 manat göstərildiyi halda kassada 13,39 manata satılması qeyd olunmuşdur. Nəzərinizə çatdırırıq ki, iş materiallarına inzibati xəta protokolu ilə yanaşı bir neçə fotoşəkil əlavə edilmişdir. Lakin həmin fotoşəkillər aşağıdakı əsaslara görə mötəbər sübut qismində qiymətləndirilə bilməz və bu sübutlara əsasən şirkətin inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. İş materiallarına həmin növ kolbasaya həmin tarixə olan vitrin qiymətini əks etdirən hər hansı sübut əlavə edilməmişdir və bununla da kassa qəbzində qeyd olunan tarixdə "Prima" kolbasalarının 1 kq-nın qiymətinin 12,89 manat olmasına dair hər hansı sübut mövcud deyildir. Fotoşəkildən aydındır ki, müştəri qiymət kağızını alış-veriş etdiyi vaxtda mağazada olarkan çəkməmişdir. Belə ki, sübutun mötəbər olması üçün müştəri mağazada olarkən məhz kolbasanın vitrin qiymətini özündə əks etdirən sübutları təqdim etməli idi. Hazırki işlə bağlı xüsusilə bildirmək istəyirik ki, AR İXM-nin 447.0.1-ci maddəsinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aldatma motivi və niyyəti mövcud olmalıdır. Əks halda sözügedən maddəyə əsasən şirkətin inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur və əsassızdır. Belə ki, iş materiallarında olan kassa qəbzindən görünür ki, müştəri tərəfindən alınan məhsulun 1 kq-nın rəsmi qəbzdə qeyd edilən qiyməti 13,39 manat olmuşdur. Bu səbəbdən şirkətin vətəndaşa qarşı məhsulun qiyməti barədə hər hansı aldadılma niyyətinin olması məntiqə və əməlin tövsifinə uyğun gəlmir. Hazırkı işlə bağlı müvafiq inzibati orqan tərəfindən məhsulun vitrindəki qiymətinin onun kassa qəbzindəki qiymətə uyğun gəlməməsi faktı mübahisələndirilə bilərdi ki, bu da iş üzrə kifayət qədər sübut olduğu halda Azərbaycan Respublikası İXM-nin 445.1-ci maddəsinə əsasən (qiymat intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə) tövsif olunmalı idi. Bununla belə, iş materiallarında amalin sözügedən maddə ilə tövsif edilməsinə əsas verən sübutlar mövcud deyildir. İstənilən halda, şirkətin istehlakçıları aldatma niyyəti olmamış, qiymət fərqinin ən pis halda bilməyərəkdən və ehtiyatsızlıqdan baş vermasi istisna olunmur. Lakin bilməyərəkdən məhsulun üzərindəki qiymətlə kassadakı qiyməti arasında fərqin olması AR İXM-nin 447.0.1-ci maddəsində qeyd olunan aldatma şərtinin mövcudluğuna və şirkəti bu əsasla məsuliyyətə cəlb etməyə əsas vermir. Belə ki aldatma şərtinin mövcud olması üçün subyektin törədilən obyektə qarşı qəsd niyyəti olmalı və əməl qəsdən törədilməlidir. Əks halda aldatma əməli istisna olunur. Hazırkı məsələ ilə bağlı şirkətin istehlakçıları aldatmasına dair hər hansı sübut irəli sürülməmişdir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, şirkətə məxsus mağazalarda müştəri müraciətləri ilə bağlı Müştəri Xidmətləri fəaliyyət göstərir və müştərilərin bütün narahatlıqları ilə bağlı maraqlanılır və buna dair tədbirlər görülür. Mağazalarda müştərilərlə maraqlanan belə bir xidmətin olması bir daha tasdiq edir ki, şirkətin məqsədi müştəriləri aldatmaq deyil, onların müraciətlərilə maraqlanaraq hazırkl məsələyə oxşar halların qarşısının alınması və doğurdan da qiymət fərqi mövcud olduğu halda həmin fərqin müştəriyə ödənilərək narazılığın aradan qaldırılmasından ibarətdir. Belə olan halda, şirkəti AR İXM-nin 447.0.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunması əsassız və qanunsuz olmaqla şirkətin maddi və prosessual hüquqlarının pozuntusuna səbəb olacaqdır. Qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, “Bravo” marketdə fəaliyyət göstərən müştəri xidmətlərinə müraciət etmiş, lakin onunla kobud rəftar etmişlər və heç bir açıqlama etməmişlər. Bundan əlavə olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə etdiyi müraciətdə kolbasa ilə yanaşı diş pastası, banan və s. kimi məhsulların da qiymətində uyğunsuzluq olduğunu qeyd etmiş, lakin protokol tərtib olunarkən bunlar nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan X5 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlamış olan elektron şikayət ərizəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev 4 ünvanında yerləşən “Bravo” marketdə “Prima” adlı kolbasanın qiymıt kağızında 1 kq-nın qiyməti 12.89 manat göstərildiyi halda kassada 13.39 manata satılmışdır. İş materiallarında olan foto şəkildən görünür ki, “Prima” adlı kolbasanın qiyməti 12,89 manata yerləşdirilmişdir. İş materiallarında olan satış çekindən görünür ki, “Prima” adlı kolbasanın qiyməti qiyməti 13,89 manat göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Şəxs MMC-yə ünvanladığı bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yerləşdiyi inzibati binasında xx.xx.2023-cü il tarixdə saat 15:00-16:00-dək protokolun tərtib olunmasında iştirak etmələri xahiş olunmuşdur. İş materiallarında olan MN seriyalı, ******* nömrəli, 09 mart 2023-cü il tarixli protokolda Şəxs MMC-nin nümayəndəsi X7 izahatında qeyd etmişdir ki, şəkillə çek eyni tarixə aid olmaya bilər. Eyni vaxtda çəkildiyi halda isə sistem üzərində qiymət dəyişikliyi olubsa, işçinin səhlənkarlığından qiymət dəyişməyə bilər. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar