Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1258/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, X1 nümayəndəsi, “LCG” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, X3 Bakı şəhər X11 İdarəsinin 03 mart 2023-cü il tarixli, TP5606130 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 məhkəməyə müraciət edərək, Bakı şəhər X11 İdarəsinin 03 mart 2023-cü il tarixli, TP5606130 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 23 fevral 2023-cü il tarixdə, saat 18:55-də yol vərəqəsi əsasında idarə etdiyi “Toyota Avalon”, markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobili Mirəli Qaşqay küçəsi ilə üzü A.Bakıxanov küçəsinə doğru idarə edirdi. Hərəkət etdiyi M.Qaşqay küçəsinin Nəcəf bəy Vəzirov küçəsi ilə kəsişməsindən, A.Bakıxanov küçəsi ilə kəsişməsinədək yolun hərəkət hissəsinin sağ kənarında avtomobillər bir cərgə durmuşdu. Bu səbəbdən həm o həm də digər avtomobillər yolun hərəkət hissəsinin sağ kənarı ilə deyil sağda durmuş avtomobillərin sol tərəfi ilə bir cərgə hərəkət edirdik. M.Qaşqay küçəsi ilə hərəkət edib A.Bakıxanov küçəsinin kəsişməsindəki nizamlanmayan piyada keçidinə çatanadək avtomobillər M.Qaşqay küçəsinin hərəkət hissəsinin sağ tərəfində durmuşdu. Yolun hərəkət hissəsinin sağ kənarında sonuncu avtomobil “Hyundai Sonata” markalı, ağ rəngli avtomobil idi və həmin avtomobil piyada keçirinə bitişik (avtomobilin ön tərəfi ilə piyada keçidinin başlanğıcı arasında təxminən 20-30 sm məsafə var idi) durmuşdu. Mirəli Qaşqay küçəsi üzü A.Bakıxanov küçəsinə bir istiqamətdə hərəkət üçün nəzərdə tutulmuşdur və həmin küçədə A.Bakıxanov küçəsinə 15 metr qalmışadək 1.5 (bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir;), 15 metr qalmışdan sonra isə 1.1 (yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini) üfiqi nişanlama xətti çəkilmişdir. Küçənin sonunda o, sağ tərəfdə yuxarıda qeyd etdiyi “Hyundai Sonata” markalı, ağ rəngli avtomobil yolun sağ kənarında kifayət qədər aralı durduğu üçün məcburiyyət qarşısında qalıb nisbətən solla hərəkət edirmişdir. Yol kəsişməsindəki piyada keçidinə çatanadək, eləcə də kəsişməyə daxil olanadək onun idarə etdiyi avtomobilin sağı ilə hər hansı avtomobil hərəkət etmirdi və yuxarıda qeyd etdiyi kimi kəsişmədə olan piyada keçidinədək ondan sağda hər hansı nəqliyyat vasitəsinin hərəkət etməsi texniki cəhətdən qeyri-mümkün idi. Qeyd etdiyi məqamları təsdiq edən həm fotoşəkillər, həm də videogörüntü şikayətinə əlavə edilmişdir. M.Qaşqay küçəsi ilə A.Bakıxanov küçəsinin kəsişməsində (kəsişmə yerinin qarşsında) 4.1.2 sağa hərəkət məcburi hərəkət istiqamət nişanı və 2.5 dayanmadan keçmək qadağandır üstünlük nişanı quraşdırılmışdır. “Yol hərəkəti haqqında” AR Qanunun 65-ci maddəsinin İV hissəsinə əsasən yuxarıda qeyd edilən yol nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. İzahatının əvvəlində də qeyd etdiyi kimi kəsişmədə olan piyada keçidinə bitişik yolun sağ tərəfində durmuş “Hyundai Sonata” markalı, ağ rəngli maşının ön tərəfi ilə nişanadək olan məsafə onun idarə etdiyi avtomobilin uzunluğundan (4961 mm = 4 metr 96 sm) daha qısa olduğu üçün onun avtomobilinin arxa qurtaracağı “Hyundai Sonata” markalı, ağ rəngli avtomobilin ön qurtaracağının bərabərinə çatanda artıq o idarə etdiyi avtomobillə kəsişməyə daxil olmuş olur. Belə vəziyyətdə o kəsişməyə daxil olduğu anda onun sağında hər hansı avtomobil olmadığından və hər hansı avtomobilin ola bilməyəcəyindən kəsişməyə ilk daxil olan avtomobil kimi hərəkətini davam etdirməli idi. O, kəsişmədə 4.1.2 sağa hərəkət məcburi hərəkət istiqamət nişanı quraşdırıldığından və sağa dönəcəyindən “Yol hərəkəti haqqında” AR Qanunun 37-ci maddəsinin İ hissəsinin 5-ci bəndinin tələbinə əsasən kəsişməyə çatmağa bir qədər qalmış (həmin vaxt ondan arxada hər hansı nəqliyyat vasitəsi yox idi) sağa dönmə manevri edəcəyi barədə xarici işıq sıqnalını (sağa dönmə işığının) qoşaraq hərəkət iştirakçılarını bu barədə məlumatlandırırdı. Avtomobilin qabaritləri nisbətən böyük (4961 x 1834 x 1461 mm) olduğundan və kəsişməyə 3 metr qalmışadək sağda avtomobillər durduğundan O, M.Qaşqay küçəsindən A.Bakıxanov küçəsinə dönərkən hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməyi qeyri-mümkün olduğundan “Yol hərəkəti haqqında” AR Qanunun 42-ci maddəsinin Vİİİ hissəsini rəhbər tutaraq dönürdü və o dönmə manevrini başlayanadək sağında hər hansı avtomobil yox idi (və ola da bilməzdi). Bu səbədən o arxasında olan avtomobillərin onu zolağı dəyişərək sağdan ötməsinin qadağan olduğu və “Yol hərəkəti haqqında” AR Qanununun 51-ci maddəsinin İİ hissəsinə əsasən onu yalnız soldan ötə biləcəyi üçün sağ tərəfində hər hansı avtomobil olmadığını nəzərə alaraq manevrə başlayaraq A.Bakıxanov küçəsinə sağa dönərkən soldan gələn nəqliyyat vasitələrinə yol vermək üçün manevrin gedişində sürətini bir qədər azaltmışdır. A.Bakıxanov küçəsindən düzünə Ceyhun Hacıbəyli istiqamətinə gedən nəqliyyat vasitələrinə yol vermiş və manevrini yekunlaşdırmışdır. Bu zaman ondan arxada gələn “Toyota Corolla” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən xarici işıq siqnalından istifadə edərək ondan öndə olmaqla sağa döndüyü barədə xəbərdar edilməsinə baxmayaraq sağda yaranmış boşluqdan istifadə edərək idarə etdiyi nəqliyyat vasitəsinin sağ yan tərəfi ilə toqquşdu. “Toyota Corolla” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ondan arxada hərəkət etdiyi üçün sağa dönəcəyi barədə xarici işıq siqnalı ilə etdiyi xəbərdarlığı nəzərə almalı və o kəsişməyə daxil olduqdan sonra onun sağına keçməməli idi. Qeyd olunanlara baxmayaraq “Toyota Corolla” markalı avtomobilin sürücüsü “Yol hərəkəti haqqında” AR Qanununun aşağıdakı tələblərini pozmuşdur:
1. Maddə 41, İ hissəsi: Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.
2. Maddə 36, İ hissə 3-cü bənd: “Toyota Corolla” Markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bu tələbə əməl etməmişdir.
3. Maddə 54, İİİ hissə sürücü əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur edəcəksə, onun piyada keçidinə girməsi qadağandır. Lakin o A.Bakıxanov küçəsinə dönərkən sürücü manevrə başladığımı gördüyü halda sağdan piyada keçidinin üstünə keçmiş və hərəkətinin davam etdirə bilmədiyi üçün piyada keçidində dayanmışdır. Həmçinin bildirmək istəyir ki, iki hərəkət zolağı olan M.Qaşqay küçəsindən onunla eyni vaxtda solundan qara rəngli nəqliyyat vasitəsi də A.Bakıxanov küçəsinə dönürdü. Qeyd edilən hal TŞ kamerası tərəfindən qeydə alınmış görüntüdə də öz əksini tapır. Belə olan halda iki zolaqlı yoldan o və solundan hərəkət edən qara rəngli avtomobil hərəkət edərək A.Bakıxanov küçəsinə çıxdıqları halda “Toyota Corolla” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sağdan ötmə etmədən onun sağına çıxa bilməzdi. Odur ki, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi “LCG” Vəkil Bürosunun vəkili X7 şikayətin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, İsmayılov Xətainin yolnqəliyyat hadisəsinin baş verməsi ilə bağlı izahatı alınmadan müvafiq qərar qəbul edilmşdir. Bu səbəbdən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhər X11 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat bildirməmişdir. Məhkəmə işə Bakı şəhər X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər X11 İdarəsinin 03 mart 2023-cü il tarixli, TP5606130 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən Mirəli Qaşqay küçəsi ilə A.Bakıxanov küçəsinin kəsişməsində “Toyota Avalon” Minik markalı ** AH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tədbiq edilmişdir. İş materillarında olan diskdəki videogörüntülərdən görünür ki, İsmayılov Xətai “Toyota Avalon”, markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobili Mirəli Qaşqay küçəsi ilə üzü A.Bakıxanov küçəsinə doğru idarə edir, A.Bakıxanov küçəsinə sağa dönərkən soldan gələn nəqliyyat vasitələrinə yol vermək üçün manevrin gedişində sürətini bir qədər azaltmışdır. A.Bakıxanov küçəsindən düzünə Ceyhun Hacıbəyli istiqamətinə gedən nəqliyyat vasitələrinə yol vermiş və manevrini yekunlaşdırmışdır. Bu zaman ondan arxada gələn “Toyota Corolla” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən xarici işıq siqnalından istifadə edərək ondan öndə olmaqla sağa döndüyü barədə xəbərdar edilməsinə baxmayaraq sağda yaranmış boşluqdan istifadə edərək sağdan ötmə əməliyyatı edərək idarə etdiyi nəqliyyat vasitəsinin sağ yan tərəfi ilə toqquşmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları inzibati xəta haqqında protokolda əks olunmalıdır. 112.5-ci maddəsinə əsasən işə baxılma davam edərsə, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada prokuror iştirak etdikdə, onun rəyi dinlənilir. 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - 40 manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X11 İdarəsinin 03 mart 2023-cü il tarixli, TP5606130 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 tərəfindən Mirəli Qaşqay küçəsi ilə A.Bakıxanov kəsişməsinin kəsişməsində X10 markalı ** AH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində pozuntu etmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində protokol tərtib edilmiş şəxsin izhahatının alınması iş materillarına əsasən müəyyən etmək mümkün olmamışdır. Azərbayca Respublikası İnzibati Xətalar Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Bakı şəhər X11 İdarəsinin 03 mart 2023-cü il tarixli, TP5606130 saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır və qismən təmin olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində Bakı şəhər X11 İdarəsinin 03 mart 2023-cü il tarixli, TP5606130 saylı qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X11 İdarəsinin 03 mart 2023-cü il tarixli, TP5606130 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏRARA ALDİ:
X3 şikayəti qismən təmin edilsin. Bakı şəhər X11 İdarəsinin 03 mart 2023-cü il tarixli, TP5606130 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Sülhanə Hacıyeva