Məhkəmə qərarları › İş №3(011)-1258/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1258/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1258/2024 17.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X9 Xidmətinin nümayəndəsi X7 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 vəkili X2 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 18 mart 2024-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 18 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisinin 2024-cü il 18 mart tarixli ******* nömrəli qərarı ilə "xxxx" MMC-nin sabiq direktoru X5 İXMin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. Qərarın surəti 2024-cü il martın 28-də "xxxx" MMC-yə daxil olmuşdur. Əmək Müfəttişliyi bu qərarı qəbul edərkən Nizami Hüseynovun deyil, aidiyyəti hüquqi şəxsin qanuni təmsilçisi (rəhbəri) barəsində araşdırma aparıb müvafiq nəticəyə gəlməli idi. Odur ki, Əmək Müfəttişliyinin qərarı qanunsuz və əsassızdır, barəsində inzibati cərimə tətbiq edilmiş şəxsin əməlində (hərəkətsizliyində) inzibati xətanın tərkibi olmadığına görə aşağıdakı əsaslarla qərar ləğv edilərək, işin icraatına xitam verilməlidir. "xxxx" MMC ilə "xxxx" MMC-nin arasında bağlanmış 28 mart 2023-cü il tarixli xx-xx/2023 nömrəli icarə müqaviləsinə əsasən hadisənin baş verdiyi texnika "xxxx" MMC-yə icarəyə verilmişdir. İcarə müqaviləsinin 2.2-ci bəndinə əsasən icarə predmetini icarəyə verənin işçiləri, yəni müvafiq texnikaya təhkim edilmiş operator, mexanik və sürücülər idarə edir, işlədir. Müqavilənin 2.6-cı bəndinə əsasən isə işin və işçilərin texniki təhlükəsizliyinin təmin edilməsinə görə icarəçi məsuliyyət daşıyır. Göründüyü kimi, müfəttişlik kifayət qədər və obyektiv araşdırma aparmadan səhv qərar qəbul etmişdir. Halbuki, İXM-in 75.0.3-cü maddəsinə əsasən iş üzrə sübut edilməli vacib hallardan biri inzibati xəta törətmiş şəxsin təqsirini qanunla sübut edilməli olduğu halda, Əmək Müfəttişliyi bunu etməmişdir. Müəssissənin sabiq direktoru (qanuni təmsilçisi) hadisə vaxtı Bakı şəhərində yaşayıb işlədiyi halda, texnika icarəçinin sərəncamında Laçın rayonunda işləmiş və hadisə orada baş vermişdir. Hadisə ilə əlaqədar icarə müqaviləsinin şərtlərinə əsasən icarəyəverən müəssisənin rəhbəri deyil, texnikanın işinə nəzart edən icarəçi müəsssisə məlumat verməli idi. Nizami Hüseynov isə hadisə barədə bilməmiş və o, məlumat aldıqdan dərhal sonra bu barədə qanunla müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına məlumat vermişdir. Nizami Hüseynovun hərəkətsizliyində inzibati xətanın tərkibi mövcud deyil. İXM-in 53.0.2ci maddəsinə əsasən inzibati xətanın tərkibi müəyyən edilməməsi iş üzrə icraatı rədd edən hallardan biridir. X9 Xidmətinin Bakı şəhər İdarəsinin "Azərtunel” MMC-nin sabiq direktoru X3 İXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilməsinə dair 2024-cü il 18 mart tarixli ******* nömrəli qərarı, onun hərəkətsizliyində inzibati xətanın tərkibi olmadığına görə ləğv edilərək, inzibati işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 vəkili X4 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X7 izahat verərək 18 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən X3 barəsində tərtib edilmiş 18 mart 2024-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin X6 xx.xx.2023-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə sabiq direktor X5 tərəfindən DƏMX-nə hadisə baş verən gün deyil, xx.xx.2023-cü il tarixdə məlumat verilmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində cərimə olunmuşdur. 28 mart 2023-cü il tarixli xx-xx/2023 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 1 ünvanda fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X5 ilə icarəçi ünvan 3 ünvanında fəaliyyət göstərən "xxxx" MMC direktoru Siir Erdinç arasında bir il müddətinə icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 555.1-ci maddəsinə əsasən, İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsinə görə tikinti sahəsində əməyin təhlükəsizliyinə icarəçi məsuliyyət daşımasına baxmayaraq, qanunvericiliyə görə bədbəxt hadisə barədə məlumatın işəgötürən tərəfindən və hadisə baş verən günü verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X5 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar