Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1267/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı Şəhər Baş X9 İdarəsinin 22.12.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş 22.12.2021-ci il tarixli, EQ seriyalı ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 21.12.2021-ci il tarixdə saat 18:51:46 radələrində Bülbül –Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində hərəkətdə olduğu zaman ona məxsus olan **-XU-*** dövlət qeydiyyat nişanlı, Hyundai Tucson markalı avtomobilinə elektron qaydada EQ ******* nömrəli protokol tərtib edilmişdir. Qərar 22.12.2021-ci il tarixdə sistemə vurulmuşdur. Qərara əsasən 3 bal və 60 manat cərimə edilmişdir. Qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o, svetoforun yaşıl işığında hərəkət etmişdir və həmin anda qarşıda olan avtomobillər hərəkət edirdilər. İnzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərkən istinad edilən maddi hüquq norması - AR İXM-nin 327.2-ci maddəsində əks olunmuş xətanı törətməmişdir, yol ayrıcını keçmə qaydalarının pozulması qaydasını pozmamışdır. Videoya baxarkən aşkar surətdə bunu görmək olar. O, artıq 6 ildir ki, avtomobil idarə edir və bu illər boyu bir dəfə də olsun onun barəsində ciddi qanun (yol hərəkəti) pozuntusu qeydə alınmamışdır. Həmçinin bildirməlidir ki, hadisənin videogörüntüsünə baxdıqda, həmin videogörüntüdə onun təqsirli olmağı görsənmir. O, svetoforun yaşıl işığında daha dəqiq desək 20 saniyəsində (yəni yaşıl işığın sönməsinə saniyələr qalmış) hərəkət etmişdir. Bu zaman irəlidə olan nəqliyyat vasitələri hərəkətdə olmuşlar və onların hərəkət etdiklərini aşkar şəkildə görərək hərəkətinə davam etmişdir. İrəlidə olan nəqliyyat vasitələri qəfildən dayandığından o da avtomobilini dayandırmaq məcburiyyətində qalmışdır. Əks halda, yəni svetoforun yaşıl işığında hərəkət etməsəydi digər hərəkət iştirakçılarına mane olardı. Bunu da qeyd etmək zəruridir ki, ona məxsus **-XU-*** dövlət qeydiyyat nişanlı, Hyundai Tucson markalı avtomobilinə elektron qaydada tərtib edilmiş EQ ******* nömrəli qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsi, cərimənin silinməsi ilə bağlı Bakı Şəhər Baş X9 İdarəsinə elektron qaydada 22.12.2021-ci il və 19.01.2022-ci il tarixlərində şikayət vermişdir. İkinci şikayətində bunun təkrar müraciət olduğunu xüsusilə vurğulamışdır. Bu günədək şikayətinin nəticəsinə dair ona hər hansı bir rəsmi məlumat verilməmiş, rəsmi sənəd təqdim olunmamışdır. 16.02.2022-ci il tarixində yenidən Bakı Şəhər Baş X9 İdarəsinə şikayətinin nəticəsi ilə bağlı rəsmi məlumatın təqdim olunması məqsədilə elektron qaydada müraciət etmişdir. Təəssüflər olsun ki, bununla bağlı da bu günədək heç bir məlumat verilməmişdir. Bu gün ona törətmədiyi əmələ görə 3 bal və 60 manat cərimə yazılmış, şikayətinə vaxtında cavab verilmədiyinə görə dəbbə pulu (ərizə yazılan günədək 12 manat) yığılmışdır. Həmçinin Bakı Şəhər Baş X9 İdarəsinin əməkdaşlarının şikayətinə hərəkətsiz yanaşmaları növbəti pozuntu olmasına dəlalət edir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə o, barəsində tərtib olunmuş 22.12.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Baş X9 İdarəsinin 22.12.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 tərəfindən 21 dekabr 2021-ci il tarixində, saat 18:51-də Bülbül-Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində “Hyundai Tucson minik” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması əsas gətirilərək Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 60 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda K.Səfərovun yolayrıcını keçmə qaydalarını pozması göstərilmiş və o, İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 22.12.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərara əsasən X5 tərəfindən 21 dekabr 2021-ci il tarixində, saat 18:51-də Bülbül-Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində “Hyundai Tucson minik” markalı, **-XU- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması əsas gətirilərək İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta pozuntusuna yol verməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X5 tərəfindən yolayrıcını keçmə qaydalarının pozulub-pozulmaması araşdırılmadan onun barəsində 22.12.2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 22.12.2021-ci il tarixli, EQ seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində 22.12.2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı Şəhər Baş X9 İdarəsinin 22.12.2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı Şəhər Baş X9 İdarəsinin 22.12.2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1267/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1267/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver