Məhkəmə qərarları › İş №3(011)-1267/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1267/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1267/2025 20.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, Şikayətçinin nümayəndəsi X4 iştirakı ilə, Şikayətçi X1 Xətai Rayon Polis İdarəsi 35-ci Polis bölməsi tərəfindən qəbul edilmiş protokol və qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şikayətçi X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Böməsinin EXP ******* saylı xx.xx.2025 tarixli protokol və EPQ ******* saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edilərək cərimənin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X2 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 4C ünvnında yaşayır. xx.xx.2025-ci il tarixdə saat 10:58 radələrində 1-2 dəqiqə olardı ki, yaşadığı evdən "Sibir Xaski" cinsli Alfa adlı itini gəzdirməyə çıxarmışdır. Yaşadığı evin həyətinin yaxınlığında idi. Bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq irad tutdu ki, iti burada burundaqsız gəzdirmək olmaz. O da bildirmişdir ki, bu itlər orta ölçülü olduğundan burundaqla gəzdirilməsinə ehtiyac yoxdur. Belə ki, bu itlərin tamamilə aqressiv olmadığını və üstəlik qanuna görə iri itlərin buruntaq ilə gəzdirilməsinə ehtiyac var, "Sibir Xaskisi" isə beynalxalq kinologiya assosiyasının renglamentinə əsasən, orta ölçülü itlərə aiddir. O bu barədə heç nə deyə bilməmişdir. İtini cilovlu vəziyyətdə 6 ildir eyni ərazidə hər gün iki dəfə gəzdirir. Əlindən heç vaxt buraxmır. Sahə rəisi X5 onun barəsində iti gəzdirməyinə görə qanunsuz olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə EXP ******* saylı xx.xx.2025 tarixli protokol tərtib edərək, EPQ ******* saylı xx.xx.2025-ci il tarixli qərarla 200 manat cərimə inzibati tənbeh tətbiq etmişdir. Həmin vaxt kağız daşıyıcıda protokol və qərar ona təqdim edilməmişdir. İtinə məxsus lazımi sənədlər vardır. Həmin cins itlər aqressiv deyil. Orta ölçülü itdir. Həmin ərazidə orta cinsli itin qısa cilovlu vəziyyətdə gəzdirmək onun hüququdur. Onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinin tərkibi yoxdur. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi şikayəti müdafiə edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xətai Rayon Polis İdarəsi 35-ci Polis bölməsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X2 Xətai Rayon Polis İdarəsi 35-ci Polis bölməsinin 31 yanvar 2025-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Alfavet baytarlıq xidməti tərəfindən it, pişik və digər ev heyvanlarının pasportunun əldə edilməsi ilə bağlı verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, şikayətçiyə məxsus “Alfa” adlı Sibir Haskisi orta ölçülü cins itidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 290.1.4-cü maddəsinə əsasən it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni: itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, şikayətçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsində nəzərdə tutulan xətanı törətməsi əsas gətirilərək barəsində inzibati protokol tərtib edilmiş və 200 manat cərimə edilmişdir. Şikayətçi tərəfindən təqdim edilmiş internet resurslarından əldə edilmiş məlumatlardan, həmçinin arayışdan görünür ki, şikayətçiyə məxsus “Alfa” ləqəbli Sibir Haskisi orta ölçülü heyvandır. Qanunun mənasından isə görünür ki, itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. X1 “Alfa” ləqəbli Sibir Haskisi olan itinin orta ölçülü olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində tərtib edilmiş protokol əsassızdır. Bu səbəbdən məhkəmə şikayətin təmin edilməsi, qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, Xətai Rayon Polis İdarəsi 35-ci Polis bölməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayəti təmin edilməli, barəsində Xətai Rayon Polis İdarəsi 35-ci Polis bölməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Xətai Rayon Polis İdarəsi 35-ci Polis bölməsinin 31 yanvar 2025-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar