Məhkəmə qərarları › İş №3(011)-1283/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1283/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1283/2024 22.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X2 iştirakı ilə X3 Bakı şəhəri X7 İdarəsinin xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə o, Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov küçəsi ilə hərəkət etdiyi zaman işıqforun sarı işığında keçdikdən sonra, onu Bakı şəhəri DYPİ yol patrul xidməti polis inspektoru saxlayaraq onun sarı işıqda keçməsinə görə barəsində protokol tərtib olunması haqqında xəbərdarlıq etmiş, o, protokolun surətini istədiyi halda ona protokol təqdim olunmamış, protokolun surətini Bakı şəhəri DYPİ-də alacağını bildirmişlər. O, protokolun surətini almadığını və işıqforun sarı işığında keçməsi nə görə barəsində tərtib olunmuş protokoldan idarədə işləyən inspektora şikayət etdiyini, heç bir nəticə əldə etmədiyini bildirmişdir. O, sürəti işıqfora 8-10 metr qalmış 70 km/saat olduğu halda, onun ətrafında olan maşınlara və onun həyatına təhlükə olduğunu nəzərə alaraq işıqforun sarı işığına keçməyi qərara almışdır. O, bildirmişdir ki, işıqforda sarı işıq yanmırdı, ona yaxın olan işıqforda saniyəni göstərən tablo yox idi, o tormoz əyləcindən o an istifadə etsə idi o, işıqforun qarşısında olan stop xəttini keçib yolun hərəkət edən hissəsində, yaşıl işıq yanan maşınlara həm maneə, həm də təhlükə ola bilərdi. Bu halları nəzərə alaraq inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər X7 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhəri X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş 80 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinin nədən ibarət olması araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X3 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmiş və qərarda öz əksin tapmamışdır. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60-cı maddəsinin dördüncü hissəsində göstərilmişdir ki, svetoforun sarı işığı yandıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirmək icazə verilir. Göründüyü kimi hazırki halda bu xüsusatlar araşdırılmamış və qiymətləndirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X7 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X7 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar