Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1288/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC 10659.00 Avro məbləğində xarici valyutada olan vəsaiti 23 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 10659.00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Bununla bağlı 02 mart 2022-ci il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına və Şəxs MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının və Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən 23 yanvar 2020-ci il tarixində "xxxx" ASC vasitəsilə 10659.00 Avro məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş **********8490 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən 23 yanvar 2020-ci il tarixində köçürülmüş 10659.00 Avro məbləğində pul vəsaiti hesabına alınmış mallar 24.02.2020-ci il tarixdə ölkəyə idxal olunmuşdur. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC 10659.00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC vasitəsilə 23 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və həmin vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 02 il tamam olmadan təqdim edilmişdir. Buna görə də hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1288/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1288/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver