Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1301/2024 23.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Nailə Namiq qızının katibliyi, X2 iştirakı ilə, Bakı şəhəri Xətai rayon DYPŞ-nin X10 haqqında TP ******* nömrəli, 01 aprel 2024-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon DYPŞ-nin X10 haqqında TP ******* nömrəli, 01 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai Rayon DYPŞ Polis kapitanı X1 fikirlərinə əsasən X4 idarə etdiyi ** JH *** DQN-lı "İveco" markalı sərnişin avtobusu ilə xx.xx.2024-cü il tarixdə Xətai Rayonu 8 Noyabr pr-ti ilə hərəkət edib İzzət Orucov küçəsinə dönən zaman hansısa maşına vurub hadisə yerindən yayınmışdır. Buna görə də inspektor X4 barəsində əsassız olaraq İXM-nin 327.1 və 327.6-cı maddəlləri ilə protokol tərtib edərək, TP ******* saylı X10 haqqında qərar çıxardı. Belə ki, Xətai Rayon DYPŞ Polis kapitanı X6 tərəfindən xx.xx.2024-cü il tarixində X4 mobil telefonuna zəng edildi və onu Xətai DYPŞ-nə gəlməli olduğunu bildirdi. Həmin tarixdə qeyd edilən ünvana yaxınlaşdıqda İ.Orucov küçəsində hadisə törətdiyini və hadisə yerindən yayındığını bildirdi. Lakin, X7 inspektora etiraz etmiş və heç bir hadisə törətmədiyimi bildirmişdir. İnspektora avtotexniki ekspertiza keçirməsini idarə etdiyi sərnişin avtobusuna baxış keçirməsini istədi. Çünki, inspektorun X5 şifahi şəkildə bildirməyinə əsasən, hadisədə zərərçəkmiş digər nəqliyyat vasitəsi olan "Chevrolet" markalı avtomobilin arxa stop, arxa qanad və qapının tamamilə yararsız hala düşdüyünü bildirirdi. Lakin, o avtomobilin hansı tərəfinin vurulmasını görməmişdir və eyni zamanda o ağırlıqda və zədədən sonra həmin avtomobilə toxunan avtobusun gözlə görüləcək dərəcədə zədəsi olmalı idi. O inspektora avtobusunda zədə yoxdur və qəza törətməyib desə də, inspektor onun sözlərinə məhəl qoymadı və hüquqi savadsızlığından istifadə edərək ona boş kağıza imza atdırdı. O, 4 ildir ki, "BakuBus” MMC-də sürücü vəzifəsində çalışır və bu müddət ərzində heç bir yol-nəqliyyat hadisəsi olmayıb. Belə ki, işlədiyi müəssisədə avtobuslar səhər tezdən xəttə buraxılan və xətdən qaraja daxil olan zaman, nəzarət buraxılış məntəqəsində mexaniklər tərəfindən yoxlanılır və avtobusun üzərində, mühərrikində, sürətlər qutusunda və ümumən digər hissələrində olan qüsurlar AKT-laşdırılır və qüsurlu avtobuslar təmir olunması üçün daxili sürücülər tərəfindən cərgələrə yerləşdirilir. Cəmiyyətin balansında olan avtobuslarla yol-nəqliyyat hadisəsi törədilən zaman, monitor adlanan izləmə məntəqəsindən və ya sürücülər tərəfindən DYP-nə məlumat verilir. Çünki, idarə etdikləri avtobuslar dövlət əmlakıdır və onlara dəymiş hər hansı maddi zərər, günahkar tərəfdən mütləq şəkildə tələb edilir. xx.xx.2024-cü il tarixdə işini bitirib avtobusu qaraja təhvil verən zaman avtobusa cəmiyyətin mexanikləri tərəfindən baxış keçirilmiş və heç bir zədə olmadığını gördükdən sonra növbəti gün xəttə buraxılması üçün cərgəyə yerləşdirilib və avtobus növbəti gün xəttə çıxıb. Bundan əlavə olaraq, monitor məntəqəsi tərəfindən yolnəqliyyat hadisəsi barəsində DYP-nə heç bir məlumat ötürülməyib. Bu o deməkdir ki, o həqiqətən də həmin gün heç bir yol-nəqliyyat hadisəsi törətməmişdir. İnspektora yuxarıda sadaladıqlarını bildirib, hadisəni onun törtəməyinə dair sübut tələb etmişdir. İnspektor hadisə yerində olan TŞ kamerasının görüntüsünü göstərdi, görüntüdə sadəcə yol ilə hərəkət edən "21" nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobus görünürdü. Hansı ki, həmin marşrut xəttində hərəkət edən avtobusun dövlət qeydiyyat nişanı ümumiyyətlə görsənmirdi. Digər kamera görüntüsü isə Xocalı pr-tə olan Mübarək şadlıq sarayının yanında yerləşən TŞ kamerasının görüntüsü idi ki, o görüntüdə onun idarə etdiyi avtobusun dövlət qeydiyyat nişanı əks olunur. Hadisə başqa yerdə yəni İzzət Orucov küçəsində olub, lakin onun idarə etdiyi avtobus başqa yerdə yəni Xocalı prospektində. Kamera görüntülərində avtobusun ümumiyyətlə qəza törətməsi əks olunmur. Hadisə yerindən olan kamera görüntülərində əks olunan avtobusu kimin sürməsi haqqında heç bir məlumatı yoxdur. Bu qədər ziddiyət olmasına baxmayaraq, yol-nəqliyyat hadisəsi törətməməyinə baxmayaraq, inspketor X4 iştirakı olmadan onun barəsində qanunsuz olaraq X10 haqqında qərar çıxardı. Odur ki, Xətai Rayon DYPŞ Polis kapitanı X6 tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş TP ******* saylı X10 Haqqında Qərarın ləğv edilərək inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması və barəsində tərtib edilmiş TP ******* saylı qərar ləğv edilərək işə xitam verilməsini xahiş etdi. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ-nin X10 haqqında TP ******* nömrəli, 01 aprel 2024-cü il tarixli qərarından görünür ki, X7 09 mart 2024-cü il tarixdə “İVECO URBANWAY” avtobus markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon DYPŞ-nin X10 haqqında TP ******* nömrəli, 01 aprel 2024-cü il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon DYPŞ-yə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X7 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon DYPŞ-nin X10 haqqında TP ******* nömrəli, 01 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon DYPŞ-yə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1301/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1301/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver