Məhkəmə qərarları › İş №3(011)-1306/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1306/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1306/2023 13.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsindən daxil olmuş 18 fevral 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs həmin tarixdə saat 08:21 radələrində «Hyundai Sonata minik» markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 18 fevral 2023-cü il tarixdə «Hyundai Sonata minik» markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərxoş olmamışdır. Həmin tarixdə o, polis əməkdaşları tərəfindən saxlanılmış, alkotester vasitəsilə onun sərxoşluq vəziyyəti ölçülmüş və guya 0.539 promil miqdarında alkoqol qəbul etməsi müəyyən olunmuşdur. O, həmin göstərici ilə razılaşmamışdır, lakin işləri olduğu üçün məcbur qalıb protokolda spirtli içki qəbul etdiyini etiraf etdiyini qeyd etmişdir. Bundan sonra o, öz təşəbbüsü ilə dərhal tibbi müayinədən keçmiş və onun spirtli içki qəbul etməməsi öz təsdiqini tapmışdır. Beləliklə o, bunu təsdiq edən 2/4057 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını təqdim edərək və göstərilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən tərtib olunmuş 18 fevral 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs həmin tarixdə saat 08:21 radələrində «Hyundai Sonata minik» markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında İXP seriyalı ******* nömrəli protokoldan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 08:21 radələrində Şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı İN-642649 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Protokolun qeyd hissəsində Şəxs bir daha spirtli içki qəbul edərək avtomobili idarə etməyəcəyini bildirmişdir. Protokollaşdırma nömrəsi 04987 olan alkotester qəbzindən müəyyən edilir ki, “İsgandarov” adlı şəxsdə alkoqolun miqdarı 0.539 promillidir. xx.xx.2023-cü il tarixli 2/4057 nömrəli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə aktından görünür ki, həmin tarixdə Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinədən keçmiş və onun sərxoş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli nümayəndənin çıxışlarını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı təqdim etdiyi “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2023-cü il tarixli 2/4057 nömrəli aktından görünür ki, o, 18 fevral 2023-cü il tarixdə saat 12:45-də, ona qarşı törədilməsi istinad edilən inzibati xətadan 4 saat 24 dəqiqə sonra könüllü olaraq müayinədən keçmiş və onun ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xəta hadisəsindən xeyli müddət keçdiyindən və şəxsin həmin müddət ərzində qəbul etdiyi spirtli içkinin təsirinin aradan qalxa bilməsi ehtimalı real olduğundan qeyd edilən protokolun məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi rədd edilir. Bundan əlavə nəzərə alınır ki, Şəxs özü könüllü surətdə inzibati xətanın baş verməsindən dərhal sonra tərtib edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında İXP seriyalı ******* nömrəli protokolda öz əlyazması ilə izahat yazaraq bir daha spirtli içki qəbul edərək avtomobili idarə etməyəcəyini bildirmişdir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xətadan xeyli müddət keçdikdən sonra müayinədən keçərək tərtib edilmiş aktı məhkəməyə təqdim etməsini məsuliyyətdən yayınmaq üçün özünümüdafiə xarakterli hərəkət kimi qiymətləndirir. Həmçinin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X2 xx.xx.2023-cü il tarixli, xx/xx-4114 saylı sorğuya cavab məktubundan məlum olur ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı hər 1 saata 0.10-0.20 promil təmizlənir. Şəxs sərxoşluğun bütün hallarının təyini məqsədi ilə yuxarıda adı göstərilən mərkəzdə tibbi müayinəsinin nəticəsi olaraq 08:21-dən 12:45-ə qədər olan müddətdə orqanizmində alkoqolun konsentrasiyasının 0.539 promildən 0.00 promilə düşməsi mümkün hal hesab edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 18 fevral 2023-cü il tarixdə saat 08:21 radələrində «Hyundai Sonata minik» markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilmiş və nəticədə onun sərxoş olması müəyyən olunmuşdur. Həmçinin o özü də, protokolda içkili olması barədə qeyd yazmış və imzası ilə təsdiq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti tərəflərə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar