Məhkəmə qərarları › İş №3(011)-1312/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1312/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1312/2023 14.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, xx.xx.1995-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə rayonu, Mollalı Ərazi Dairəsi, Mollalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X1 xx.xx.2023-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 23 dekabr 2022-ci il tarixdə saat 23:30 radələrində ünvan 2 ünvanında X4 idarə etdiyi “Kia Rio minik” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolu keçən piyada Zərərçəkmiş şəxs2 vurmuş və sonuncu sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvuran bədən xəsarətləri almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərərçəkmiş şəxsə və səlahiyyətli orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 30 dekabr 2022-ci il tarixli 1496 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 başbeyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə nahiyəsinin əzilmiş yarası müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X1 xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məlum olur ki, sürücü X2 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, X2 törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X6 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar