Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1331/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon X9 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X2 iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fotoqraf işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş 11 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 10 aprel 2024-cü il tarixdə, saat 23:58 radələrində “BMW 328İ minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş avtoxuliqanlıq inzibati xətasını törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, həmin tarixdə özünə məxsus “BMW 328İ minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 511.1.3-cü maddəsinin tərkibini yaradan heç bir hərəkətə yol verməmiş və polis əməkdaşlarının iddia etdikləri kimi avtomobilini sürətləndirməklə təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmamışdır. Beləliklə o, göstərilənlərə əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Abbas-zadə Rəhim İsaq oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdiyi xüsusatları təsdiqləyərək onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai rayon X9 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon X9 Şöbəsinin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X6 izahat verərək bildirmişdir ki, 10 aprel 2024-cü il tarixdə, saat 23:58 radələrində “BMW 328İ minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs qəsdən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına yol vermiş və onun hərəkətləri nəticəsində avtomobilin təkərlərindən tüstü çıxmışdır. O, Şəxs tərəfindən bu hərəkətlərin edilməsini görmüşdür. Arxası ilə sürmək istəsə də, Muradlı sürətlə hərəkət edərək bir neçə qayda pozuntusu edərək ondan qaçmışdır, buna görə də bütün ekipajlara Muradlı barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon X9 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən tərtib olunmuş 11 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 aprel 2024-cü il tarixdə, saat 23:58 radələrində “BMW 328İ minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş avtoxuliqanlıq inzibati xətasını törətmişdir; Şəxs iş materiallarına əlavə edilmiş 11 aprel 2024-cü il tarixli izahatından görünür ki, o, idarə etdiyi “BMW” markalı avtomobili ilə Məhəmməd Hadi küçəsində xəstə olduğu üçün yol hərəkəti qaydalarını, yolayrıcını keçmə qaydasını və yaşayış məntəqəsində davamlı ötmə əməliyyatını pozmaq məcburiyyətində qalmışdır. Nəqliyyat vasitəsini qəflətən sürətləndirib digər yol hərəkət iştirakçılarının diqqət və marağını özünə cəlb etmişdir. Gələcəkdə bu cür qayda pozuntularına yol verməyəcəyinə söz verir; məhkəməyə təqdim olunmuş 01 ədəd “DVD-R” formatlı diskə baxış zamanı müəyyən olmuşdur ki, Şəxs idarə etdiyi “BMW 328İ minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkibini yaradan hərəkətlərə yol vermişdir. Belə ki, video görüntüdən görünür ki, Şəxs avtomobili qəflətən sürətləndirir, daha sonra avtomobili təhlükəli idarə edərək davamlı qayda pozuntuları edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməməsini və avtoxuliqanlıq etməməsi barədə izahatına tənqidi yanaşır və hesab edir ki, onun bu izahatı özünü müdafiə xarakteri daşıyır. Belə ki, Şəxs iş materiallarına əlavə edilmiş 11 aprel 2024-cü il tarixli izahatından görünür ki, o, təqsirini etiraf edir və bir daha belə hallara yol verməyəciyini bildirir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hadisənin görüntüsünü özündə əks etdirən videogörüntüyə baxış keçirilərkən də Şəxs avtomobili qəflətən sürətləndirməsi və davamlı qayda pozuntuları etməsi müəyyənləşdirilmişdir. Həmçinin məhkəmə şahid Bakı şəhəri Xətai rayon X9 Şöbəsinin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X3 bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə şahidin izahatı ilə iş materialları arasında hər hansı ziddiyətin olmamasını nəzərə alaraq şahidin izahatının daha mötəbər olmasına inanır və həmin izahat iş materiallarında olan digər sübutlarla uzlaşdığından Şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və müdafiəçisinin, şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, Şəxs saxlanılarkən verdiyi etiraf edici izahatını, hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diski və digər sənədləri araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1331/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1331/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver