Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1333/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Şikayətçi Adgözəlov Emil Tariyel oğlunun iştirakı ilə Adgözəlov Emil Tariyel oğlunun Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Adgözəlov Emil Tariyel oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi Adgözəlov Emil Tariyel oğlu ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə “xxxx” MMC-nin 3 saylı RXM-dən işdən çıxıb gedərkən M.Hadi küçəsində 36-cı PB-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmədən, ondan şəxsiyyətini təsdiq edən sənədi soruşmuşlar. O, həmin əməkdaşlara bildirmişdir ki, onun maskası ağzındadır. O, soruşmuşdur ki, nə səbəbə onun şəxsiyyətini yoxlayırlar. Onlar demişlər ki, onu axtardıqları bir şəxs var ona oxşatmışlar. Ona görə də şəxsiyyətini təsdiq edən sənədi versin, sonra onu yola salsınlar. O, isə istifadə etdiyi xidməti vəsiqəni təqdim etmişdir. Polis əməkdaşları baxdıqdan sonra onu yola salmışlar. Bir neçə saat sonra onun mobil telefonuna SMS gəlmişdir. Oxuduqdan sonra bilmişdir ki, onu saxlayan polis əməkdaşları ona cərimə yazmışlar. O, qeyri-qanuni cərimə ilə maraqlanmış və ona bildirilmişdir ki, 100 manat cərimə maskaya görə yazılmışdır. Lakin həmin vaxt onun maskası ağzında olmuşdur. Ona yazılan cərimə qeyri-qanunidir və ona xəbərdarlıq SMS gəlməmiş protokol yazılmışdır. Beləliklə o, barəsində çıxarılmış MN seriyalı ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Adgözəlov Emil Tariyel oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edlməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşı tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Adgözəlov Emil Tariyel oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Adgözəlov Emil Tariyel qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 450 və 451 nömrəli xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunmuşdur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı qərarda Adgözəlov Emil Tariyel oğlunun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması göstərilmiş və ona 100 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, Adgözəlov Emil Tariyel oğlu barəsində qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin Adgözəlov Emil Tariyel oğlunun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Adgözəlov Emil Tariyel oğlunun şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Adgözəlov Emil Tariyel oğlunun şikayəti qismən təmin edilsin. Adgözəlov Emil Tariyel oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1333/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1333/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver