Məhkəmə qərarları › İş №3(011)-1347/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1347/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1347/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC 36740.20 Avro məbləğində xarici valyutada olan vəsaiti 04 mart 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 36740.20 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Bununla bağlı 15 mart 2024-cü il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Mərkəzi Bankın və Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına üzrlü səbəb olmadan gəlməmişdir. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan köçürmə orderinin surətindən görünür ki, Şəxs MMC tərəfindən 04 mart 2022-ci il tarixində "xxxx" QSC vasitəsilə 36740.20 Avro məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarına əlavə edilmiş **********4562, **********1900, **********7902, **********2005 saylı gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC tərəfindən köçürülmüş pul vəsaitinin müvafiq olaraq 36516.00 AZN, 43460.45 AZN, 25435.38 AZN, 40487.42 AZN hissəsinin- ümumilikdə 145899.25 AZN hesabına alınmış mallar ölkəyə idxal olunmuşdur. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 15 mart 2024-cü il tarixində 36740.20 Avro məbləğində pul vəsaiti xaricə köçürülmüş, həmin məbləğ müqabilində olan mallar ölkəyə idxal olunmuşdur. Beləliklə əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar