Məhkəmə qərarları › İş №3(011)-1348/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1348/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1348/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X2 barəsində İİ Tağım polis baş serjantı X6 tərəfindən qəbul edilmiş 17.07.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş 17.07.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 16.07.2020-27.07.2020-ci il tarixlərində ezamiyyətə göndərilmişdir. Bu arada həyat yoldaşının anası ağır insult keçirtdiyi üçün ona baş çəkməyə qərar vermişlər. Bakı Şamaxı yolunun 31-ci kilometrində onları polis əməkdaşları yoxlamışlar və sonra vəziyyətin ciddiliyini başa düşüb onları buraxmışlar. Təxminən bir ay öncə hökümət portalında adlarına cərimə yazıldığı görmüşlər. Lakin o, ezamiyyətdə olmuşdur, barəsində protokol tərtib olunmamışdır və heç bir xəbərdarlıq edilməmişdir. Beləliklə o, barəsində İİ Tağım polis baş serjantı X6 tərəfindən tərtib olunmuş 17.07.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləmiş və əlavə olaraq ölkə ərazisini tərk etmək üçün müvafiq icazə sənədinin olmasını, barəsində tərtib olunmuş protokolun qanunsuz və əsassız olduğunu, onun tərəfindən heç bir inzibati xəta törədilməməsini bildirərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İİ Tağım polis baş serjantı X6 tərəfindən tərtib edilmiş 17.07.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İcazə.e-gov.az saytından əldə olunmuş çıxarışdan görünür ki, X3 22.07.2020-ci il tarixdən 05.08.2020-ci il tarixədək olan müddətdə ölkə ərazisi üzrə mavafiq icazə hüququ verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında 30 mart 2020-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılmışdır; Həmin qərarının 2-ci hissəsində göstərilmişdir ki, müəyyən edilsin ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, 4.3. infrastruktur sahəsi üzrə: 4.3.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması); 4.3.2. elektrik enerjisinin istehsalı və təchizatı fəaliyyətinin davam etdirilməsi hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə 17 iyul 2020-ci il tarixli, 255 nömrəli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. İş materiallarından görünür ki, İİ Tağım polis baş serjantı X6 tərəfindən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, 17.07.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol tərtib olunarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl olunmuşdur. X1 izahatında göstərdiyi xüsusat, yəni onun ölkə ərazisi üzrə müvafiq icazə sənədinin olması ilə bağlı məhkəmə qeyd edir ki, X3 22.07.2020-ci il tarixdən 05.08.2020-ci il tarixədək olan dövr üçün ölkə ərazisində sərbəst hərəkət etmək üçün icazə verilmiş, lakin onun barəsində protokol icazə sənədinin olduğu dövr üçün deyil, 17.07.2020-ci il tarixdə tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərinə riayət etməyərək karantin rejimi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İİ Tağım polis baş serjantı X6 tərəfindən qəbul edilmiş 17.07.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİ: X2 barəsində İİ Tağım polis baş serjantı X6 tərəfindən qəbul edilmiş 17.07.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar