Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1348/2024 29.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə X1 Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol barədə SMS məlumat xx.xx.2024-cü il tarixində ona çatdırılmışdır. Ancaq şəxsi kabinetində protokol barədə hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 12:48-də və təkrarən xx.xx.2024-cü il tarixdə saat 11:37- də özünü X8 İdarəsinin əməkdaşı onun xx.xx.2023-cü il tarixdə Xətai rayonu, Nəcəfqulu Rəfıyev küçəsində yol hərəkəti qaydalarını pozduğunu və bunu həmin ərazidə yerəşən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi ilə aşkarladığını və bunu araşdırmaq üçün onun Bakı şəhər Baş X8 İdarəsinə getməsinin zəruri olduğunu bildirmişdir. X4 onu bununla bağlı dövlət orqanına çağırmasının qanuna zidd olduğunu və törətdiyi iddia edilən pozuntunun 20 gün əvvəl baş verdiyini və inzibati xətanın foto və ya video qeydiyyat funskiyasına malik xüsusi texniki avadanlıq vasitəsilə qeydiyyatı zamanı İXM-də xüsusi qaydanın mövcud olduğunu bildirmişdir. Həmin protokol əsasında xx.xx.2024-cü il tarixində inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Qərara əsasən, 150 manat məbləğində cərimə və 4 balla inzibati tənbeh tətbiq edilmişdir. Barəsində xx.xx.2023-cü il tarixində baş vermiş yol hərəkəti pozuntusuna görə inzibati xəta haqqında protokol tərtib olunmasına baxmayaraq xx.xx.2024-cü il tarixində istifadəsində olan nəqliyyat vasitəsini DİN BDYPİ-nin müvafiq texniki baxış şöbəsində texniki baxışdan keçirilmişdir. Texniki baxış zamanı barəsində tərtib olunmuş heç bir inzibati xəta haqqında protokola və ya cəriməyə rast gəlinməmişdir. Bu xüsusatları nəzərə alaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsi və şikayətçi məhkəməyə gəlməmişdir. Məhkəmə işə Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-239/2024 saylı qərarından görünür ki, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul olunmuş 22 yanvar 2024-cü il tarixli qərar ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün Qanunun müddəaları açıq şəkildə pozulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunduğu üçün inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxtda elektron qərar çıxarılmalı olduğu halda inzibati xətanın törədildiyi vaxtdan bir neçə gün sonra protokol tərtib olunmuş və onun əsasında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallar müəyyən edildikdə qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanunvericilikdə nəzərdə tutulmuş qaydalar pozulmaqla tərtib olunduğu üçün ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində olan Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1348/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1348/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver