Məhkəmə qərarları › İş №3(011)-1350/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1350/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1350/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyinin nümayəndələri X2 və X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyi tərəfindən daxil olmuş 14 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, yoxlama zamanı şirkətin balansında olan gəmilərə (nəqliyyat vasitələrinə) baxış keçirilməsinə şərait yaradılmamış, mane olunmuş və yoxlamaya dair sənədlər təqdim olunmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyinin nümayəndələri X5 izahat verərək göstərdi ki, şirkətin balansında olan gəmiyə baxış keçirtmək istəmişlər, lakin gəminin limanda olmadığı müəyyən olunmuşdur. Bu barədə sənəd və müqavilə onlara təqdim olunmamışdır. Təhlükəli yük daşımalarına dair sorğular verilmiş və müsbət cavab alınmışdır. Bu səbəbdən də Şəxs barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahat verərək göstərdi ki, yoxlanılma keçirilməsi şirkətə bir gün öncə xəbər edilib. Gəmilər “Caspian Marine Services B.V.” balansında göstərilməsinə baxmayaraq, həmin gəmilər icarəyə verilib və məsuliyyəti də icarədar daşımalıdır. Bununla bağlı müqavilə təqdim olunmuşdur. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, yoxlanılma keçirilmədən əvvəl bütün məlumat verilmişdir, ola bilər ki, poçtda gecikmə olub. İzləmə kodu var, lakin hazırda təqdim edə bilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 14 mart 2024-cü il tarixli Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyinin 011/18 №-li yoxlama aktından görünür ki, yoxlama zamanı aşağıdakı qanun pozuntuları aşkar edilmişdir: 1) Şirkətin balansında olan gəmilərin texniki təhlükəsizlik bəyannaməsi mövcud deyildir (Texniki Təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu maddə 14 və 15); 2) Şirkətin balansında olan təhlükəli yük daşıyan gəmilərin heyətinin təhlükəli yük daşınmasına dair biliklərinin artırılması və yoxlanılaraq attestasiyadan keçirilməsi aparılmamışdır (Texniki Təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu maddə 10); 3) Şirkətin mütəxəssis və vəzifəli şəxslərinin ixtisaslarının təkmilləşdirilməsi aparılmamışdır (Texniki Təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu maddə 9). Yoxlama zamanı şirkətin balansında olan təhlükəli yük daşıyan gəmilərinə baxış keçirilməsinə şərait yaradılmış, mane törədilmiş və yoxlamaya dair sənədlər təqdim edilməmişdir. KY242080216 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamalrın vahid məlumat reyestrindən çıxarışdan görünür ki, 11 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixə kimi Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən plan üzrə (növbəti) yoxlama keçirilməsi təşkil olunmuşdur. Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyinin rəisi Vüsal Ağayev tərəfindən yoxlamanın aparılması haqqında 0791/18 nömrəli 15 fevral 2024-cü il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialında 11 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək yoxlama aparılmışdır. “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyinə ünvanlanmış 15 aprel 2024-cü il tarixli məktubundan görünür ki, "Caspian Marine Services B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialı (CMS) digər şirkətlərdən icarəyə götürdüyü gəmiləri sorğu əsasında müştəri şirkətlərin icarəsinə təqdim edilməsi xidmətlərini göstərir. Gəmilərin icarəyə verilməsi prosesi beynəlxalq dəniz hüququ sistemində geniş istifadə edilən taymçarter müqaviləsi əsasında həyata keçirilir. Bu müqaviləyə görə gəmi sahibi şərtləşdirilmiş haqq müqabilində gəmini və gəmi heyəti üzvlərinin xidmətlərini icarəyə götürənə müəyyən müddətə istifadəyə verməyi öhdəsinə götürür. Belə ki, icarəyə götürülən gəminin icarəyə götürən müştəri şirkət tərəfindən icarə müddəti ərzində hansı məqsədlər üçün istifadə ediləcəyi birmənalı olaraq icarəyə götürən şirkətin mülahizəsinə uyğun olaraq tənzimlənir. Başqa sözlə, icarə müddəti ərzində gəmi sahibi nəinki daşınan yüklərə görə məsuliyyət daşımır, ümumiyyətlə, bu barədə heç bir məlumata sahib deyildir. Odur ki, Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyi tərəfdən ünvanlanan məktubun mətnində istinadlar verilmiş normativ aktların tələblərinin yerinə yetirilməsi məsuliyyəti yalnızca gəmilərin icarəyə götürülməsi xidmətlərindən istifadə edən şirkətlərdir. CMS-in Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyi tərəfdən tələb olunan məlumatlara ümumiyyətlə sahib olmadığını və müvafiq olaraq, bu məlumatları onlara təqdim etmək imkanının olmadığını nəzərə alaraq, təhlükəli yüklər ilə bağlı müvafiq sorğunun gəmilərin icarəyə götürülməsi xidmətlərindən istifadə edən şirkətlərə ünvanlanmasını xahiş etmişlər. 05 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyinin məlumatların təqdim edilməsi haqqında məktubundan görünür ki, "Caspian Marine Services B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialının və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X9 Donanmasının balansında olan gəmilərlə təhlükəli yüklərin liman ərazilərindən daşınıb-daşınmaması barədə məlumatların təqdim edilməsi ilə bağlı 31 avqust 2023-cü il tarixli 3-18-3/2-9447/23 nömrəli məktuba Dövlət Dəniz və Liman Agentliyində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirmişlər ki, məktubda adıçəkilən qurumların balansında olan gəmilərlə liman ərazilərindən təhlükəli yüklər daşınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 602.4-cü maddəsinə əsasən, Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, sahibkar tərəfindən yoxlama prosesində yoxlamanı aparan şəxslərə mane olma, yəni yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan yerlərə baxış keçirilməsinə mane olma İXM-in 602.4-cü maddəsi ilə inzibati məsuliyyət yaradır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Götürülmüş sənədlərin əsli yoxlayıcı tərəfindən yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara qaytarılmalıdır. Həmin qanunun 20.7-ci maddəsinə əsasən yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə yoxlanılan sahibkarın fəaliyyət üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirir. Yoxlayıcı baxışın keçirilməsi haqqında protokol tərtib edir. Yoxlayıcı tərəfindən bu Qanunun 20.1-ci, 20.5-ci və 20.9-cu maddələrində müəyyən edilmiş vəzifələrə riayət edildiyi və sahibkarın bu Qanunun 20.2-ci, 20.11-ci və 20.12-ci maddələrində nəzərdə tutulmuş hüquqlarına maneçilik törədilmədiyi halda, sahibkar yoxlama prosesində bu Qanunun 20.7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş yerlərə (obyektlərə) baxış keçirilməsinə mane olmamalıdır. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1000 (bir min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1000 (bir min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar