Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1359/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin X7 Şöbəsinin yolpatrul xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai RPİ-nin X7 Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 15 mart 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1359/2022 saylı 17.03.2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, barəsində 500 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-849/2022 saylı 15.04.2022-ci il tarixli qərarına əsasən Şəxs şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 1359/2022 saylı 17.03.2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun barəsində guya onun hərəkətlərində avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər olduğundan, 15 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir. Əslində isə, 15 mart 2022-ci il tarixdə axşam saatlarında “Volkswagen” minik markalı, **-MB- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər bulvarı istiqamətində hərəkəti bitirib dayanan zaman YPX əməkdaşı ona yaxınlaşıb əvvəl guya sağa dönmə qaydasını pozduğunu, sonradan isə guya sürət həddini aşdığı bahənələri ilə cərimələcəyini bildirmişdir. O isə heç bir qayda pozuntusuna yol vermədiyini dedikdə, “bayram axşamıdır, bayram payımızı ver gedək” demişdir. O isə bu qanunsuz təkliflə razılaşmamışdır. Bundan sonra YPX əməkdaşı onunla hədəqorxu ilə danışaraq, avtomobilin cərimə meydançasına gedəcəyini və işin məhkəməyə gedəcəyini ona “sutqalıq həbs” veriləcəyi ilə hədələmişdir. Beləliklə, YPX əməkdaşı onun hüquqi savadsızlığından istifadə edərək onun barəsində tamamilə əsassız, qanuna-zidd, həqiqətə uyğun olmayan protokol tərtib edib materialları məhkəməyə göndərmişdir. Lakin hadisə zamanı qeydə alınmış videogörüntü və digər sübutlar ona təqdim olunmamışdır. Odur ki o, göstərilənləri nəzərə alaraq onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında vəkil X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə eyni məzmunlu izahat verərək əlavə olaraq qeyd etmişdir ki, Şəxs barəsində 15 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir. İnzibati protokolda və iş materiallarında “müxtəlif üsullarla davamlı olaraq yol hərəkəti qaydalarını pozmuşdur” qeyd olunsa da, konkret olaraq hansı formada, hansı şəraitdə yol hərəkəti qaydalarının hansı normasına zidd hərəkət olunduğu, pozuntunun nədən ibarət olması göstərilməli olduğu halda bu edilməmiş, həmin hissədə sadəcə İXM maddəsi və kimin inzibati xəta törətməsi qeydi aparılmaqla kifayətlənilmişdir. Həmçinin, ona protokol yazmaq üçün mütləq video sübut olmalı idi. Həmin video sübut isə hər hansı şəxsi telefon və ya kamera ilə yox, dövlət tərəfindən ayrılmış sertifikatlaşdırılmış və kolibrə olunmuş xüsusi elektronik qurğu ilə çəkilməlidir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Odur ki, o, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mütləq əlamətləri olmadığını nəzərə alaraq onun barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİnin X7 Şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 izahat verərək protokolda qeyd olunan halları bir daha təsdiqləmiş və Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq o, qeyd etmişdir ki, inzibati xəta hadisəsinin videogörüntüsü yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin X7 Şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş 15 mart 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin tələblərini pozması əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai RPİ-nin X7 Şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 15.03.2022-ci il tarixli raportunda Şəxs avtomobili yüksək sürətlə idarə edib manevr qaydasını pozaraq dönmə işığından istifadə etmədən sağ zolağa çıxıb ötmə əməliyyatı apardığını, bundan sonra yenidən yerdəyişmə edərək digər hərəkət iştirakçılarına maneə yaradıb avtomobili təhlükəli idarə etdiyini, bundan sonra otel istiqamətində hərəkət edərək dairəvi hərəkət təşkil olunmuş yerdə dairəvi hərəkətdə olarkən dayanıb digər hərəkət iştirakçılarında çaşqınlıq yaratdığını qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə, Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu, tərəflərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bununla da qanunvericiliyə görə həmin maddə ilə inzibati xətanın obyektiv tərəfi aşağıda göstərilən 2 əlamətlə xarakterizə edilir: 1) mexaniki nəqliyyat vasitəsinin qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması; 2) yolun səthində çoxsaylı təkər izlərinin buraxılması. Əməlin yuxarıda qeyd edilən İXM-nin 511.1.3-cü maddəsi ilə əhatə olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv cəhətinin yuxarıda göstərilən əlamətlərinin hər hansı biri mövcud olmalıdır. Lakin Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin obyektiv tərəfini təşkil edən hərəkətlərə yol verilməsi nə iş materiallarına əlavə olunmuş sənədlərdə, nə də ki 15.03.2022-ci il tarixli raportda öz əksini tapmamışdır. Bundan əlavə qeyd edilən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilməsində əsas sübut növlərindən biri olan, törədilməsi ehtimal edilən inzibati xətanın görüntülərini özündə ehtiva edən müvafiq videogörüntülərdir. Lakin məhkəmə iclasında çıxış edən Bakı şəhəri Xətai RPİ-nin X7 Şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 izahatında inzibati xəta hadisəsi törədilən zaman heç bir videogörüntünün qeydə alınmadığını bildirmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai RPİ-nin X7 Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadığından Şəxs barəsində əsassız olaraq 15 mart 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1359/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1359/2022
02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver