Məhkəmə qərarları › İş №3(011)-136/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-136/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-136/2023 25.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, X1 və Bakı şəhəri Xətai rayon DYPŞ-nin inspektoru X5 iştirakları ilə Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 14 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 14 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv olunmasını və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, 12 oktyabr 2022-ci il tarixdə Xətai rayonu Ukrainski dairəsindən dönmə işığını yandıraraq Həzi Aslanov metrosu tərəfə **-PT-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olduğu zaman yüksək surətlə arxadan hərəkət edən **-ZS-*** dövlət nömrə nişanlı “Mercedes” minik markalı avtomobil Gəncə prospekti istiqamətinə hərəkət edərkən ona məxsus olan avtomaşını vurmuşdur. O, 13 oktyabr 2022-ci il tarixdə Xətai rayon DYPŞ yaxınlaşmış və ona günahın onda olması bildirilmişdir. Belə ki, ona heç bir səbəb və əsas göstərilmədən, görüntü təqdim edilmədən və ekspertiza təyin edilmədən barəsində əsassız və qərəzli olaraq inzibati qərar qəbul edilmişdir. İnzibati tənbeh etmə haqqında qərardan şikayət vermiş şəxs X6 məhkəmə iclasında şikayətinin məzmununa uyğun izahat verərək əlavə olaraq Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 14 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv olunmasını və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon DYPŞ-nin inspektoru X8 izahat verərək bildirmişdi ki, 12 oktyabr 2022-ci il tarixdə Xətai rayonu Ukrainski dairəsində yol nəqliyyat hadisəsi baş vermiş və həmin nəqliyyat hadisəsində X4 əməlində inzibati xəta tərkibi olduğundan həmin şəxs barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin şəxsə video görüntü təqdim edilmiş və ona xəta tərkibinin nədən ibarət olması başa salınmışdır. Belə ki, X2 gələn “Mercedes” markalı avtomaşına yol verməli olduğu halda bunu etməmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 14 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərar əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şikayəti, şikayətçinin izahatını, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 14 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə “Nissan Sunny” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai rayon Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli 14 oktyabr 2022-ci il tarixli qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(103)-3016/2022 saylı qərarı ilə Bakı şəhəri Xətai rayon Dövlət yol polis şöbəsinin rəisi Cavanşir Ələkbərov tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin X4 barəsində olan 04 noyabr 2022-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 8/3468 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Nissan Sunny markalı 77PT983 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Mercedes Benz 220 markalı 99ZS244 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarında olan video görüntüyə baxış zamanı müəyyən edilmiş ki, X6 ona məxsus olan “Nissan Sunny” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ukrainski dairəsində “Həzi Aslanov” metro stansiyasına hərəkət edərkən dairənin və Nəimi Məmmədovun sağ tərəfindən hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi Gəncə prospekti istiqamətində hərəkət etmək istərkən manevr qaydasını pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, toqquşan nəqliyyat vasitələri Ukrayna dairəsində hərəkətdə olarkən “Mercedes” markalı avtomaşının Nəimi Məmmədovun idarə etdiyi “Nissan Sunny” markalı avtomaşına münasibətdə sağ tərəfdən hərəkət etdiyindən hərəkət üstünlüyü “Mercedes” markalı avtomaşında olmuşdur. Nəimi Məmmədov hərəkət üstünlüyü olan “Mercedes” markalı avtomaşına yol vermədiyinə görə “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin X hissəsini pozaraq, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Buna görə də məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 14 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub QƏRARA ALDİM: X4 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 14 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar