Məhkəmə qərarları › İş №3(011)-1390/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1390/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1390/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 36-cı PB-nin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xətai RPİ-nin 36-cı Polis Bölməsi tərəfindən çıxarılmış MN seriyalı ******* saylı xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən barəsində MN ******* seriyalı, xx.xx.2021-ci il tarixli protokol tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə isə həmin protokola əsasən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sözügedən qərar ona xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Aşağıda qeyd edilən xüsusatlara əsasən hesab edir ki, barəsində tərtib edilmiş qərar qərəzlidir və qanunsuzdur. Qərarda adı qeyd edilən “Kristal Çay” evini o, tanışı olan Süleymanov Elçin adlı şəxslə birgə işlədirlər. İş rejimi ağır olduğundan günün müxtəlif saatlarında bir birlərini əvəz edirlər. Polis əməkdaşlarının iddia etdikləri inzibati xəta pozuntusu aşkar olunduğu vaxt obyekt Süleymanov Elçinin idarəçiliyində olmuşdur. Obyektə polis əməkdaşlarının daxil olduğu ona telefon vasitəsi ilə xəbər verildikdə obyektə getmişdir. Polis əməkdaşları ondan və Süleymanov Elçindən şəxsiyyt vəsiqələrini götürmüşlər və barələrində inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmişlər. Bu vaxt Süleymanov Elçin protokolun onun barəsində yazılmasını xahiş etmişdir. Buna razılıq verən polis əməkdaşları çəkilib kənarda protokolu onun barəsində tərtib edərək ona imzalamağı təklif etmişlər. Həmin vaxt protokola etiraz edərək qeyd hissəsində həmin protokolun səhv yazıldığını qeyd etsədə buna məhəl qoyulmayaraq barəsində qanunsuz qərar qəbul edilmişdir. Bu halda barəsində qəbul edilmiş qərar qərəzlidir, qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir. Buna görə də, Bakı şəhər Xətai RPİ-nin 36-cı Polis Bölməsi tərəfindən çıxarılmış MN seriyalı ******* saylı xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 36-cı PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhər Xətai Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Bakı şəhər Xətai Rayon Polisi İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 36-cı PBnin, əməkdaşı tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 pandemiya qaydalarını pozduğu əsas gətirilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 36-cı PB-nin, rəisi polis polkovnik leytenantı X8 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2021-ci il tarixdə saat 20:00-da X.Məmmədov küçəsi 11 ünvanında yerləşən “Kristal Çay” evini icarəyə götürərək işlətdiyi və pandemiya qaydalarını pozaraq qəlyan verdiyi əsas gətirilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmiş və barəsində vəzifəli şəxs qismində 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında X6 bildirmişdir ki, polislər protokol tərtib edərkən qərəzli mövqe göstərmişlər, çünki həmin vaxtı çay evində heç kimə qəlyan verilməmişdir. Ümumiyyətlə onun həmin çay evində vəzifəli şəxs olmadığını, çayxanada qeyri rəsmi olaraq dostuna köməklik etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 izahatında qeyd etmişdir ki, protokol tərtib olunan zaman X.Məmmədov küçəsi 11 ünvanında yerləşən “Kristal Çay” evində olmuşdur və həmin vaxt çay evində müştərilərə qəlyan verilməmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X9 izahatında X3 çıxışı ilə tam razı olduğunu bildirmiş, polis əməkdaşları tərəfindən protokol tərtib edilərkən çay evində olduğunu bildirmiş, həmin vaxt çay evi adi iş rejimində fəaliyyət göstərmiş, heç kimə qəlyan verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 icarəyə götürərək işlətdiyi “Kristal Çay” evində xx.xx.2021-ci il tarixdə saat 20:00-da müştərilərə qəlyan vermədiyi halda polis əməkdaşları tərəfindən əsassız olaraq cərimə olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, X6 211.1-ci maddəsi ilə vəzifəli şəxs qismində 4000 manat miqdarında cərimə edilmişdir, lakin iş materiallarında X4 vəzifəli şəxs olmasını təsdiq edən heç bir sənəd yoxdur. X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar saat 00:00-dək uzadılmış, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 511 nömrəli Qərarının 1-ci hissəsində “31 yanvar” sözləri “1 aprel” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti xx xxxxxxxx 2020-ci il tarixli Qərarı ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə qəlyan avadanlıqlarından istifadə etmək qadağan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhər Xətai Rayon Polisi İdarəsinin Polis İdarəsinin 36-cı PB-nin üzərinə qoyulsa da, adı çəkilən orqan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Əksinə məhkəmə iclasında iştirak edən şahidlərin ifadələrindən görünür ki, “Kristal Çay” evində müştərilərə qəlyan verilməsi faktı onların ifadələri ilə təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, iş materiallarını, şahid izahatlarını araşdıraraq, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Bakı şəhər Xətai Rayon Polisi İdarəsinin Polis İdarəsinin 36-cı PB-nin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Bakı şəhər Xətai Rayon Polisi İdarəsinin Polis İdarəsinin 36-cı PB-nin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar