Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1391/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, X1 iştirakı ilə, Baş X8 İdarəsinin 06 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X8 İdarəsinin 06 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və iş ürə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində X3 məxsus **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Üzeyir Hacıbəyli 40 ünvanında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla bağlı barəsində İXP ******* nömrəli elektron protokol tərtib edilmiş, lakin onun surəti X3 təqdim edilməmişdir. Həmin gün də adında olan və istifadə etdiyi +**********65 telefon nömrəsinə "AsanPay" xidmətindən aşağıdakı mövzuda SMS daxil olmuşdur: "X6 Sizin İXP6158482 protokol üzrə xx.xx.2024 tarixindən etibarən icra qərarı qüvvəyə minib." Buna baxmayaraq, sözügedən qərarın çıxarılması üçün işə baxılmasının yeri və tarixi barədə ona qabaqcadan məlumat verilməmişdir. Sözügedən qərarın çıxarılması ilə İnzibati Xətalar Məcəlləsinin aşağıdakı tələbləri pozulmuşdur: 61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 109.1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması. Sözügedən pozuntular, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmamasına səbəb olduğuna görə, İXP ******* nömrəli protokol üzrə X3 münasibətdə qəbul edilmiş qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı şəhər X8 İdarəsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması və barəsində tərtib edilmiş 06 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilərək işə xitam verilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər DYPİ nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 72 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş X8 İdarəsinin 06 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş X8 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Baş X8 İdarəsinin 06 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Baş X8 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1391/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1391/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver