Məhkəmə qərarları › İş №3(011)-1399/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1399/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1399/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi İlham Rüstəmovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Tovuz rayonu, Abulbəyli yaşayış ərazisində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 06 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 2 xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu ildən başlayaraq hər ay aylıq qazancının ¼ hissəsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4870/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit 160 manat məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin borclu üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun hal-hazırda 31930.45 manat məbləğində borcu vardır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, borclunun izahatı alınmışdır. Lakin, borclu tərəfindən icra sənədləri üzrə yaranmış aliment borcu tam olaraq ödənilməmişdir. Odur ki, borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir və hal-hazırda ödənilməli olan borc məbləği 23218.69 manat təşkil edir. Beləliklə, göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, ünvan 2 xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən ondan X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu ildən başlayaraq hər ay aylıq qazancının ¼ hissəsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4870/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. İcra sənədi üzrə olan borcunu ödəməkdən imtina etməmişdir və bu vaxtadək aliment borcundan mütəmadi olaraq ödənişlər etmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda onun ödəməli olduğu aliment borcunun 31930.45 manat təşkil etməsi qeyd edilsə də, həmin məbləğ həqiqəti əks etdirmir. Belə ki, onun xx.xx.2021-ci il tarixdən etibarən ümumiyyətlə borcu yoxdur, əvvəlki borcundan isə təxminən 10000 manat məbləğində ödəniş etmişdir. Halhazırda mülkiyyətində daşınmaz əmlak vardır və həmin əmlak satıldığı təqdirdə icra sənədləri üzrə olan borcunu ödəyəcəkdir. Hal-hazırda aliment borcundan 5000 manat ödəməyə hazırdır. Həmçinin, qeyd etməlidir ki, övladı X5 artıq 9 aydır ki, onun himayəsindədir və onunla birlikdə yaşayır. Bundan başqa o, bir müddət işsiz qalmışdır, bu səbəblədə borcunu tam olaraq ödəyə bilməmişdir. Odur ki, o, qeyd olunanların nəzərə alınaraq barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi İlham Rüstəmov izahat verərək bildirmişdir ki, ünvan 2 xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu ildən başlayaraq hər ay aylıq qazancının ¼ hissəsinin və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4870/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit 160 manat məbləğində alimentin Şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən tam olaraq ödənilmədiyi üçün bugünədək olan borcu 31930.45 manat təşkil edir. Beləliklə o, icra məmuru tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşdığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilərək həbs edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ünvan 2 xx.xx.2010-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu ildən başlayaraq, cavabdeh Şəxs hər ay aylıq qazancının ¼ hissəsinin aliment qismində tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4870/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-581/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı artırılmış, 30 iyul 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 160 manat məbləğində sabit pul şəklində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir; icraata başlama haqqında 25 iyul 2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4870/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4870/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində qeyd olunan tələbi icra etmədiyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-203/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, ünvan 2 xx.xx.2010-cu il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-581/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqələri üzrə aliment borcu üzrə hesablamalar yenidən aparılaraq xx.xx.2020-ci il tarixinə olan aliment borcunun məbləği 31495.45 manat müəyyən olunmuşdur; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin rəisi vəzifəsini icra edən ədliyyə müşaviri Vüqar Qasımov tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, ünvan 2 xx.xx.2010-cu il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4870/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə borclu Şəxs xx.xx.2023-cü il tarixinədək tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməli olan aliment borcu 23218.69 manat məbləğində müəyyən edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmiş, Bak Apelyasiya məhkəməsinin 27 yanvar 2020ci il tarixli qərarı ilə həbs cəzası 500 manat miqdarında cərimə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 07 aprel 2023-cü il tarixli aktdan görünür ki, məhkəmə prosesi zamanı borclu Şəxs tərəfindən 23218.69 manat məbləğində olan borcdan 5000 manat məbləğində ödəniş olunmuşdur; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi, ev 7, 62 saylı mənzil və Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Borclu isə icra sənədi üzrə olan borcundan mütəmadi olaraq ödənişlər etmişdir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 2 xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu ildən başlayaraq hər ay aylıq qazancının ¼ hissəsinin və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4870/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit 160 manat məbləğində alimentin Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu ödənişləri vaxtında etmədiyinə görə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlb edilmiş və bundan sonra məsuliyyəti dərk edərək icra sənədinə əsasən təyin edilmiş borcdan xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat məbləğində ödənişlər etmişdir. Həmçinin, məhkəmə iclasında borclu Şəxs tərəfindən əlavə olaraq 5000 manat məbləğində ödəniş edilmiş və hal-hazırda onun 18218.69 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bundan başqa iş materiallarında olan elektron çıxarışlardan görünür ki, Şəxs mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi, ev 7, 62 saylı mənzil və Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi vardır. Məhkəmə qeyd edir ki, həmin fərdi yaşayış evinə icra sənədi üzrə aliment borcu yönəldilsə də, alıcı olmadığından hərracdan satılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin evin satılmasına etiraz etməmiş, heç bir maneə törətməmişdir. Məhkəmə iclasında da Şəxs qeyd etmişdir ki, hərracdan satıla bilməməsinə baxmayaraq həmin evi satışa qoymuşdur və satılan kimi aliment borcunu ödəyəcəkdir. Göründüyü kimi Şəxs üzrsüz səbəbdən aliment borcunu ödəməməsi halı mövcud deyildir. Həmçinin Şəxs vəkil kimi də fəaliyyət göstərir, icra məmuru tərəfindən aliment borcunun onun aylıq qazancına yönəldilməsi istiqamətində də hər hansı bir icra tədbiri görülməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar